Qəhrəman -II yazı

Qəhrəman -II yazı
 
 
Milli Qəhrəman İbad Hüseynova ithaf olunur

Əməliyyat
Mehdinin həmin bu Sergeylə xüsusi haqq-hesabı vardı. Yaşca da hardasa tay-tuş idilər, bir-birlərini uşaqlıqdan tanıyırdılar. Mehdi ona «Ser-Gey» deyirdi, ratsiya ilə də elə belə çağırırdı. Neçə dəfə onu təkbətək döyüşə dəvət etmişdi, silah seçməyi də özünə həvalə etmişdi. Sergey isə gəlmirdi, qorxurdu. O, cəsarətli adam deyildi, amma tülkü kimi hiyləgər, canavar kimi amansız idi. Qocaya, cavana baxmazdı, heç kimə aman verməzdi. Bizim əsgərlərdən əsir düşən olanda isə özü başını kəsirdi. Başsız meyiti də pulsuz vermırdı. Bizim kənd qəbirstanlığını atəşə tutub qəbirləri dağıtmaq da onun «ideya»sı idi, ondan miras qalmışdı. Mehdi bu «Ser-Gey»i aradan götürmək istəyirdi. Əməlli-başlı plan da cızmışdı. Başında plan hazır olanda bizi də dəvət etmişdi - məni və Etibarı. Planı dördlükdə müzakirə etmişdik: Füzuli, Mehdi və biz ikimiz.
Etibarla səkkiz il bir sinifdə oxusam da, ondan xoşum gəlmirdi. Əsgərliyə qədər həmişə dalaşırdıq. Sonralar isə, sadəcə olaraq, bir-birimizin varlığına dözürdük - camaatdan abır-həya edirdik. Etibar yeyib-içən, səxavətlt oğlan olsa da, ağzının sözünü bilən deyildi, kimə nə istəyirdi, harda istəyirdi deyirdi. Mən də belə şeyləri sevmirdim. Odur ki, yollarımız kəsişmirdi - fəzada çarpaz xətlər kimi. Indi isə kəsişmişdi - birlikdə kəşfiyyata getməli idik. Nə Etibar Mehdinin sözünü yerə sala bilirdi, nə də mən. Ikimiz də onu çox istəyirdik. Həm də Mehdi bizim komandir idi.
Mehdinin planı sadə olduğu qədər də cəsarətli idi - o, canavarı öz yuvasında boğmağı təklif edirdi. Qriqoryan daim 5-6 cangüdənin əhatəsində gəzirdi. Erməni tərəfə keçmək olsa da, gündüz ona yaxın düşmək mümkün deyildi. Amma deyilənə görə, gecə evində yatırdı. O vaxt hələ sərhəd kəndləri boşalmamışdı, camaat evlərində yaşayırdı. Mehdi də Qriqoryanın evində pusqu qurmağı təklif edirdi. Canavar gülləyə gəlməsə də, tələyə gələr deyirdi. Məni və Etibarı özü ilə götürməkdə də məqsədi vardı. Etibargil dədə-babadan çoban olmuşdular, bu dağların hər daşına-kəsəyinə, cığırına bələd idilər. Etibar üç-dörd il sürücü işləsə də, günü dağda qoyunun yanında keçmişdi. Həm də kənddə erməni dilini ondan yaxşı bilən yox idi.
Mən isə Əfqanıstanda qulluq etmişdim, döyüş təcrübəsi keçmişdim. Hər cür silah-sursatdan yaxşı başım çıxırdı. Əldəqayırma minalar üzrə isə əməlli-başlı mütəxəssis idim. O vaxt piyadaya qarşı «plastmas» minalar yox idi, əldə düzəldirdik. Deməli, qumbaranı cığırın kənarındakı ağacın, kolun budağına bağlayır, fitilinindən leska ilə çəkib qarşı tərəfdə bərkidirdik. Leska adətən, adamın qurşağı hündürlükdə tarım çəkilirdi. Yəni təsadüfən heç vaxt bunun üstündən adlaya bilməzdin. Ilişdin, fitil çəkilir, qumbara partlayırdı. Amma bunun da bir zəif yeri vardı, deyim ki, biləsiz. Qumbaranı bağlamaq, leskanı çəkmək üçün cığırın hər iki kənarında, mümkün qədər qarşı-qarşıya ağac, kol olmalı idi. Biz tərəfdən minaları özüm düzdüyümdən yerini bilirdim, erməni tərəfdən də yerinə görə təxmin edirdim, kəşfiyyata gedəndə minaya toxunmadan leskanın üstündən keçə bilirdim. Bu, kəşfiyyatdan salamat qayıtmaq üçün çox vacib idi: əgər leska kəsilməyibsə, deməli, o tərəfə keçən olmayıb.
Biz əməliyyata gecə getməli idik. Birinci, üçüncü postlardan keçmək olmayacaqdı, çay dərələrində erməni postları vardı. Ikinci postdan, Qara Qayadan düşən cığırlarda isə hər yerdə minalar düzülmüşdü. Özümüzünkilərin yerini dediyim kimi, mən bilirdim, ermənilərinkini isə gecənin qaranlığında da tapa biləcəyimə ümid edirdim. Etibar Qara qayada erməninin bilmədiyi heyvan cığırlarının olduğunu, bunların tam təhlükəsiz olduğunu israr edirdi. Mehdi də axşam «adboy»dan sonra Qara Qayadan getməyi məsləhət görürdü. Deyilənə görə, Qriqoryan evə hardasa gecə saat 12-dən sonra gəlirdi.
Mehdi bütün bunları bizim iştirakımızla Füzuliyə danışdı. Füzuli bir xeyli fikrə getdi. Aydındır: bizi buraxmaq istəmirdi. Mən qardaşı idim, Mehdi dostu. Etibar isə, qəliz adam olsa da, igid oğlandı, döyüşdə beş nəfərə bərabərdi. Amma Qriqoryanı da aradan götürmək lazımdı - bu, həm erməniyə dərs olardı, həm də qisas qiyamətə qalmazdı. Etiraz etməyin isə xeyri yox idi. Füzuli Mehdinin xasiyyətinə bələddi - qət etmişdisə, edəcəkdi, tək gedəcəkdi, amma ermənini öldürməmiş əl çəkməyəcəkdi. Odur ki, razılıq verdi, bir-birinizdən muğayat olun dedi. Yaddan çıxarmayın:Vətənə ölü yox, diri əsgərlər lazımdır.
May ayı bizim yerlərin gözəl vaxtı idi. 2-ci posta növbəyə əsgər aparan maşınla gecə Qara Qayaya qalxdıq. Əsgərlər növbəni təhvil alanda biz dağdan xəlvətcə sürüşüb cığıra düşdük. Əməliyyat məlumatı məxvi saxlanırdı - bu haqda hətta bizi yola salan növbənin rəhbəri də bilmirdi. O, bizim sadəcə olaraq, kəşfiyyata getdiyimizi zənn edirdi. Qara Qayadan aşağı, erməni tərəfə üç-dörd cığır gedirdi, hamısı təhlükəli idi. Etibar isə tamam başqa yol seçdi, bizi heyvan cığırı ilə apardı. Dağlarda belə cığırlar olur, bu cığırlarla dağ keçiləri dərəyə su içməyə düşürlər. Amma bu cığırları nəinki gecə, heç gündüz də daşın, qayanın üstündə seçmək olmur. Etibar isə bu cığırların yerini gecə qaranlıqda bilirdi. Bu, narahat olduğu qədər də təhlükəsiz yol idi. Narahatlıq isə bizi qorxutmurdu - üçümüz də kənd uşağı idik. Əvvəl az qala sürünə-sürünə gedirdik, ancaq kolluq başlayandan sonra dikəlmək oldu. Yavaş-yavaş irəliləyirdik, irəlidə mən gedirdim. Əllərimi aşağı sallayıb, arxa tərəfi ilə azca irəli vermişdim. Çay dərəsinə çatınca əlimə leska dəymədi - bu cığırda mina yox idi. Sabah qoyarıq - fikirləşdim. Postun yanından keçəndə ermənilər bizi gördülər. Biri qışqırdı hardan gəlirsiz? Etibar ona ermənicə cavab verdi ki, bəs sənin ananın yanından gəlirik. Ay «bozi vorti», gecənin bu vaxtı hardan gələrlər? Əsgər tez səsini kəsdi. Keçdik…
Gecikməyək deyə sürətlə gedirdik. Yükümüz də ağır deyildi. Hərəyə bir avtomat, iki «maqazin» götürmüşdük. Iki də qumbaramız vardı. Tezliklə kəndə çatdıq. Adı əvvəllər Çinarlı idi, sonra ermənilər dəyişmişdilər, Stepanik eləmişdilər. Quşçulardakı kimi burda da axşam qaralandan sonra küçələrdə heç kim olmurdu. Odur ki, cəsarətlə gedirdik. Həm də Mehdi yanımızda olanda heç nədən qorxmurduq. Itlərdən başqa bizə hürən də yox idi. Onlar da tanımırdılar deyə hürürdülər. Biz isə kəndi yaxşı tanıyırdıq, uşaqlıqda o qədər kinoya, toya gəlmişdik ki. Irəlidə Etibar gedirdi. Hələ arada rastımıza çıxan iki erməniyə salam da verdi. Yaşlı adamlar idilər. Salamımızı aldılar, hələ bir ermənicə «bunların da günü gün deyil» dedilər…
(Ardı var…)
Qalib ARİF
Paralel.az
0.075675964355469