Sakinlərdən “Kristal Abşeron”a etiraz: “Qiymətlər süni artırılıb”

Sakinlərdən “Kristal Abşeron”a etiraz: “Qiymətlər süni artırılıb”
 

Sakinlər park və yeraltı qarajın salınmamasından da narazıdırlar.

Bakının Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 130A və 130C ünvanlarında yerləşən yeni binanın sakinləri “Kristal Abşeron” MTK-dan şikayətçidirlər.

Onlar deyirlər ki, “Kristal Abşeron”un nəzdindəki “Xəzər İnşaat XXI Əsr” şirkəti süni kommunal xidmətlərin qiymətini 7 manat artırıb. Sakinlərin Meydan TV-yə dediyinə görə, sözügedən MTK onların müraciətlərinə baxmır, süründürməçilik edir: “Şirkətin Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev 32/24 ünvanında yerləşən baş ofisləri ilə əlaqə saxlayırıq. Deyirlər ki, yaşadığımız yerin tikinti üzrə cavabdeh ofisinə yaxınlaşıb şikayətlərimizi bildirək. Lakin sahə üzrə ofisə təyin olunan işçi qrupu sakinlərin şikayətlərinə qeyri-ciddi yanaşırlar, problemlərin həllindən yayınırlar”.

Sakinlər razılıq vermədikləri halda, yaşayış binasının idarəedilməsinin “Nizami-9” MMMC-ə həvalə edilib. Üstəlik, tərəflər arasında xidmət müqaviləsi bağlanmadan sakinlərdən hər mənzil üzrə pul vəsaiti yığılması ciddi narazılıq yaradıb: “Halbuki sakinlərə göstərilən xidmət səviyyəsi çox aşağıdır. Sakinlər tərəfindən istismar yığımı üzrə nəzərdə tutulan ödənişlərin hansı məqsədlər üçün xərcləndiyi barədə məlumatlar tələb edilməsinə baxmayaraq, heç kəsə bu hesabatlar verilmir. Hansısa səbəblərdən gizli saxlanılır. Binanın yanğın xəbərvermə, yanğın sulusöndürmə, yanğın tüstüsovurma sistemləri işləmir, təxliyə üçün nəzərdə tutulan giriş qapısı bağlıdır və bununla da hər hansı yanğın hadisəsi zamanı sakinlərin həyat və sağlamlığına ciddi təhlükə yaradan yüksək risklər yaranmaqdadır”.

Sakinlərin digər narazılığı binada tikinti işlərinin yekunlaşmasına baxmayaraq, hələ də iki bina arasında park kimi layihələndirilən həyətyanı ərazidə bərpa-tamamlanma işlərinin  görülməməsidir.
Dediklərinə görə, “parkinq” sahəsinə giriş üçün tikinti işləri ümumiyyətlə başlanmayıb.
Binalarda yaşayanlar internet provayderinin işindən də narazılıq edirlər: “Burada yaşayanları “Rahat Telecom” MMC ilə bağladığı müqaviləyə əsasən sözügedən internet provayderə digər xidmət göstərən şirkətlərə icazə verilmədiyi üçün məcburi şəkildə qoşulublar.

 Şikayətlərimizə baxmayaraq MTK tərəfindən digər internet şəbəkələrinin şəxsi mənzillərə çəkilməsinə və istifadə edilməsinə qadağa qoyulub. İstifadə etdiyimiz provayderin internet sürəti aylıq ödənişlərini qarşılamadığını nəzərə alaraq, dəfələrlə həm cəmiyyətin özünə, həm də MTK-nın baş ofisinə müraciət edilib, lakin bu məsələnin həlli də təmin edilməyib”.

Binaların təməli 8 fevral 2017-də qoyulsa da, həyətyanı sahə və avtomobillər üçün nəzərdə tutulan yeraltı qaraj təhvil verilməyib.
Səbəb kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların kəsilməsi (və ya yerdəyişməsi) məsələsinə baxılmaması göstərilib.
Xəzər İnşaat bina kompleksi, 
Sakinlər məsələ ilə əlaqədar Prezident İlham Əliyevə, həmçinin bütün aidiyyəti qurumlara məktub ünvanlayıblar:

“Binada mühafizə, təmizlik və s. kimi xidmətlərin həyata keçirilməsi üçün mənzillər üzrə təyin olunmuş ödənişləri sonuncu tikilən bina üzrə 2021-ci ilin iyul ayından, ilk tikilən bina üçün isə 2018-ci ilin aprel ayından etibarən sakinlər tərəfindən aylıq pul vəsaiti ödənilir, 03.02.2022-ci il tarixində qeyri-müəyyən səbəblərdən şifahi qaydada MTK-nın ofisi tərəfindən təyin edilmiş məbləğin hər bir payçı üzrə 7 AZN miqdarında artırlacağı ilə bağlı məlumat bildirilib. Əlavə olaraq, binada bütün mənzil mülkiyyətçilərindən kommunal sayğacların alınması və quraşdırılmasına görə 870 manat qanunsuz vəsait toplanıb. Hər iki binada yaşayan sakinlər olaraq buna qəti şəkildə etiraz edirik”.

Sakinlər qiymət artımı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət etdiklərini qeyd ediblər. “Kristal Abşeron” MTK-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, “Nizami-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə əlaqə saxlanılaraq, sakinlərin müraciəti araşdırılıb.

“Həmin yaşayış kompleksi 2018-ci ilin aprelindən etibarən sakinlərin istifadəsinə verilib. 2019-cu ilin fevralında isə yaşayış kompleksində sakinlər tərəfindən “Nizami-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Həmin tarixdən etibarən kompleksin kommunal ödənişlərinin yığılması və xərc bölgüsünün aparılması da cəmiyyət tərəfindən təşkil olunur.

Yəni “Xəzər İnşaat XXI əsr” MTK-ın kommunal ödənişlərin bölgüsünün aparılması və ya kommunal xərclərin müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyəti yoxdur”, – deyə açıqlamada qeyd olunur.
“Digər məsələ ilə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, aidiyyəti dövlət qurumları tərəfindən qoyulan tələb əsasında kompleks ərazisindəki park və qarajın planı yenidən işlənilib, proses yekunlaşıb. Önümüzdəki 3 ay içində sözügedən park və qaraj sakinlərin istifadəsinə veriləcək”, – “Kristal Abşeron”dan verilən açıqlamada deyilir.

Demokrat.az

 

 

0.018192052841187