"Minsk qrupunun fəaliyyətində artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir"

 

“Qürurverici haldır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin nəticələrini beynəlxalq miqyasda legitimləşdirməyə nail olub. Keçirilən üçtərəfli görüşlərin nəticələri onu deməyə əsas verir ki, qlobal güc mərkəzlərinin Cənubi Qafqazla bağlı gündəlikləri Azərbaycanın mövqeyi ilə demək olar, üst-üstə düşür. Bu, postmüharibə dövründə qazandığımız siyasi-diplomatik nailiyyət kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan strateji diplomatiya özünün bariz nəticələrini verməkdədir”.

Bunu politoloq Ceyhun Əhmədli deyib. 

Politoloqun sözlərinə görə, Avropa İttifaqının sədri qismində Fransanın vasitəçiliyi ilə keçirilən sonuncu müzakirələrin nəticələri də bunu təsdiq edir: “Bu, Avropa İttifaqının moderatorluğu ilə baş tutan ikinci görüş idi. Bundan əvvəl Brüsseldə keçirilmiş müzakirələrdə təşkilatın konstruktiv yanaşmasının şahidi olmuşduq. Avropa İttifaqı sərgilədiyi mövqe ilə regionda etimad quruculuğu prosesinin dərinləşməsində maraqlı olduğunu göstərdi. Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi bu gün də davam etməkdədir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və digər humanitar məsələlər təşkil edir”.

C.Əhmədli vurğulayıb ki, sonuncu görüşdə diqqəti cəlb edən əsas məqamlardan biri odur ki, sənəddə Minsk qrupuna istinad yer almayıb: “Sənəddə Qarabağ münaqişəsi və ümumiyyətlə, münaqişə barədə bir kəlmə də yoxdur. Bu, bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir. Qərəzli mövqeyi ilə daha çox fərqlənən Fransa belə yeni reallıqları qəbul etmək məcburiyyətində qalıb. Bəlli olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müharibədən sonrakı ilk bəyanatları yeni reallıqlardan tamamilə uzaq idi. Həmin bəyanatlarda vaxtaşırı münaqişə mövzuları, status və digər qəbuledilməz məsələlər qabardılırdı. Lakin sonradan onlar da 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına və digər əlaqədar sənədlərə istinadlar verməyə başladılar. Yəni, Minsk qrupunun fəaliyyətində də artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir. Əlbəttə, burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın güclü ölkə olması rol oynadı. Xüsusən Prezident İlham Əliyevin xarici KİV-lərə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib çıxardı”.

Paralel.az

0.017518043518066