“Dar dəhliz”ə girə bilmədik

“Dar dəhliz”ə girə bilmədik
 
Qanunsuz varlanma, mənşəyinin təmiz olması şübhə doğuran sərvətlərin xaricdə məhkəmə araşdırmalarına məruz qalması kimi mövzular bizi hələ bir müddət məşğul edə bilər.
Səbəb odur ki, böyük neft pulları gələnədək biz Acemoğulunun dediyi "dar dəhliz"ə girə bilmədik. Nəticədə ölkədə kiçik bir qrupun əlində nəhəng sərvət toplandı.
Dəhliz güclü hakimiyyətlə güclü cəmiyyətin bir-birinin gücünü tarazlaşdırdığı dar bir cığırdır. Ondan kənarda isə ya ümumuyyətlə mərkəzləşdirilmiş dövlətin söz sahibi olmadığı qəbilə dövlətləri, ya da cəmiyyətin son dərəcə zəif, hakimiyyətin isə hüdudsuz gücə sahib olduğu bir toplum var.
2005-ci ilədək dəhlizə daxil ola bilsəydik nə baş verəcəkdi?
İcra hakimiyyətini öz qarşısında tam hesabatlı edən bir parlament hakimiyyəti olacaqdı. Məhkəmə hakimiyyəti siyasi təsirlərdən müstəqil olacaqdı. Müxalifət, vətəndaş cəmiyyəti və media kənar audit gücünü tam realizə edə biləcəkdi. Medianın ortaya çıxardığı hər korrupsiya faktı siyasi zəlzələ yaradacaq, istefalara səbəb olacaqdı.
İqtisadiyyatda rəqabət olcaqdı - 5-10 şirkət ölkənin bütün gəlirli sahaləri öz qanadının altına ala bilməyəcəkdi. 
Şəffaf satınalma sistemi olacaqdı - ixtiyari bir şirkət nəhəng bir sektorun (məsələn, səhiyyə sisteminin) bütün zəruri ehtiyaclarını qarşılayaraq milyardlar qazanan subyekt olmayacaqdı.
Nəticə əsaslı büdcə sisteminə keçid baş verəcəkdi - büdcədən vəsait alan hər nazir, şirkət rəhbəri xərclədiyi hər manatın hesabatını verəcəkdi. Hara xərcləyib, cəmiyyət bundan hansı iqtisadi, sosial fayda götürüb.
Təəssüf ki, bunlar heç biri olmadı. 
Nəyin bahasına olursa-olsun dəhlizin içərisinə daxil olmaq lazımdır. Ziyanın harasından qayıtsan, faydalıdır
 
Rövşən Ağayev
0.01637601852417