Görüntülər Rusiyanın işğala hazır olduğunu üzə çıxarıb

Görüntülər Rusiyanın işğala hazır olduğunu üzə çıxarıb
 

Ukrayna sərhədindən peyk vasitəsilə çəkilən son görüntülər Rusiyanın hərbi hazırlıqlarını sürətləndirdiyini və demək olar ki, işğala hazır olduğunu üzə çıxarıb.

Dünən Rusiya xarici işlər naziri Lavrov və bu gün ABŞ prezidenti Baydenin Ukraynadakı vətəndaşlarına “ölkəni tərk edin” çağırışının ardından peykdən alınan son görüntülər vəziyyətin həqiqətən ciddi olduğunu təsdiqləyib. Görüntülərdən aydın olur ki, Rusiya bölgədə hərbi hazırlıqlarını artırıb və Putin qərar verərsə, ordu qısa zamanda işğala hazır olacaq.

Fevralın 9-u və 10-da çəkilmiş peyk görüntüləri Putinin 2014-cü ildə ələ keçirdiyi Krıma rus qoşunlarının yeridildiyi nöqtələri açıq-aydın göstərir. Görüntülərdə bölgədə düzülmüş 550-dən çox yeni çadır və zirehli texnikanın olduğu diqqətdən yayınmayıb. Peyk görüntülərində Rusiyanın qərbindəki Kursk bölgəsinə hərbi göndərişlər də əks olunub. Minlərlə əsgərin qar altındakı təlim meydançasına sığındığı təxmin edilir.

Kiyev iddia edir ki, Moskva sözügedən təlimlə Qara dəniz və Azov dənizini birləşdirən Kerç boğazını bağlayacaq. Dünən başlayan hərbi təlimin 10 gün davam edəcəyi gözlənilir. Peyk görüntülərində ən diqqət çəkən detal Rusiyanın qurduğu nəhəng səhra xəstəxanasıdır.

Xəstəxananın Rusiya ordusunun Dağlıq Qarabağda qurduğu xəstəxana ilə eyni olduğu görünür. ABŞ və NATO rəsmiləri Putinin indi tamhüquqlu işğala hazır göründüyünü iddia etsə də, Rusiya bütün qoşun və texnikanın adi təlimlər üçün olduğunu təkid edərək bu iddianı rədd etməkdə davam edir.

Paralel.az

0.014785051345825