"AAAF Park" MTK əhalini aldadır, insanlar etiraz edir - Aksiya

 

Mövzunun əvvəlində qeyd edək ki, mənzilə ehtiyacı olan insanları aldatmaq, dələduzluq yolu ilə pul qazanmaq Azərbaycanda mənzil tikintisilə məşğul olan komplekslərin asan qazanc mənbəyinə çevrilib.

Belə tikinti şirkətlərindən biri də Xırdalan şəhərində yerləşən “AAAF Park” Yaşayış Kompleksidir. Bu Kompleksindən ev almaq üçün vəsait ödəmiş bir qrup vətəndaş sözügedən yaşayış kompleksinin qarşısında tez-tez etiraz aksiyası keçirirlər.

Paralel.az xəbər verir ki, vətəndaşlar evlərin pulunu ödədikləri halda, hələ də evlərin onlara təhvil verilmədiyini bildirirlər. Abbasov Anar Aydın oğlu deyib ki, ev üçün 44 min manat ödəyib, lakin indi ona evi versələr belə təmir etdirəcək vəsaiti yoxdur:
“Camaat evsiz-eşiksiz qalıb. Burada xanımlar var ki, yoldaşı yoxdur, 2-3 uşaqla qalıb küçələrdə. 200-300 manat kirayəpulu ödəyirlər. Mən pulumu istəyirəm. Belə olmaz axı, Gərək gələk özümüzü burada yandıraq, ondan sonra?! O həddə gətirib çıxarıblar”.
Aksiya iştirakçıları bildiriblər ki, neçə ildir “AAAF Park” rəhbərliyinə müraciət etsələr də, rəhbərlik müxtəlif vədlərlə onları aldadır və verdikləri vədləri yerinə yetirmirlər.

Aksiyada həmçinin “AAAF Park”ın bəzi sakinləri də iştirak ediblər. Onlar bildiriblər ki, neçə illərdir qaz sayğaclarının quraşdırılması üçün ödəniş etsələr də, onların mənzilində qaz sayğacları quraşdırılmayıb.
Qeyd edək ki, yaşayış kompleksinin aksiya keçirilən hissəsinə polis əməkdaşları da cəlb olunub.

Məsələ ilə bağlı “AAAF Park”dan Paralel.az-a bildirilib ki, şirkətin maliyyə problemləri olduğu üçün inşaat prosesi ləng gedir: “Amma biz buna rəğmən tikintini davam etdiririk. Əsasən 3 küçədə tikinti işləri qalıb – 19, 28 və 29. Biz hazır bina satmırıq. İnsanlardan pulu alırıq, onların pulu ilə bu binanı tikirik. Pandemiyaya görə də onlar ödənişlərini edə bilmirlər”.
Şirkətdən o da bildirilib ki, ödədikləri vəsaitləri geri almaq istəyən sakinlərin belə bir haqqı var: “Müqavilədə də qeyd olunub ki, əgər kim aldığı evi geri qaytarsa, o ev əvvəlcə satışa qoyulur, satıldıqdan sonra cərimə ödənilir və sakinin pulu özünə qaytarılır”. Qeyd edək ki, sakinlərin pulunu ödədikləri mənzillər hələ tikilməyib.

Ölkənin mənzil tikinti təşkilatlarının fəaliyyətində ardıcıl baş verən bu hadisə ilə bağlı İstehlakçıların Hüquqlarının müdafiə təşkilatının rəhbəri Eyyub Hüseynovun fikirini öyrəndik. O, Azərbaycanda mənzil tikintisilə məşğul olan təşkilatların əhalini aldadıb narazı salmaları hallarının geniş yayıldığını təsdiqlədi. E. Hüseynov onu da əlavə etdi ki, "AAAF Park" əhalini aldadan və narazı salan tikinti şirkətləri arasında öndə gedir.

Mövzunu diqqətdə saxlayacağıq, şikayətçilərdən ərizələrin qəbulu davam edir.

P. S. Qarşı tərəfin mövqeyini dərc etmək haqqını tanıyırıq.

Aygün Bayramqızı

0.026134014129639