Qapalı büdcədə fantastik mənimsəmə
Hələ 2013-cü ildə Transparency İnternational təşkilatının "Müdafiə və Təhlükəsizlik" proqramı tərəfindən 93 ölkənin müdafiə büdcəsinin şəffaflığına görə Azərbaycanda bu göstərici orta aşağı kimi qiymətləndirilmişdı. 3 il bundan əvvəl ADR Hərəkatı olaraq müdafiə büdcəsinin şəffaflığını artırmaq üçün 5 təklif irəli sürsək də, rəsmilər onları indiyədək diqqətə almadılar.
Məlumat üçün qeyd edim ki, 2008-ci ildən indiyə qədər dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri adı ilə 38 milyard manatdan çox vəsait ayrılıb. Yalnız bu il üçün müdafiə və milli təhlükəsizlik adı altında 4 milyard 489 milyon 892 min 429 manat vəsait proqnozlaşdırılıb. Nə qədər ki, müdafiə və milli təhlükəsizlik büdcəsinin inzibati, iqtisadi və funskional təsnifatı verilmir, Hesablama Palatası tərəfindən auditi aparılıb, rəy hazırlanmır, müdafiə və milli təhlükəsizlik qüvvələrinin təchizatı ilə bağlı dövlət sifarişləri üzrə tenderlər açıq və rəqabətli əsasda keçirilmir, bir o qədər də orda korrupsiya və talançılıq davam edəcək. Digər tərəfdən də ölkədə korrupsiya sistemli və xroniki xarakter daşıdığından belə qapalı büdcəyə malik olan dövlətin müdafiə və milli təhlükəsizlik xərcləri korrupsiyanın daha çox yeminə çevriləcək. Orda korrupsiyanın illik miqyası 10 deyil, 100 milyonlarla ölçülür. Odur ki, müdafiə nazirliyinin bir neçə əməkdaşının korrupsiya ittihamı ilə saxlanılması ilə bu sferada korrupsiyanın qarşısını almaq mümkün deyil.
Bütün bunların mövcudluğu şəraitində də Azərbaycanın əskər və zabitlərinin maddi-texniki təminatında problemlər qalacaq, onlar aşağı maaşlar və ödənişlərlə xidmətlərini daha pis məişət və ərzaq təminatı ilə davam etdirəcəklər.
Paralel.az