Yenə yuxularım çəkilib göyə...

Yenə yuxularım çəkilib göyə...
 
Anamı itirəndə 10-cu sinifdə oxuyurdum. 46 il ötür o vaxtdan. Amma bu 46 ildə bəlkə də hər gün onun yoxluğunu hiss etmişəm... Bəlkə də hər gün...
 
 
Yenə yuxularım çəkilib göyə,
Yenə gecələri yarıya böldüm.
Çoxdandı yuxuma gəlmirsən deyə
Yenə xəyallanıb yanına gəldim.
 
Mənim çin olmayan yuxularımsan,
Ana, yaraların indi necədi?
Bilirəm, təzəcə yuxulamısan,
Bir boy aşağıda zülmət gecədi.
 
Bacımın əlində tənzif saralır,
Indi kim sarıyır yaralarını?!
Qardaşım aptekdən “Dimidrol” alır
Bir az kəsə bəlkə ağrılarını .
 
Həkim də ümidsiz danışdı, neynək,
Allahdan ümidlər kəsilməz ancaq.
Gəl biz də Allaha ümid bəsləyək
Günlərin birində qovuşduracaq.
 
Bir gün həsrətinə qovuşar deyə
Atam da illəri kamına çəkdi.
Saydı günlərini qəm yeyə-yeyə,
Amma o günlər də gec gələcəkdi.
 
Əllərim saçına sığal çəkməyə
O qarlı gecəyə uzalı qalıb.
Üstünə qar düşüb duman çökməyə
Mənim də bənizim sozalıb qalıb.
 
Yuxuya gedəndə su istəmişdin.
Ayıl, bircə udum su verim sənə,
Sən mənə “balaca şair” demişdin ,
Bəlkə məlhəm oldu şeirim sənə...
 
...Yenə yuxularım çəkilib göyə,
Yenə gecələri yarıya böldüm.
Çoxdandı yuxuma gəlmirsən deyə
Yenə xəyallanıb yanına gəldim.
 
Füzuli Soltan
Paralel.az
0.014438152313232