Allah buyruqlarını ağıllı şəxslərin diliylə açıqlayar

Allah buyruqlarını ağıllı şəxslərin diliylə açıqlayar
 

Allah buyruqlarını ağıllı şəxslərin diliylə açıqlayar – Elmi-lədun

Hansı ölkədə ki torpaqlar məhsuldardır, orada idarəedənlər ədalətsiz, yalançı olar

Ey bəşər övladları! Yaradanın xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar.

Yaradana yaxınlaşmaq üçün vasitə axtarın. Əgər yetimlərin həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə, o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun.

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın!
Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Yaradan barəsində yalnız həqiqəti deyin. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa qalan insanlar ziyan içərisindədir.

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Siz yetimə ehtiram göstərməlisiz, kasıbı yedirməyə bir-birinizi təhrik etməlisiniz. Mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz.
Yaradan hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi. Yaradan sizi torpaqdan bir bitki kimi bitirmişdir. Çalışın biri-birinizi kasıbı yedirtməyə rəğbətləndirin.

Kamil insanlar dünyanı əl içi boyda bir çadıra çevirəcəklər. Sizlər bir gün səhər yuxudan oyananda görəcəksiniz ki, bir gecədə dünyaya sülh qarı yağıb, sərhədlər görsənmir. Bu sərhədlər millətləri, irqləri, ölkələri, biri-birindən ayıran bir maneədir. Sizlər o an dünyanın vətəndaşı olacaqsınız. Elə hökümətlər vardır ki, günün günorta çağı, öz xalqını soyurlar. Onıar yalandan Yaradanın adından danışarlar, adil olduqlarını deyərlər. Onların sözlərinə yox, əməllərinə baxın.

Hansı ölkədə ki torpaqlar məhsuldardır, orada idarəedənlər ədalətsiz, yalançı olar. Hansı ölkədə ki torpaqlar məhsuldar deyil, insanlar aqil olar, idarəedənləri isə adil olarlar. Bunun səbəbi həmin torpaqların üzərində yaşayan insanların elmə marağından aslıdır. Çalışın, torpaqla uğraşarkən elmlənməyi də unutmayın ki, əməyinizi istismar etməsinlər. Haqqınızı elminizlə qoruyun.
Güclü küləklərin qaldırdığı dalğalar ləpələnəcək, sərhədləri aşacaq, dünyaya səs salacaqdır. Ədalət bərpa olunduğu gün sülhün doğulduğu gündür.
Bəzi dəllallar sizin yaradıcı istedadınıza mane olarlar; sizə paxıllıq edərək belə söylərlər: “Həyat bir anlıqdır və fanidir, özünü belə şeylərlə yorma”. Belə sözlərə aldanmayın. Çalışın dünyanı və insanları mütərəqqi fikirlərlə dəyişin. Onda uğur qazananlardan olarsınız.

Biz elə etməliyik ki, hamı müdrük olsun. Müdrük insanın ürəyi tərəziyə bənzər və o heç bir şəxsin haqqında girməz. Avam insan isə, kar, kor, lal insana bənzəyər; onda yeni fikirlər yoxdur. Onu ancaq qədimdən gəlmə fikirlər və öz dərdi maraqlandırar. Onlarda özünə inam yoxdur.
Kamillik dövründə yoxsulların nəsibi susmaq və səbr etmək olmayacaq. Əsəbləşmək, hirslənmək acizlik əlamətidir. Əsəb coşğunluğu olan insanın ən böyük dərmanı oruc tutmaq, təmiz havada gəzmək və xoş ünsiyyətdir. Bütün əsəbiylə ətrafa atəş saçan insana veriləcək ən böyük cavab susmaqdır.

Şəhərləşmənin gətirdiyi yalnızlıq, susqunluq, qohumu sevməmək hissi kamillik dövründə qar kimi əriyib yoxa çıxacaq.
Qənaətcil olun, israfçı və xəsis yox. Aza qənaət edə bilməyən çoxa da qənaət edə bilməz. Pul sizin tanrınız yox, xidmətçiniz olsun. Pul elə bir şeydir ki, o qəfildən artdıqca insan ölümsüz olacağını düşünür. Pul sizin ömrünüzü artırar, amma, sizə əbədi həyat verməz. Gərək siz cəmiyyətə faydalı olasınız ki, Yaradana qovuşanlardan olasınız.

Kamil insanlar çeşməyə bənzəyərlər. Elə çeşmə ki, o susuzluqdan yanan dodaqların alovunu alan fərahlıq mərkəzidir.
Hər bir şeydə gözəlliklər görməyə çalışın. Hər çirkinlikdə bir gözəllik gizlədilmişdir. Aqil olun ki, bunu tapasınız. Bunu tapan insanlar uzunömürlü olarlar. Könül nə mal istər, nə mülk; könül ədalət və sevgi istər.

Yaxşılıq icad edənlər Yaradana qovuşarlar. Pislik icad edənlər vəhşi heyvandan fərqlənməzlər. Bütün insanlar, irqlər, dinlər bir kökdən yaranmışlar və bunları ayırmaq əti dırnaqdan ayırmağa bənzər. Can qorxusu olmasın, bəşəriyyətə fayda verməmə qorxusu olsun. Yer kürəsi bizim vətənimizdir.
Sual verməkdən qorxmayın. Dünyada sual verənlərin sayı çox olsa avamlıq tarixə qovuşar.

Xoş ətirlərdən istifadə edin; onlar ürək açandır. Ətir bayramı keçirin. Çalışın həmin bayramda yeni-yeni ətirlər yaradın, həmin ətirlərin ilk iyi ətir bayramında hiss olunsun.
Konstitusiyalar, qanunlar sizi qorxutmasın; unutmayın ki, onlar qələmlə yazılıb və silinərək sizin üçün daha sərfəli şərtlərlə əvəzlənə bilər. Əsas odur ki, haqqınızı, hüquqlarınızı tələb edənlərdən olun.
Həyat elə bir müəllimdir ki, heç bir tələbəsinə öz sirlərini təcrübəsiz öyrətmir.

Pis adamlar çoxdur. Pis adamların bəziləri istəyir ki, onun ucbatından heç kəs sevinməsin, elə olsun ki, hamı ona möhtac olsun, amma, o heç kimə təmənnasız yaxşılıq etməsin. Əgər kimsə bir başqasına yaxşılıq edirsə, paxıl adamlar kədərlənər və ürəyində deyər ki, vay, o məndən daha yüksək olacaq. Bir para pis adamlar isə, daima fikirləşər ki, qoy başqasının haqqını yeyim; nə olur olsun, pulum çox olsun, o zaman mən ölümsüz olaram. Bir qurup pis adamlar da çalışarlar ki, yaxşılıq və xeyirxahlıq həmişəlik yer üzündən silinsin.

Sevgi səmimilik yaradır, qorxu isə, tabeçilik yaradır.
İnkişaf etmiş ölkələr lütləşməklə, əxlaqsızlıqla inkişaf etmədilər. Elə olsaydı ibtidai icma quruluşunda paltarsız insanlar ən inkişaf etmiş ölkə yaradardılar. Əxlaqsızlıq insanı, ailəni, dövləti məhv edir. Ancaq elmlə, biliklə inkişaf etmək olar. Əxlaqsızlığın qarşısını almaq üçün çoxlu iş yerləri açın və gəncləri evlənməyə təşviq edin. İçimizidən keçən yaxşı niyyətlər belə bizim əxlaqımızı gözəlləşdirir və bir gün gəlir o yaxşılığı həyata keçirmək imkanı doğurur.
İnsan anlamalıdır ki, onun oruc tutmasının, ibadət etməsinin Yaradana xeyri yoxdu və o, bunları yalnız özü üçün edir. Bütün sıxıntılarımız özümüz üçün dua etməməyimizdən və paylaşmamağımızdandır.

İnsanı qorxuya salan məlumatsızlıqdır; oxuyun ki, məlumatınız çoxalsın.
Bu kitab mimikadan istifadə etməyən natiqdir. Bu kitab qədimdəki vəsiyyətləri gələcəkdəkilərə çatdırar. Maşın yanacaqsız hərəkət etmədiyi kimi, insan da yaxşı əməlsiz yaşaya bilməz. Müdrüklərin xəbərdarlıqlarına qulaq asmayan əvəzini ödəyər; buyruqlara hörmətli olan mükafatını alar. Müdrüklərin öyrətdiklərini həyat qaynağı bilin, insanları erkən ölüm tələlərindən qurtarın.
Ehtiyatlı adam işini bilərək edər; ağılsız adam isə, axmaqlığını sərgiləyər.

Yerinə yetən dilək xoşbəxtlik gətirər. Ağılsız adam pislikdən uzaq qala bilməz.
Müdriklərlə dostluq edən müdrik olar; ağılsızlarla dostluq edən zərər görər. Müdrik qadın evini saray edər. Axmaq qadın isə, evini xarabaya çevirər. Axmaq müdrikliyi axtarsa da tapa bilməz. Ağıllı üçünsə bu su içmək kimi asandır. Axmaq adamlardan uzaq gəzin, çünki, onda öyrəniləsi bir şey yoxdur.
Elə yol var ki, insana düz kimi görünər, amma, sonu ölümdür. Bu yol əxlaqsızlıqdır.

Axmaq adam hər sözə inanar. Ehtiyatlı olansa atdığı hər addımı hesablayar. Müdrik adam qorxduğu üçün, pislikdən uzaqlaşar; fikirləşər ki, bu əməl, bu qida onun səhhətinə ziyan gətirər. Axmaq isə, nağıllardan qorxub bu işi etməz. Axmağın mirası ağılsızlıqdı. Müdrükün tacı isə ağıldır. Kamillik dövründə alçaqlar yaxşılara, acgözlər isə, müdrüklərə məğlub olacaqlar.
Tənbəli doğmaları da sevməz; lakin çalışqanın dostu çoxdur. Daima çalışqan olun. Hər əmək qazanc gətirər.

Əməlsiz ibadət isə, insanı tənbəlliyə aparar.

Dünyanın ucalığı xalqların vicdanının və elminin artmasına bağlıdır. Xalqlar vicdansız və elmsiz olarsa dünya məhv olar.
Gec hirslənən ağıllı, tez hirslənən isə axmaqdır.
Sülh sevən insan çox yaşayar; dalaşqan isə az.
Tənbəl olub cəmiyyətə yamaq olmaqdansa, çalışqan olub hamıya xeyir vermək daha üstündür.

Müzakirə olmasa nəyin düz, nəyin səhv olduğunu siz heç vaxt bilmərsiniz. Qərarlarınızı müzakirə edərək verin.
Halallıqla qazanılan az şey, haqsızlıqla qazanılan böyük gəlirdən daha bərəkətlidir.
İnsan ağlı, maşın sürəti, mal çəkisi ilə fərqlənər. Ağıl insanın mənəvi çəkisini artırar. Onların doğumları və ölümləri də fərqlidir. Allah buyrduqlarını ağıllı şəxslərin diliylə açıqlayar. Bu səbəbdən ağıllı şəxslər ədaləti tapdalamazlar. Dürüst danışanı hamı sevər, çünki, onlar cəmiyyəti xəstələnməkdən qoruyarlar.
Xoş söz pətəkdəki bal kimidir - cana şirin və bədənə şəfadır. Sülhü sevin, bu bəşəriyyətin ən böyük tələbatıdır.
Çörəkçini çalışdıran onun iştahıdır; tənbəllik insanı qamçılayar.
Göz qırpmaq əsəbiliyə və yalançılığa, hiyləgər təbəssümlər isə, pisliyə işarədir.

Səbrli şəxs igiddən daha üstündür. Özünə nəzarət edən şəxs uca fatehlərdən daha üstündür
Nəvələr babaların, ədalət də idarəedənlərin tacıdır.
Ağılsıza ağıl vermək balaları əlindən alınmış ayıyla vuruşmaq kimidir.
Davanın başlanğıcı su sızıntısına bənzəyər. Qan çıxmamış çəkişməni bitirin, axı sizlər müdriksiniz.

Ağılsız tez təsir altına düşər, onun gözündə bir pərdə var, onun beyni çox zəifdi, nə desələr ona da inanar. Ağılsız onu doğana dərddir, onun atası xoşbəxtlik nədir bilməz.
Rüşvət alan sizin haqqınızı oğurlayan kəsdir.
Müdrik insanın ağzından çıxan sözlər saf su kimidir. Heç kəsə nifrət etməyin, onlara həqiqəti izah edin.
Ağılsızın dili onu ölümə aparar. Qulaq asmadan cavab vermək ayıb və axmaqlığa yozular. Ədalət hisslə dərk olunmur, o ağılla dərk olunur.

Dr. Paşa Yaqub - elmi-lədun bilicisi

0.09821605682373