Ramiz Mehdiyevin hazırda vəzifədə olan qohumlarının siyahısı

Ramiz Mehdiyevin hazırda vəzifədə olan qohumlarının siyahısı
 

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən istefa verdikdən sonra belə bu yöndəki müzakirələr səngiməyib.

Xatırladaq ki, sabiq AMEA prezidenti qurumun Rəyasət Heyətinin iclasında istefasının son günlər Akademiya və şəxsən onun özü haqda yayılan məlumatların heç bir təsiri olmadığını, postunu yaşı ilə əlaqədar tərk etdiyini bildirib.

Maraq doğuran məqam isə həm də odur ki, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk edən Ramiz Mehdiyev hələ də digər müxtəlif vəzifələr tutur.

Paralel.az  Sfera.az-a istinadən xatırladır ki, Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

Onun digər postlarından biri isə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası ilə bağlıdır. O, sözügedən qurumun rəhbəri vəzifəsini icra edir.

Eyni zamanda Ramiz Mehdiyevə bağlı olan xeyli sayda məmurlar da iş başındadır. Bundan başqa, onun vəzifə sahibi olan qohumlarının da sayı az deyil.

Kimdir onlar?

Bu siyahıda ilk ağla gələn şəxs sabiq AMEA rəhbərinin oğlu Teymur Mehdiyevdir. Belə ki, o, 5 may 2014-cü il tarixindən Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır.

İndi isə cənab Mehdiyevin digər vəzifəli qohumları ilə tanış olaq:

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışıb. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, Ramiz Mehdiyevin qardaşı oğludur.

Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və R.Mehdiyevin qardaşı oğludur.

Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri.

Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis.

Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri.

Həmçinin son məlumatlara görə, Ramiz Mehdiyev AMEA-da olduğu müddətdə kürəkəninin qardaşına da vəzifə vermişdi. O, ötən il kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin etmişdi.

İ.Əliyevin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyevisə, prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib.

Eyni zamanda Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumları da az  olmadığı haqqında məlumatlar var.

Bundan başqa, ölkə mətbuatında Ramiz Mehdiyevə və ailə üzvlərinə məxsus olduğu qeyd olunan şirkətlərin siyahısını təqdim edirik.

Qeyd edək ki, siyahıda göstərilən şirkətlərin əksəriyyətinin Mehdiyevlərə məxsus olması rəsmi mənbələrdə də öz əksini tapıb.

Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın İstiqlaliyyət küçəsində yerləşən mənzili iki şirkətin – “İnfonet” MMC və “Kaspian Telekom” MMC-nin hüquqi ünvanı olaraq göstərilir. Bu şirkətlər yaradılanda qeydiyyat orqanına ünvan sənədi kimi Kamilə Əliyevanın mənzilinin mülkiyyət sənədi təqdim olunub.

“Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb. Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir.

“Skay Maks” MMC 6 mart 2007-ci il tarixində qeydiyyata alınıb. Bu şirkətin təsisçisi Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Şirkət fiber optik texnologiya bazasında Ailə TV brendi altında kabel televiziyası yayımını, “Ailə NET” brendi altında internet xidmətlərini, “A Media” brendi altında reklam xidmətlərini Bakı və Gəncə şəhərlərində əhaliyə təqdim edir. Şirkət korporativ müştərilərə şəbəkə xidmətləri göstərən “Caspian Telecom” şirkətinə də sahibdir.

Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi mövcuddur (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC.

Ramiz Mehdiyevlər ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Grandezza” MMC də məxsusdur.

“Grandezza” ticarət mərkəzi Bakıda Nizami küçəsində (Torqovaya) 4-mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.

“Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub. Fikrət Əliyev keçmiş deputat – İlham Əli Səftər oğlu Əliyevin qardaşıdır. İlham Əliyev isə Ramiz Mehdiyevin kürəkənidir.

Ramiz Mehdiyevin ailə üzvlərinin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil.

Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. Bildirilir ki, Ramiz Mehdiyev ilə Fatma Abdullazadə arasında dava məhz “Şərq-Qərb” nəşriyyatda olan yeyinti nəticəsində əmələ gəlib.

O da qeyd edilməlidir ki, Ramiz Mehdiyev PA rəhbəri olanda əksər dövlət kitablar məhz bu nəşriyyatda dərc edilirdi.



0.017831087112427