Ərdoğanın Ukrayna səfərinin nəticələri : Barış mümkün olacaqmı?
Siracəddin Hacı
- Cumhur Başkanı Ərdoğan Türkiyənin Ukrayna ilə diplomatik münasibətlər qurmasının otuz illiyi tamam olan gün bu ölkəyə getdi. Rusiyanın Ukraynanı işğal təhlükəsinin artdığı günlərdə gerçəkləşdirilən bu səfərin iki mesajı var:
a) Türkiyənin Ukraynaya verdiyi dəyəri ifadə edir;
b) Türkiyə Ukrayna ilə Rusiya arasındakı sıxıntının barış yolu ilə həll olunmasını istəyir;
- Ərdoğan Ukraynanın önəmini, məsələnin barış yolu ilə həll olunmasının ana ölçülərini bu vasitələrlə ifadə etdi:
1) Ukrayna Türkiyənin strateji ortağıdır;
2) Türkiyə, Ukrayna, Rusiya qonşu və Qara dəniz ölkələridir, bu üç dövlətin ciddi siyasi, iqtisadi, hərbi əlaqələri var;
3) savaş olsa, ən çox bu üç ölkə zərər görəcək;
4) Türkiyə ilə Ukrayna arasında viza rejimi yoxdur;
5) Krım Ukrayna torpağıdır;
6) Qara dəniz savaş məkanına çevrilsə, bu, üç dövlət üçün də fəlakət olacaq;
7) Krım tatarlarının hüquqları qorunmalıdır;
8) Ukrayna ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 7,5 milyard dollardır, bu miqdarın 10 milyard dollara çatdırılması hədəfi var;
9) hər il Ukraynadan Türkiyəyə 2,5 milyon turist gəlir;
10) Türkiyə Xarkovda, Ukrayna isə Antalyada konsulluq açacaq;
11) iki dövlət arasında sərbəst ticarət anlaşması imzalandı;
12) Türkiyə ilə Ukrayna arasında güclü hərbi əməkdaşlıq var;
13) Ərdoğan Ukraynaya böyük heyətlə getdi, əlaqələrin bütün sahələri ilə bağlı sənədlər imzalandı – Rusiyanı sakitləşdirmək üçün iqtisadi görüntülü siyasi qərarlar verildi;
14) Türkiyə deyir ki, Ukrayna ilə Rusiya arasındakı sıxıntılar Ukraynanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır;
15) Türkiyə Ukrayna ilə Rusiya arasında imzalanmış Minsk anlaşmasını önəmli sənəd hesab edir, atəşkəsin davamını istəyir;
16) Türkiyə deyir ki, barış üçün gücümüz çatan hər şeyi etməyə hazırıq;
- Türkiyə barış üçün vasitəçilik təklif edir, Ukrayna və Rusiya ilə sıx əlaqələrinin olması, iki tərəflə də danışmaq imkanı Türkiyənin bu iddiasını gerçəkləşdirmək imkanını artırır. Ukrayna Türkiyənin təklifini qəbul etsə də, Rusiya bu məsələyə müsbət yanaşmır, belə olmasa idi, Putin Türkiyəyə deyil, Ərdoğan Moskvaya gedərdi. Putinin Türkiyənin vasitəçiliyini qəbul etməməsinin bu səbəbləri var:
1) deyir ki, Türkiyə tərəfsiz deyil, Ukraynaya dəstək verir;
2) Rusiya Ukraynanı bir tərəf kimi tanımır, məsələnin ABŞ, NATO və Rusiya arasında olduğunu söyləyir, bu tezislə həm də Rusiya ictimai rəyini öz ətrafında səfərbər etməyə çalışır: biz Ukraynanı işğal etməsək, NATO, ABŞ Ukraynanı işğal edəcək, nəticədə, Rusiyanın təhlükəsizliyi üçün ciddi problemlər yaranacaq;
3) Ukrayna ilə Rusiya arasında vasitəçi olmaq, məsələni barış yolu ilə həll etmək Türkiyənin nüfuzunu artırar, Putin bu imkanı Türkiyəyə vermək istəmir;
- Türkiyə barış planının gerçəkləşməsi üçün bu addımları atır:
I Mərhələ - barış mühiti formalaşdırır, tərəflərin mövqeyini öyrənir, Zelenskinin məsələyə baxışını dəqiqləşdirdi, sırada Putin var. Ərdoğan bu mərhələdə ümumi çərçivəni açıqlasa da – Ukraynanın ərazi bütövlüyü, suvernliyi, beynəlxalq hüquq – konkret təkliflərini bildirmədi. Türkiyə bu mərhələdə iki tərəfə də müsbət mesajlar verir, tərəflərin görüşməsinin qapısını açmağa çalışır. Ərdoğan təklif edir ki, üç lider Türkiyədə görüşsün, bu, mümkün deyilsə, texniki heyət formalaşdırılsın, onlar görüşsünlər, təkliflər hazırlasınlar;
II Mərhələ - Türkiyənin vasitəçiliyi qəbul olunsa, tərəflər görüşsələr, mövqelər açıqlansa, bazarlıq və güzəşt dönəmi başlayacaq – güzəştsiz barış olmaz;
III Mərhələ - razılaşma olsa, münasibətlərin tənzimlənməsi üçün ölçülərin müəyyənləşdirilməsi dönəmi başlayacaq;
IV Mərhələ - razılaşmanın şərtlərinin yerinə yetiriləcəyi mərhələdir, bu məqsədlə tərəflər qərarların icrasına nəzarət qurumu formalaşdıracaqlar;
Ukrayna ilə Rusiya arasında məsələnin barış üçün güzəşt ölçüsü bunlar ola bilər: a) atəşkəs davam edər – bu, ağrını müalicə etmək deyil, ağrıkəsici dərman atmaqdır; b) Ukrayna ilə Rusiya yeni müqavilə imzalayar, Rusiya Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü, suveren haqlarını tanıyar, Ukrayna da NATO-ya daxil olmaq planından imtina edər;
Rusiya və Ukrayna bu planı qəbul etsələr, iki dövlət də qazanar, Rusiya NATO təhdidindən qurtular, Ukrayna da ərazi bütövlüyü və suverenliyini təmin edər;
- Rusiya bu təklifi qəbul etməsə:
1) Putinin rus xalqını Ukraynanın işğal olunmasına razı salmaq (səfərbər etmək) üçün biz NATO, ABŞ təhlükəsi ilə üz-üzəyik tezisi çökər, xalqın dəstəyini itirər, işğal üçün əsas qalmaz;
2) beynəlxalq müstəvidə NATO Rusiyanın təhlükəsizliyini təhdid edir arqumenti mənasız olar;
3) Rusiya heç bir əsas olmadan savaşmaq istəyən tərəfdir fikri formalaşar;
4) Ukrayna ilk sırada rus xalqına deyər ki, bizi NATO-ya məcbur edən Rusiyadır, Rusiya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanımır, bizim NATO-ya girməkdən başqa çıxış yolumuz yoxdur;
5) NATO-ya daxil olsa belə, bu addım Ukraynaya ərazi bütövlüyündən, suveren haqlarından daha önəmli bir şey verməyəcək. Örnək olaraq Türkiyəni göstərə bilərik: NATO Türkiyənin ağır dönəmlərində ona yardım göstərmədi, ABŞ patron verməkdən belə imtina etdi, ABŞ, Fransa Yunanıstanı Türkiyəyə qarşı silahlandırır, Suriyada PKK-PYD dövləti qurmağa çalışır;
6) Ukrayna məsələni zamana yaymalıdır, Rusiyanın işğal təhlükəsindən qurtulmalıdır, azadlığa, ədalətə, rifaha qovuşmuş Ukrayna qurmalıdır ki, sıxıntılarını həll edə bilsin;