İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri

İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri
 

 

İran İslam İnqilabının şanlı qələbəsindən artıq uzun illər keçir. Azadlıq və müstəqillik böyük İran xalqının inqilab vasitəsilə əldə etdiyi çox dəyərli bir nemətdir. Bu gün İran İslam Respublikası öz milli qərarlarının verilməsində heç bir xarici gücdən asılı deyil. İran təhlükəsizliyini və sabitliyini öz gücünə söykənərək  təmin edir və bu sahədə əsasən böyük dövlətlərin maraqlarına xidmət edən hər hansı hərbi və ya təhlükəsizlik mexanizmlərinə qoşulmağa ehtiyac duymur. İnqilab nəticəsində əldə edilmiş əlamətdar nailiyyətlər təkcə siyasi sahədə deyil, iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəni, elmi və hərbi sahələrdə də saysız-hesabsız olmuşdur.
ABŞ-ın onilliklər boyu davam etdirdiyi zülmkarcasına və ədalətsiz sanksiyaları İranı diz çökdürməyib. İran İslam Respublikası bu gün böyük insan kapitalına, zəngin təbii sərvətlərə, enerji və mineral mənbələrə malik geniş bir  ölkədir və dünyanın ən yüksək hərbi güclərindən biri kimi müxtəlif elmi sahələrdə sürətli inkişafı, regionda və dünyada artan nüfuzu ilə qürurla dayanaraq, yeni zəfərlərə imza atır. Sanksiyalara baxmayaraq, bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmək, nüvə və kosmik biliklərə yiyələnmək, tibbi biliklər, kök hüceyrə, nanotexnologiya və biotexnologiya sahəsində yüksək uğurlar əldə etmək, qabaqcıl raket və dronların və digər hərbi texnika və silahların istehsalı və bir çox başqa nailiyyətlər, İran xalqının dünya imperializminə qarşı qırx üç illik müqavimətinin nəticəsidir.
İran İslam Respublikasının gücü hər zaman region ölkələrinin və onların dostlarının sabitlik və təhlükəsizliyinin xidmətində olub və olacaq. İran İslam Respublikası balanslaşdırılmış və dinamik diplomatiyanın, qonşuluq siyasətinin, qonşuların prioritet və regionun güclü olmasının üzərində vurğulamaqla, regionun bütün ölkələri, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik istəyir və bu arada Azərbaycan Respublikasına gəldikdə isə İran qonşu və qardaş ölkəyə daima sülh, təhlükəsizlik, sabitlik  və əmin-amanlıq arzulayır. Haqlı bir söz olaraq həmişə deyildiyi kimi, ortaq dini, mədəni və tarixi bağlılığı nəzərə almaqla İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu mahiyyətcə əbədidir.
İran 1991-ci ildə dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini  tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ildə martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Bu il, iranlılar sevincdə də, kədərdə də bir yerdə olduqları azərbaycanlı bacı-qardaşları ilə birlikdə iki dost, qardaş və qonşu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər.
İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir. 2021-ci ildə noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşü, münasibətlərdə dönüş nöqtəsi olmaqla yanaşı, iki qardaş ölkə arasında çox qısa sürən, İran və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinə heç vaxt dözməyənlərin düşmənçiliyindən qaynaqlanan bəzi süni anlaşılmazlıqlara son qoydu.
Həyata keçirilən əsas səfər və görüşlərlə bağlı deyə bilərəm ki, iki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı görüşlərinin davamı olaraq, bu yaxınlarda biz İran İslam Respublikasının xarici işlər naziri cənab Hüseyn Əmir Abdullahiyanın və onun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfərinin şahidi olduq. Bu yaxənlarda İranın yol və şəhərsalma naziri cənab Rüstəm Qasemi Azərbaycan Respublikasında səfərdə olarkən və səfər zamanı işğaldan azad edilmiş ərazilərə baş çəkdikdən sonra Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə birgə layihələrin icrasını, ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən İranın azad edilmiş ərazilərin yenidən qurulmasına yardımını və bu prosesdə fəal iştirakını müzakirə edərkən, eyni vaxtda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik cənab Zakir Həsənov isə Tehrana səfər edərək, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib və müzakirələr aparmışdır. Bundan əvvəl isə Azərbaycan Respublikasının Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri cənab Şahin Mustafayevin İrana çox səmərəli bir səfəri baş tutmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətinin İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İrana baş tutan səfəri də böyük əhəmiyyət kəsb edir.
Bu görüşlərdə birgə layihələrin son vəziyyəti və onların icra prosesinin sürətləndirilməsi yolları, bununla bağlı irəli sürülən təşəbbüslər, ikitərəfli məsələlər (siyasi, mədəni, iqtisadi, hərbi, hüquqi, məhkəmə, konsulluq və s. kimi sahələrdə əməkdaşlıq məsələləri) və bəzi regional məsələlər (o cümlədən Cənubi Qafqazla bağlı məsələlər və 3+3 regional əməkdaşlıq formatı) müzakirə  olunmuş, ümumi və regional maraqları təmin etmək üçün lazımi qərarlar qəbul edilmişdir.
İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etməsinin və möhkəmlənməsinin göstəriciləri sonsuzdur. İki ölkənin yüksək rütbəli rəsmilərinin saysız-hesabsız qarşılıqlı səfərləri əlaqələrin mövcud səviyyəsindən xəbər verdiyi halda, Azərbaycan vətəndaşlarının ilk səfərinin İran olması faktı iki xalqın qardaşlıq sevgisini göstərən daha bir mühüm göstəricidir. Beynəlxalq təşkilatlarda və qurumlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında iki ölkənin qarşılıqlı dəstəyinin səviyyəsi də İran-Azərbaycan arasında beynəlxalq əməkdaşlığın göstəricisi ola və iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin hansı səviyyədə olduğunu göstərə bilər.
İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı yaxşı göstərici hesab oluna bilər. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30%-dən çox artıb. Ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə də müqayisədə  nisbi artıma malik olmaqla  son iki onillikdə ən yüksək səviyyəyə çatmışdır .
Azərbaycan Respublikasının İrandan idxalının artması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artmış və 2021-ci ildə İran Azərbaycan Respublikasının qeyri-neft ixracının 11%-ni özünə cəlb etmişdir ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir. Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması və cari günəş ilində İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi ilə 765 km ümumi sərhədə malik olan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf etsin.
Hər iki tərəfdən koronovirusa nəzarətin düzgün idarə olunması ilə nəqliyyat, enerji və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələr daha sürətlə həyata keçirilir. Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının  təmin olunması sahəsində mühüm rol oynayırlar.
Bu gün görürəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir.

Seyid Abbas Musəvi
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri
Paralel.az

0.027885913848877