İham İsmayılov Fəzail Ağamalıya sərt cavab verdi - reaksiya
İlham İsmayılov:
“Fəzail Ağamalı xalq tərəfindən seçilməyib, elə bu gün əleyhinə danışdığı Ramiz Mehdiyevin israrı ilə Milli Məclisin üvzü təyin olunub”
Bir neçə gün öncə “LAF TV” internet televiziya kanalına verdiyi müsahibədə Milli Məclisin üzvü, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı Prezident Adminstrasiyasının keçmiş aparat rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin əleyhinə bəzi fikirlər səsləndirib.
F.Ağamalı iddia edib ki, onun Salyan rayonundan millət vəkili seçilməsinə Ramiz Mehdiyev əngəl olmaq istəyib, guya Adminstarsiyanın sektor müdiri Qafar Əliyev vasitəsilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovu seçkidə rəqib kimi Salyan rayonundan namizəd olaraq irəli sürərək, onun qarşısını kəsməyə çalışıblar. Səsləndirilən iddialarla bağlı ATXƏM-in sədri İlham İsmayılovun münasibətini öyrəndik.
- İlham müəllim, millət vəkili Fəzail Ağamalının səsləndirdiyi fikirlərlə yəqin ki, tanışsınız. Bu iddialarla bağlı münasibətinizi bilmək istərdik.
Fəzail Ağamalıya millət vəkili demək bir qədər qəribə səslənir. Çünki bu adı daşımaq üçün gərəkdir ki, millətin səsini alasan, xalq tərəfindən seçiləsən, ən azı seçildiyin dairədə az-çox hörmətin ola, vaxtaşırı seçicinin önünə çıxasan, onun problemlərini dinləyəsən, bu problemlərin həll olunmasına çalışasan. Salyan rayonundan olan seçicilərdən maraqlana bilərsiniz, Fəzail Ağamalı bunların hansını edib?. İnanın əgər o bunlardan birini etmiş olsaydı, indi mətbuatda bu məsələlərdən ağızdolusu danışardı. Ortada bir iş, əməl olmayanda bu cür dedi-qodularla məşğul olunur. Fəzail Ağamalı xalq tərəfindən seçilməyib, elə bu gün əleyhinə danışdığı Ramiz Mehdiyevin israrı ilə Milli Məclisin üvzü təyin olunub. Onu tanıyanlar yaxşı bilir ki, Fəzail Ağamalı gəmi batanda oranı ilk tərk edənlərdən olur. Bu gün də Ramiz Mehdiyevin artıq karyerasının sona yaxınlaşdığını hiss edib, ona “paltonu da geyin, çıx get deyir”. Əmin olun ki, bütün xalq eyni sözləri Ramiz Mehdiyevlə bərabər, həm də elə Fəzail Ağamalı üçün deyir: “Yetər, Fəzail Ağamalı, yetər! Artıq sən də getməlisən!”
- Fəzail Ağamalı artıq üçüncü dəfədir Salyan rayonundan deputat seçilir. Bəs necə olur ki, Yevlax rayonundan onu ikinci dəfə seçkiyə qatılmağa imkan verilmədiyi halda, Salyan rayonundan üç dəfə deputat seçilə bilir?
- Əvvala qeyd edim ki, Fəzail Ağamalı dediyi kimi biz seçkidə hər dəfə alternativ olmamışıq. Mən sadəcə 2005-ci ildə onunla alternativ olmuşam. Həmin vaxt isə mənim namizədliyim daha erkən qeydiyyata alınmışdı. Fəzail Ağamalı 60 saylı Salyan-Neftçala dairəsinə yalnız son anda, Yevlaxdan biabırçı şəkildə qovulduqdan sonra gəlib. 2015 və 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərdə mən namizəd kimi iştirak etməmişəm. Lakin bunu bütün xalq bilir ki, Fəzail Ağamalı gənc oppanentlərinə ciddi şəkildə uduzacağını hiss etdiyindən müxtəlif təsir vasitələrindən istifadə edib həmin gənclərin öz namizədliklərini geri götürmələrinə nail olmağa çalışırdı. O, hətta Salyan rayonunda seçicilər tərəfindən qovulmasını da bizə bağlamaq istəyirdi. Fakt ondan ibarətdir ki, Fəzail Ağamalı hətta o bölgədən olmayan qazi Kamil Musəviyə və BDU-nun gənc müəllimi Aytən Qurbanovaya belə uduzacağının fərqində olduğundan, müxtəlif inzibati təsir vasitələrindən istifadə edib, onları seçki prossesindən uzaqlaşdırmağa çalışırdı. Bilirsiz, həmin vaxt Ramiz Mehdiyev seçki prosesindən uzaqlaşdırılmışdı. Demək ki, Fəzail Ağamalı nifrətlə qarşılanmağını kimlərinsə xidməti deyil, özünün cəmiyyətdəki roluna və xarakterinə bağlamalıdır.
Fəzail Ağamalı bildirir ki, guya mən Ramiz Mehdiyev tərəfindən ona əngəl törətmək üçün seçkilərə qatılmışam. Bu çox absurd fikirdir. Bəlkə də mən Ramiz Mehdiyev tərəfindən ən çox haqsızlığa uğrayan bir insan olmuşam.
Təbii ki, bunun səbəbləri var. 2001-ci ildə mən Salyan-Hacıqabul seçki dairəsindən təkrar seçkilərə qatılmışam və seçkilərdəki qələbəm tanınmayıb. Həmin dövrdə Avropa Şurasının tələbilə seçki saxtakarlığına görə bir neçə dairə ləğv olunub və bir neçə İcra başçısı seçkilərə müdaxilə etdiyi üçün Ulu Öndər Heydər Əliyev tərəfindən vəzifələrindən azad olunmuşdular. O cümlədən mənim qələbə qazandığım dairədə seçkinin nəticələri ləğv olunmuşdu. Məhz buna görə Ramiz Mehdiyev məni qara siyahısına saldı və həmin dövrlərdə biznes fəaliyyətimə inzibati təsir göstərmək əmrini də məhz o vermişdi. Daha sonra 2001-ci yenidən Şirvan-Salyan seçki dairəsindən boş qalmış deputat yeri uğrunda mübarizəyə qatıldım. Daha sonra isə 2005-ci ildəki seçkilərdə Ramiz Mehdiyev mənim 60-saylı Salyan-Neftçala dairəsindən namizədliyimdən rahatsız olurdu və hər vasitəylə məni uzaqlaşdırmağa çalışırdı. Göründüyü kimi, mən Fəzail Ağamalının dairəsinə yox, o bizim dairəmizə gəlib.
- Fəzail Ağamalı əvvəllər Yevlaxdan deputat olmuşdu. Salyan rayonuna gəlməyinin səbəblərini belə izah edir ki, orada qərbi azərbaycanlılar çoxluq təşkil edirdi. Doğrudanmı, seçkilərdə regionçuluq bir faktor olaraq əsas ola bilər?
- Fəzail Ağamalı verdiyi müsahibədə qeyd edir ki, seçki vaxtı sənədlərimi Yevlax seçki dairəsinə təqdim etdiyim bir vaxtda Ramiz Mehdiyev mənə zəng edib dedi ki, Yevlaxın o zamankı icra başçısı Yelmar Vəliyev deyib ki, Fəzail Ağamalını ikinci dəfə Yevlaxdan seçdirə bilməz. Bundan sonra o etiraf etdiyi kimi, məhz 2005-ci ildə seçkilərdə Salyan rayonuna gəlir. Əvvala, bir fakta diqqət etməyinizi istərəm. Fəzail Ağamalının ikinci dəfə Yevlaxdan seçkilərə qatılmasına başçı razı olmayıb. Səbəbi isə Fəzail Ağamalının özündə axtarmalıyıq. Təbii ki, Məclis üzvü olduğu beş il ərzində seçicisinə xor baxan, onun problemlərinə laqeyid olan bir adamı yenidən seçkilərdə qalib çıxarmaq olduqca çətindir. Bunu icra başçısı da çox yaxşı bilirdi. Digər tərəfdən isə Yevlaxın o vaxtkı icra başçısı Yelmar Vəliyevin bu adama nifrəti olduğundan onu rayondan qovmuşdu. Bəli, sözün həqiqi mənasında qovmuşdu. Fəzail Ağamalı bundan sonra Ramiz Mehdiyevin məsləhəti və dəstəyi ilə Salyan rayonundan namizədliyini verib və elə Ramiz Mehdiyev tərəfindən də saxta seçki bülletenləri ilə deputat təyin olunmuşdu.
Salyan rayonunda Qərbi azərbaycanlıarın çox olmasına gəlincə isə qeyd edim ki, mənim də atalarım 1948-1953-cü illərdə Göyçə mahalından deportasiya olunublar və bizim ailə Salyan rayonunda məskunlaşıblar. Lakin mən hesab edirəm ki, millətimizi regionlara bölməyin özü bir suçdur və millət vəkili olmaq istəyən adam bu cür məsələlərdə çox diqqətli olmalıdır. Fəzail Ağamalıdan fərqli olaraq, mən düşünürəm ki, Salyan rayonunun hər bir sakini, hər bir seçicisi bizim üçün dəyərlidir, qiymətlidir. Mən Salyan rayonunda doğulmuşam, bu gün də rayonla əlaqələrim çox yüksək səviyyədədir. Rayon əhalisinin bir problemi olanda Fəzail Ağamalıya yox, mənə müraciət edirlər.
Çünki, onlar ümumuyyətlə problemlərini demək üçün Fəzail Ağamalını tapa bilmirlər. Fəzail Ağamalı rayonda öz biznesini qurub, şadlıq evlərinin məsələlərilə məşğuldur, əhali heç onun yadına da düşmür.
- İlham müəllim, Fəzail Ağamalı həmin müsahibədə Qafar Əliyevin də adını çəkir. Bu təssadüfdür, yoxsa?
- Rəhbərlik etdiyim təşkilat 2007-ci ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətimiz türk xalqlarının əməkdaşlığı və diaspor sahəsində fəaliyyətdir. Yarandığımız 15 ilə yaxın vaxt ərzində yüzlərlə layihə həyata keçirmişik ki, bu layihələrin də böyük bir qismi Avropanın əsas siyasi mərkəzlərində - Brüssel, Strasburq, Haaqa, Gent, Budapeşt kimi şəhərlərdə həyata keçirilib. Bu layihələrin əksəriyyəti həmin şəhərlərdə olan Azərbaycan və Türk diasporlarının birgə əməkdaşlığı ilə baş tutub. Xocalı soyqırımının tanıdılması, Qarabağ problemi, Ermənistanın xalqımıza qarşı apardığı etnik təmizləmə siyasəti bizim layihələrimizin ana xəttini təşkil edib. Bu tədbirlərdə davamlı olaraq, Dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, media nümayəndələri iştirak ediblər. Qafar Əliyev Prezident Adminstrasiyasının diasporla iş üzrə sektor müdiri olduğu üçün haqlı olaraq dəfələrlə bizim tədbirlərimizdə iştirak edib. Bu tədbirlərin hər biri milli mücadiləmizi əks etdirib, erməni vandalizminə qarşı olub. Biz bu işlərimizlə fəxr edirik və bunu davam etdirəcəyik. Mən bu təşkilatı yaratmadan əvvəl də diaspor fəaliyyətilə məşğul olmuşam, hətta milli maraqlarımıza xidmət edən bir çox tədbirlərə dəstək də göstərmişəm.
2006-cı ildə Azərbaycan prezidenti diaspor təşkilatlarımıza “hücum diplomatiyası”nı bir hədəf olaraq göstərdiyi vaxt bu təşkilatı yaradıb, daha aktif fəaliyyətə başlamışam. Məhz bu fəaliyytə başladıqdan sonra Prezident Adminstrasiyasında diaspor fəaliyyətinə nəzarət edən Qafar Əliyevlə tanış olmuşam. Bizim tanışlığımız 2007-ci ildən başlamışdır. Fəzail Ağamalının isə bu münasibətləri xəyal gücünün təsiri ilə başqa yerlərə yazması gülünc və absurddur.
Yeri gəlmişkən, məlumat üçün bildirirəm ki, fevral ayının 23-28-də biz yenidən Brüssel və Haaqa şəhərlərinə səfər edirik. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihəsi əsasında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş fotosərgi və tədbir keçirəcəyik. Bu bizim milli mücadiləmizdir və hər zaman da davam etdirmək əzmindəyik.
Fəzail Ağamalı isə yaxşı olardı ki, siyasi intiriqalarından və şəxsi biznesindən əl çəkib, seçicilərinin problemləri ilə məşğul olardı.
Aygün Bayramqızı
Paralel.az