Rusiya təlim üçün Aralıq dənizindədir
Paralel.az xəbər verir ki, Moskva hərbi qüvvələrinin bir hissəsini Ukrayna sərhədlərindən çıxarsa da, Şərqi Aralıq dənizində NATO-ya qarşı hava-dəniz təliminə başlayıb: “Rusiya Belarus və Krımda təlimlər keçirən qoşunlarını geri çəkərkən, bu dəfə Şərqi Aralıq dənizində hərtərəfli təlimlər keçirmək üçün Suriyaya MiQ-31K və Tu-22M3 kimi qanadlı raketləri daşıya bilən döyüş təyyarələri göndərib. Rusiyanın 30-a yaxın döyüş təyyarəsi Suriyanın qərbindəki Latakiya əyalətindəki Rusiyanın Hmemyim aviabazasına çatıb.
Bu təyyarələr Rusiya tərəfindən hazırlanmış, səsdən 10 dəfə sürətlə uçan və 2000 kilometr mənzilli hipersəsli “Kinjal” raketlərini daşıya bilir. Amerikanın AP News agentliyi Kinjal raketlərinin xüsusilə Amerika təyyarədaşıyıcılarına qarşı hazırlandığına diqqət çəkib. Bundan əlavə, Suriyanın Tartus liman şəhərindəki Rusiyanın hərbi dəniz bazasına 15 döyüş gəmisi göndərilib. Bu yolla, Moskva da Soyuq Müharibə bitdikdən sonra Aralıq dənizində ilk dəfə ABŞ-ın aviadaşıyıcı işçi qrupunun iştirak etdiyi təlimə cavab verəcək. Fevralın 15-də başlayan təlim fevralın 20-də başa çatacaq.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün bu təlimə nəzarət etmək üçün Suriyaya gedib və prezident Bəşər Əsədlə görüşüb. Təlimlə bağlı açıqlama verən Rusiya Müdafiə Nazirliyi də bu manevrlərin milli maraqları qorumaq və Rusiya Federasiyasına qarşı hərbi təhdidlərə qarşı durmaq məqsədi daşıdığını açıqlayıb. Təlimdə düşmən döyüş gəmilərinin hədəf alınacağı ssenarilərin də həyata keçiriləcəyi bildirilib”.
Nigar