Haydı, Ramiz müəllim, irəli!

Haydı, Ramiz müəllim, irəli!
 
 
İdris Abbasov:
AMEA Mətbuat xidmətinin son bəyanatı göstərdi ki, dövlətin milyonlarını talan və ya "tarac" edərək akademiya institutlarında daldalanıb eyş-işrət çəkənlər hoydu-hoyduya salmaqla Ramiz Mehdiyevi qurban verib canlarını qurtara bilməyəcəklər, yəni onların göstərdikləri ayı xidməti barlı-bəhrəli olmayacaq.
Qeybi yalnız Allah bilir. Bəlkə də "Baş" akademikin dirəniş göstərməsində bir hikmət, bir xeyir var! Akademiya institutlarından birinin direktoru olan Vaqif Abbasov adlı birisinin 45 milyonu "tarac" etməsi iddiası bu "hikmət"in işartılarından biri olmazmı?!
Artıq ox yaydan çıxıb, möhtərəm akademik! Bir az da möhkəm dayanıb etirafın köhlən atına minsəniz, yəni könül açıqlığı, göz toxluğu ilə dövləti və xalqı rəzil edən oğurluq milyonların üstünü çəkinmədən açsanız, inanın ki, camaatın sizə rəğbəti xeyli dərəcədə artar və ömrünüzün bu çağı məzmunlu olar! Qarşı tərəfin susmağa məcbur edilməsi şərtilə geri çəkilməyiniz isə akademiyada dövlət əmlakını dağıdanlarla əlbir olmağınız anlamına gələ bilər.
Möhtərəm Ramiz müəllim, ortada dövlət büdcəsini mənimsəmə faktı var, deyilmi?! Bu, zarafat deyil! Elə isə, gedin bu işin ardınca! Şərt kəsib sövdələşməklə faktları gizlətməyin böyük dövləti cinayət olmasını da bilməmiş deyilsiniz!
Bəyanatdakı ən kobud səhviniz isə budur: "...şər-böhtan kampaniyasına davam edəcəkləri təqdirdə AMEA-nın kimlər tərəfindən bu cür acınacaqlı vəziyyətə salındığı açıq şəkildə qeyd olunacaq.". Çox müstəqbih bir ifadədir. Kaş onu işlətməz olaydınız! Eybi yox, bu yöndə saleh əməllərinizlə onu da yoluna qoymaq olar.
Möhtərəm akademik, 45 milyonun, yüz minlərin, on minlərin və digər minlərin, milyonların, yüz milyonların üzərinə sonadək yeriməyiniz yol verdiyiniz "yazı xətası"nı aradan qaldıra bilər.
Haydı, möhtərəm akademik, irəli! Akademşəbəkənin qarşılıqlı razılaşma yolu ilə cinayətləri dövlətdən və ictimaiyyətdən gizlətməsi ən ağır cinayətdir! Düyünlər açılmalı, cəmiyyət nəfəs almalıdır. Bu dövlət buxovlardan canını qurtarıb azad inkişaf yoluna qədəm qoymalıdır.
Ümid edirəm ki, akademik Ramiz Mehdiyev bu ciddi yanlışlığı təshih edib akademiya institutlarındakı korrupsionerləri və rüşvətxorları, milyonlarla manat dövlət əmlakını talan edənləri, elm bir tərəfə qalsın, dövlət maraqlarını viran qoyanları "şər-böhtan kampaniyasına davam" edib-etməyəcəklərindən asılı olmayaraq, qeydsiz-şərtsiz, ictimaiyyətə elan edəcək, hüquq-mühafizə orqanlarına təhvil verəcək və dövlətçiliyə sədaqətlə xidmət nümunəsini, nəhayət, ortaya qoyacaq!
Dövlət maraqlarını şərt-şürut, "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə məhv etməyin adı yoxdur, yəni açılıb-büküləsi deyil. Adam xəcalət çəkir. Deməzlərmi, sizin akademikinizin dövlətçilik şüuru belədirsə, sizin xalq olaraq şüurunuz, gör, nə gündədir?! Ona görə də, qalmışıq mat-məəttəl! Biz çalışaq, Allah da dadımıza çatsın!
Paralel.az
0.02054500579834