Nə qədər ki, Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamamdır, suyun yarısı “itkiyə” gedəcək
Zaman-zaman Azərbaycanda adı korrupsiyada hallanan məmurların dövlətin və xalqın malını talan edib daşıdıqları xarici ölkələrdə övladlarının adına şirkətlərinin üzə çıxması cəmiyyətimizdə hiddətlə qarşılanır. Az öncə deputat Cavanşir Feyziyevin İngiltərədəki kapitalına həbs qoyulması xəbəri paylaşılandan sonra onunla təhqir etdiyi jurnalistlar arasında çıxan dava hələ də gündəmdədir.
Bu “şanlı” siyahıda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Rafiq Aslanovun da adı vardır. Yayılan informasiyaya görə, Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir dönəmdə Rafiq Aslanov Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil alıb.
Efirdəki çıxışlarından birində suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir. Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır.
İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var.
Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar.
Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Zeynalovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köhnə kadrlar iş başındadır, suyun yarısı “itkiyəı” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq.
(Mənbə : azerinfo.az)
Paralel.az