Allah Qurani-Kərimi niyə nazil etdi?

Allah Qurani-Kərimi niyə nazil etdi?
 

 II Yazı

Siracəddin Hacı

Rəcəb ayı gəldi, dedi ki, Qurani-Kərimin nazil olmağa başladığı Ramazan ayı gəlir. Qurani-Kərim deyir ki, Allah sizi insan olaraq yaratdı, bu məsələdə əməyiniz yoxdur. Sizin üçün önəmli olan insan qalmaqdır. Sizi insan olaraq yaratmaq Allahın, insan qalmaq isə sizin işinizdir. İnsan qalmağın şərti dəyərlərdir, ağılın, iradənin, fitrətin haqqını verməklə mümkündür. Ağıl, iradə, fitrət pozulsa, insan qalmaq imkansızdır. Qurani-Kərim insan qalmağı, fitrətə uyğun yaşamağı təmin edən ölməz dəyərlər gətirmişdir. Bu dəyərlərdən bir çoxunu təqdim edirəm:
- ƏDALƏT – fitri duyğudur, ehtiyacdır, fitrətin ehtiyacları halal yolla təmin olunmayanda sosial, siyasi, psixoloji sıxıntılar ortaya çıxır, ədalət hər kəsi, hər şeyi ilahi təyinatına uyğun yerə qoymaq, hər kəsə, hər şeyə layiq olduğu haqqı verməkdir, barışın, insanlar arasındakı sağlam münasibətin, inkişafın əsasıdır, dövlət idarəçiliyinin ana dəyərlərindən biridir, ziddi zülmdür. Axirətə inanmaq həm də ilahi ədalətə inanmaqdır;
- MƏRHƏMƏT – ehtiyacı təmin etməkdir, barışa, ümidə, hüzura yol açır, bir arada yaşamaq imkanları formalaşdırır, insan Allahın rəhmətinə möhtacdır, Allah Rəsulu buyurur ki, mərhəmət etməyənə mərhəmət olunmaz;
- ELM - əşyanın həqiqətini kəşf etməkdir, doğrunu yanlışdan ayıran nemətdir, xeyirlə şəri bir-birindən seçir, azadlığın, inkişafın əsasıdır, cəhalətin ziddidir. Qurani-Kərimdə “elm” kökündən olan sözlərin sayı minə yaxındır;
- ƏMƏK - əl əməyi, göz nuru, alın təri çox önəmlidir, dəyərin əməyin qədərdir, böyük dəyərlər böyük bədəllər istəyir, zəhmətsiz rəhmət yoxdur, haqq etdiyin, əmək, qaynaq, zaman ayırdığın qarşına çıxacaq, qədərin olacaq, başqalarına möhtac olmaq köləliyin qapısını açar, şəxsiyyət olmaq üçün verdiyin əmək azadlığın əsaslarından biridir, hərəkət səndən, bərəkət Allahdandır;
- NAMAZ – qoruma sistemidir, insanı pisliklərdən qoruyur, imanı canlı tutur, iradəni, dirəniş gücünü artırır, zaman şüuru verir, bədəni və ruhu təmizləyir, insanın Allah şüurunun diriliyini təmin edir;
- ORUC – fiziki, ruhi arınmadır, iradə tərbiyəsidir, ağılın duyğulara nəzarət imkanını gücləndirir, Allah Qurani-Kərim nazil etdiyinə görə insanın ona şükrünün ifadəsidir;
- HƏCC – varlığın Allahdan başqa ilah yoxdur nizamına qoşulmaqdır, ümmət şüuru verir, deyir ki, ölüm, yenidən diriliş, hesab, cənnət, cəhənnəm var, iki dünyanı bir-birindən ayırma, həyatını axirət hesabı ilə yaşa;
- ZƏKAT – insanın sərvət təsəvvürünü inşa edir, deyir ki, çalış, halal qazan, halal işlərə xərclə, ehtiyac sahiblərini unutma, sərvət mülkiyyət deyil, əmanətdir, zəkat insanı sərvətin köləliyindən qurtarır, sosial ədalətə, barışa, bərəkətə yol açır, sərvəti təmizləyir;
- İNFAQ – yardımlaşma mədəniyyətinin əsasıdır, sevgi və mərhəmətin göstəricisidir, ancaq Allah rizası üçündür, Allah yolunda olmalıdır, deyir ki, yığdığın deyil, payladığın sənindir, infaq et ki, sərvətin axirət azuqəsi olsun;
Ardı var...
 Paralel.az

0.067973852157593