Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili qəza törədib

Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili qəza törədib
 

Beyləqan rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Paralel.az DİN mətbuat xidmətinin yaydığı xəbərə əsasən bildirir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb.

Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.

Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.

Xəsarət alanlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin sürücüsü Hüseynov Hüseynbala Əsgər oğlu və icra başçısının müavini Yeganə Məmmədovanın sürücüsü və qardaşı Məmmədov Yaqub Kərəm oğlu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

Hadisə şahidləri isə bildirib ki, hər iki sürücü qəza zamanı sərxoş halda olub, avtomobilləri şəhərin mərkəzi küçələrində yüksək sürətlə idarə edirmişlər.

Faktla bağlı araşdırma aparılır.

 

 


 

0.029078960418701