Şikayət : “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli sahibkarın mağazasını əlindən alıb 

Şikayət : “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli sahibkarın mağazasını əlindən alıb 
 

Azərbaycanda uzun illərdi “kölgə” iqtisadiyyatı altında bir sıra iqtisadi sahədə cinayətkarlığın yuvasına çevrilmiş “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi  ölkəmizdə sahibkarlığın inkişafı və iqtisadi duruma öz oğru fəaliyyəti ilə ciddi zərbə vurur.

“Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyli  minlərlə sahibkarın vergi ödəyicisi kimi qeydə alınmamasına görə bir sıra qanunsuzluqlara yol verir. Minlərlə sahibkarı potensial narazı kütlə kimi şantaj alətinə çevirərək, kütləvi boykot və digər neqativ hallarla qorxu altında saxlayır. Dəfələrlə cənab Prezidentin çıxışlarında qanunsuzluqların aradan qaldırılmasına dair fikirlərini gözardı edən bir sıra dövlət orqanlarının rüşvətxor məmurları, belə cinayətkara dəstək verirlər.

Bu cür problemlərlə ölkədən didərgin salınan, mülkü əlindən alınan və çıxılmaz vəziyyətdə qalan sahibkarın şikayət ərizəsini diqqətinizə çatdırırıq:

“Mən Həsənov Əkrəm Hüseyn oğlu 2010-cu il tarixdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün Sədərək Ticarət Mərkəzi ərazisində “xalça bazarı” hissəsində ümumi sahəsi 240 kv.m olan 2 ədəd satış dükanı almışam.

Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə müqavilə bağlanan gün 240 000 (iki yüz qırx min manat) AZN dəyərində pul vəsaiti nağd şəkildə vermişəm  və bununla bağlı müqavilə imzalanıb və dükanlara dair zəruri sənədlər mənə təhvil verilmişdir. 2010-2018-ci illərdə dükanlar fəaliyyət göstərmişdir.  2018-ci ilin əvvəlində mənə bildirilmişdir ki, Ticarət Mərkəzinin satışa çıxarılması ilə əlaqədar dükanlarım geri qaytarılmalıdır.

Y.Qədimbəyli tərəfindən mülkiyyət hüquqlarım kobud şəkildə pozularaq qeyd olunan dükanlar üçün heç bir təzminat ödənişi və ya qanunla müəyyən edilmiş qaydaya uyğun olaraq etdiyim ödəniş geri ödənilmədən əlimdən alınmışdır.

Pozulmuş hüquqlarım və ailəmin maddi ehtiyacları, eləcə də dəymiş ağır maddi ziyanla əlaqədar məcburiyyət qarşısında Azərbaycanı müvəqqəti tərk edərək Ukraynaya fərdi əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər etmişəm.

Qeyri-qanuni əməllərinə görə “Sədərək” Ticarət Mərkəzinə qarşı 2020-ci ilin əvvəlində Qaradağ rayon məhkəməsində iddia qaldırılmışdır. Qaradağ Rayon məhkəməsi tərəfindən işə baxılarkən pozulmuş hüquqlarımın bərpası əvəzinə “Sədərək Ticarət Mərkəzi”nin rəhbərliyinin xeyrinə və mənafeyinə uyğun şəkildə süründürməçiliklə müşayiət edilən (saxta sənədlərin məhkəməyə təqdimi və qarşı tərəfin maraqlarının ön plana çəkilməsi) arzuedilməz qərar qəbul edilmişdir.

“Sədərək Ticarət Mərkəzi” tərəfindən yalan surətdə iddia edilmişdir ki, 01 dekabr 2011-ci il tarixdə mənə guya həmin firma tərəfindən müqavilənin ləğv edilməsinə dair məktub göndərilmişdir.

Əslində isə ekspertiza sübut etmişdir ki, dövlət orqanlarına məxsus saxta sənədlər hazırlanıb, lakin məhkəmə saxtakarlıq əməlinə göz yummuşdur.

Ekspertiza Rəyi daxil olmağına baxmayaraq məhkəmə təqdim etdiyimiz dəlilləri və sübutları iddianın təmin edilməsi üçün bilərəkdən tutarlı hesab etməmiş və prosesdə haqlı mövqeyimdən hər mənada məni məhrum etmişdir.

Apellyasiya şikayəti üzrə  “Sədərək” Firmasında 2010-cu il üzrə müqavilələrin qeydiyyat kitabı və bu kimi sənədlər  “Sədərək” Ticarət Mərkəzindən tələb olunsa da, həmin sənədlərin təqdim olunması mümkün olmamışdır. Əvəzində isə məhkəməyə çox gülməli və yalan bir açıqlama verilərək sənədlərin tamamı ilə yandığını bildirmişdir.

Apellyasiya Məhkəməsi qeyri-qanuni olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır.

Diqqətinizə çatdırırıq ki, şikayətçinin məhkəmə çəkişmələri hələ də davam edir. Ancaq susdurulan məhkəmə hakimləri Y.Qədimbəylinin hər vəchlə etdiyi qanunsuzluqlardan yayınmasına imkan yaradırlar.

Böyük məbləğdə pul ödənişinə dair bütün sənədlərin olmasına baxmayaraq məhkəmə orqanlarının “Mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.” kimi qərarı satılmış bir mövqedir. Yusif Qədimbəyli əlaqələri hesabına bu gün Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarların hüquqlarını belə tapdayır.  

Dövlət orqanlarına qeyd edilən problemlə əlaqədar müvafiq qaydada  müraciətlər edilib. Hazırda da aidiyyəti dövlət orqanları məsələ ilə bağlı mütəmadi olaraq məlumatlandırılırlar.”

Bütün bu yazılanlardan sonra ortaya bir sıra suallar çıxır.  Vergi öhdəliklərindən yayınan “Sədərək  Yusif” ləqəbli bu saxtakarı kimlər himayə edir? Ölkəmizin iqtisadi inkişafına zərbə vuraraq dövlətin torpağını qanusuz yolla sahibkarlara satıb sonra hədə-qorxu yolu ilə geri alan bu şəxsin arxasında kimlər var? Bax bu sualların cavabını isə ümüd edirik aidiyyatı orqanlar məsələnin işiqlandırılmasından sonra biganə qalmayacaq, cavablandıracaqlar. Cinayətkarlar layiqli cəzasını alacaq.

P.S. Yazı da adları çəkilən şəxslərin münasibətin öyrənməyə çalıçsaq da bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

Abdulla Əfəndizadə

Paralel.az

0.028050899505615