TIR-ların yolu bağlamasına görə vəzifəli şəxslər cəzalandırılıb?

TIR-ların yolu bağlamasına görə vəzifəli şəxslər cəzalandırılıb?
 
 

Paralel.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Söhbət paytaxtın H.Əliyev prospektindən gedir. Bir neçə TIR sürücüsü maşını yolun ortasında saxlayaraq nəqliyyatın hərəkətinə mane yaradıb.

TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları da cəlb olunur.

Paytaxtın Heydər Əliyev prospektində TIR-ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb.

Bu barədə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib: “Prospektə giriş-çıxış bərpa edilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə o qeyd edib.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıda TIR sürücülərinin yolu bağlamasına münasibət bildirib.

Xidmətdən qeyd edilib ki, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur:

“Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı – Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.

Bundan əlavə, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol vermiş, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub.

Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülmüş və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb”.

Vurğulanıb ki, Rəmiş Cəfərov tərəfindən əvvəllər də bir sıra qanun pozuntularına yol verilib:

“Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə Rəmiş Cəfərova avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş edib.

Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Rəmiş Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 01 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfet yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya Federasiyasının ərazisinə keçmiş və orada yükü naməlum şəxslərə təhvil vermiş, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edilərək onun işgüzar nüfuzuna xələl gətirilib”.

Açıqlamada o da bildirilib ki, bu il Rəmiş Cəfərov tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq icazələr alınmayıb:

“Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb. Onu da bildirmək istəyirik ki, Rəmiş Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdirilib. 

Qeyd edək ki, “İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır”.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda dörd yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

“Qaynarinfo.az”ın əldə etdiyi məlumata görə, iclasda nazirliyin yanında fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə DANX-ın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İdarə Heyətinin sədri Anar Rzayevə xəbərdarlıq verilməsi və şöbə müdiri Malik Lətif oğlu Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DANX-dan verilən açıqlamada bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Heç kim işdən çıxarılmayıb və xəbərdarlıq da almayıb”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında çıxışı zamanı deyib ki, bu gün müzakirə etdiyimiz mövzu bir daşıyıcının narazılığıdır: “Bu narazılığı ictimailəşdirməzdən qabaq da onun etirazları dinlənilmişdi. Kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz”.

O bildirib ki, həmin sahibkarla şəxsən özü də görüşüb:

“Mən onunla görüşdüyüm kimi digər sahibkarlarla da görüşmüşəm, izahatlar vermişəm. Onlara bölgü sisteminin necə olacağı ilə bağlı məlumat vermişik. Bunun çox təfərrüatına getmək istəmirəm. Belə deyim ki, defisit olan icazələri, mövcud olan yüklənmiş yükün qarşısında verək. Yəni, gömrük tərəfindən rəsmiləşdirilmiş sənədi təqdim edən nəqliyyat vasitəsinin həmin dəqiqə nömrəsi yazılır və icazəsi verilir. Hazırda da icazələr bu formada həyata keçirilir. Biz daşıyıcıları da məlumatlandırırıq.

Digər bölgü üsulu bazar payına uyğun olaraq həyata keçirilir. Böyük və kiçik daşıyıcılar var. Aydın məsələdir ki, böyük daşıyıcıların payı nisbətən daha böyük olmalıdır. Söhbət burada faizdən gedir, saydan yox. Bu mexanizm qurulub, daşıyıcılar da bundan razıdır. Hər kəs də bu icazələrdən istəyir. Amma hamı bilir ki, bu icazələr hər kəsə müəyyən bir pay kimi çatmalıdır. Elə bir şey yoxdur ki, kiməsə heç nə çatmasın, kiməsə çox çatsın. Hər kəs də bununla razılaşır və öz payını götürür. Bu daşıyıcıya da eyni qaydada pay verilib, mən şəxsən oktyabr ayında daşıyıcı ilə görüşüb, izah etmişəm. Daşıyıcı tərəfindən həmin vaxt bizə təqdim edilən sənədlərin tam reallığı əks etdirməməsi aşkarlanıb. Bir neçə ay davam edən müzakirələrdən sonra nəhayət daşıyıcı razılaşdı ki, sənədlər tam reallığı əks etdirmir. Ona da izah verildi. Bildiyim qədər bu daşıyıcının 30-a yaxın avtomobili var. Kiçik bir daşıyıcının payını 150-200 maşını olan böyük daşıyıcının payından çox etmək ədalətli olmaz. Daha çox pay istəyir, amma biz bu payı ona vermək üçün digər daşıyıcıların payından götürməliyik. Bu halda ədalətli bölgü pozulur, bu isə digər daşıyıcıların ciddi narazılığına səbəb ola bilər”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq almasına dair yayılan iddialara münasibət bildirərkən deyib ki, nazir tərəfindən bu hadisə ilə bağlı xəbərdarlıq almağıma dair yayılan məlumatlar doğru deyil.

Onun sözlərinə görə, mənə xəbərdarlıq olunmayıb, şöbə müdiri də işdən ayrılmayıb:

“Hətta şöbə müdiri bundan 10 gün öncə məzuniyyətə çıxıb. Məsələ ilə bağlı əlbəttə ki, rəhbərlik tərəfindən mənə suallar verilib. Sualları da cavablandırmışıq. Operativ şəkildə bütün məlumatlar toplanıb və rəhbərliyə çatdırılıb. Bu dəqiqəyə kimi dediyiniz xəbərdarlıqla bağlı heç nə baş verməyib. Bu məlumatların mətbuatda necə yayıldığını bilmirəm. Həqiqətən də mənə xəbərdarlıq edilməyib”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Sübhan Əbilov isə logistika şirkətinin rüşvət iddiasına cavab verib. Baku TV-yə danışan S.Əbilov bildirib ki, iddia əsassızdır.

“2021-ci ilin iyunundan yeni mexanizm tətbiq olunub. Hər bir daşıyıcı istədiyi qədər deyil, yalnız real tələbata uyğun olaraq icazə blankları ilə təmin olunur. 

Burada da əsas məqsəd beynəlxalq yük daşımaları bazarında iştirak edən daşıyıcıların maraqlarını qorumaqdır”, – deyə o əlavə edib.

Ətraflı süjeti təqdim edirik:

 

0.020035028457642