Qarabağ Komitəsi İdarə Heyətinin növbəti toplantısı keçirildi
Bu gün Qarabağ Komitəsi İdarə Heyətinin növbəti toplantısı keçirilmişdir. Toplantıda Cənubi Qafqaz regionunda yaranmış hərbi-siyasi vəziyyət və diplomatik müstəvidə baş vermiş hadisələr hərtərəfli müzakirə edilmişdir.
Qarabağ Komitəsinin üzvləri son günlər Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı Azərbaycan rəsmlərinin müxtəlif beynəlxalq görüşlərdə atdığı addımlar təqdirəlayiq hesab edilmiş və bu istiqamətdə növbəti tədbirlərin görülməsi vacib hesab edilmişdir.
Qarabağ Komitəsinin üzvləri YUNESKO-nun Cənubi Qafqaza mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı göndərəcəyi missiyanı əhəmiyyətli beynəlxalq fəaliyyət forması kimi qiymətləndirmişlər və Azərbaycan hökumətini bu prosesə ciddi hazırlaşmağı, tarixi Azərbaycan torpaqlarında, o cümlədən 30 il işğal altında olmuş ərazilərimizdə Ermənistanın mədəni terror və vandallıq fəaliyyətinin ifşa edilməsi üçün bütün imkanlardan istifadə edilməsini vacib hesab etmişlər.
Qarabağ Komitəsinin üzvləri Xocalı soyqırımın 30 illiyinin yaxınlaşması ilə əlaqədar bu faciəyə həsr olunmuş Milli Məclisin xüsusi iclasının keçirilməsini Azərbaycan hökumətindən tələb etmişlər. Azərbaycan parlamentində Xocalı soyqırımı haqqında xüsusi qanun qəbul edilməli və Azərbaycan hökumətinin bu istiqamətdə fəaliyyəti müəyyənləşməlidir.
Qarabağ Komitəsinin üzvləri Birinci və İkinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əhalisinə qarşə cinayət törətmiş erməni terrorçularının Beynəlxalq məhkəmələr vasitəsilə cəzalandırılmasına nail olmağı Azərbaycan hökumətindən tələb etmişlər.
Qarabağ Komitəsinin üzvləri Xocalı soyqırımı ilə əlaqədar son Prezident sərəncamının mahiyyətinin geniş şəkildə ictimaiyyətə açıqlanmasını və bu sənəddə hansı tədbirlərin nəzərdə tutulduğu və onların reallaşdırılmasının vəziyyətini hakimiyyət orqanlarından tələb etmişlər.
Qarabağ Komitəsinin üzvləri Xocalı soyqırım qurbanlarının xatirəsini məhz Xocalıda qeyd etməyi və Azərbaycan hökumətindən bunun üçün lazımi tədbirlərin görülməsini qəti şəkildə tələb etmişlər. İkinci Qarabağ müharibəsindən bir il yarım vaxt keçməsinə baxmayaraq biz hələ də Xocalıya gedə bilmirik və bu istiqamətdə Azərbaycan hökuməti heç bir fəaliyyət göstərmir. Qarabağ Komitəsinin üzvləri məcburi köçkünlərimizin Xankəndi və ətraf ərazilərdə yerləşdirilməsini Azərbaycan hökumətindən qətiyyətlə tələb etmişlər.
Paralel.az