Azərbaycana ayrılan 2 milyard avro hansı sahələrə xərclənəcək?

Azərbaycana ayrılan 2 milyard avro hansı sahələrə xərclənəcək?
 

Avropa İttifaqının Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırması barədə bəyanatı qurumun rəsmi Bakı ilə Avropaya qaz təchizatını artırmaq üçün müzakirə aparmasıyla eyni vaxta təsadüf edir.

Cümə günü Avropa İttifaqının rəsmiləri Bakıda Prezident İlham Əliyevin də qatıldığı müzakirələrdə Azərbaycanın Avropaya qaz təchizatının artırılması imkanlarını müzakirə ediblər.

Elə həmin gün Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib.

Komissar bildirib ki, onlar Azərbaycan rəsmiləri ilə bu vəsaitin xalqın faydalana biləcəyi layihələrə yönəltməyi müzakirə ediblər.

Ötən il Ermənistanla müqayisədə Azərbaycana daha az həcmli maliyyə paketinin ayrılması rəsmi Bakının tənqidinə tuş gəlmişdi.

BBC News Azərbaycancaya danışan bəzi təhlilçilərə görə, Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafı tərəflər arasında nəzərdə tutulan ikitərəfli sazişin imzalanmasını sürətləndirə bilər.

"Başlamağa hazır olan bir çox əla investisiya layihələri var"

Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi deyib ki, 2 milyard dollardan artıq vəsait "konkret layihələrin" reallaşması üçün nəzərdən keçirilir.


"Başlamağa hazır olan bir çox əla investisiya layihələri var. Biz üzərində işləmək üçün bir sıra digər layihələri də müəyyən etdik. Beynəlxalq maliyyə institutları ilə biz Azərbaycanın iqtisadi inkişafını yeni səviyyəyə çatdırmaq və artım üçün real imkanlar yaratmaq üçün ən azı 2 milyard avro investisiya cəlb edə bilərik,"- Oliver Varhelyi tvitində bildirib.

Bəs, bu vəsait hansı sahələrə yönələcək?

Bu suala Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxış edən Aİ komissarı aydınlıq gətirib. O, xalqın investisiyalardan birbaşa bəhrələnə biləcəyi layihələrin müzakirə olunduğunu deyib.

Cənab Varhelyi misal olaraq, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar, kiçik və orta biznesə, habelə tədqiqat və inkişafa dəstək kimi sahələri qeyd edib.

Ötən il Cənubi Qafqaza səfər edən Aİ Şurasının Prezidenti Charles Michel Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılacağını elan etmişdi. O zaman Azərbaycan Prezidenti Ermənistanla müqayisədə Azərbaycana daha az vəsaitin ayrılmasından narazılığını ifadə etmişdi.

"Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir," - deyə ötən yay İlham Əliyev Aİ qərarına münasibətini səsləndirmişdi.

Nə o zaman, nə də sonradan Avropa İttifaqı rəsmiləri Prezident İlham Əliyevin dediklərini şərh etmişdilər.

Bir neçə gün öncə Avropa İttifaqı rəsmiləri Azərbaycandan Avropaya qaz təchizatının artırılmasını istədiklərini dilə gətirmişdilər.

Fevralın 4-də Bakıda səfərdə olan Aİ-nin energetika məsələləri üzrə komissarı Azərbaycanın Avropaya qaz ixracını artırmaq imkanlarını müzakirə edib.

Prezidet İlham Əliyevlə görüşdən sonra Kadri Simson deyib ki, Avropa İttifaqı Azərbaycanın təbii qaz tədarükünü ildə 10 milyard kubmetrə qədər artırmasını görmək istərdi.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına qaz ixracının artdığını bildirib.

"Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya, demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub," - İlham Əliyev Bakıda cümə günü keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında deyib.

"Bakının iradına cavab ola bilər"

Bəzi təhlilçilər qaz ixracının artırılması istəyi ilə 2 milyard avroluq maliyyə paketinin ayrılacağı barədə bəyanatın eyni vaxta düşməsini təsadüfi saymırlar.

İqtisadi təhlilçi Natiq Cəfərliyə görə, bu, Azərbaycanla Aİ arasında nəzərdə tutulan ikitərəfli sazişin imzalanması prosesini sürətləndirə, eyni zamanda Avropanın yeni qaz mənbələrinə çıxış əldə etmək niyyətini tez bir zamanda gerçəkləşdirə bilər: "Çünki bu kimi qlobal layihələrdə qarşılıqlı maraq doğuran məsələlərin həlli həmişə önə çıxır".

Onun fikrincə, yeni maliyyə paketini ötən il Ermənistanla müqayisədə Azərbaycana daha kiçik yardım ayrılmasıyla bağlı Bakının iradına bir cavab kimi də qiymətləndirmək olar.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2 milyard avroluq maliyyə paketinin ayrılmasını "təqdirə layiq" saysa da, bu vəsaitlərin istifadəsiylə bağlı "pessimist" olduğunu deyir. O, xüsusən də "yaşıl energetika" kimi sahələrə yönələcək vəsaitlərin icrası üçün şəraitin olmadığını qeyd edir.

"Təsəvvür edə bilmirəm ki, insanlar öz evlərində hansısa elektrik panelləri qurub enerji istehsal etsinlər və onu dövlətdən almasınlar. Əmin deyiləm ki, hazırkı şərtlər daxilində buna icazə versinlər".

Anar Məmmədli əlavə edir ki, xüsusilə "yaşıl enerji"yə yönəlmiş layihələrin icrası üçün qanunverici mühit yoxdur, amma o düşünür ki, "nədənsə başlamaq lazımdır".

Aİ ilə Azərbaycan arasında imzalanması gözlənən saziş

1990-cı illərin əvvəllərində Qərblə sıx əlaqələr qurmağa qərar verən Bakı 1996-cı ildə Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə imza atıb. Amma başqa post-kommunist ölkələrindən fərqli olaraq Bakı İttifaqa üzvlük perspektivini nəzərdən keçirmir.

2017-ci ildən bəri Bakı və Brüssel strateji əməkdaşlıq sazişini müzakirə edirlər. İndiyədək Azərbaycan sazişin əsasən hazır olduğunu desə də, həllini tapmamış "bəzi məsələlərə" görə danışıqların ləngidiyini bildirirdi.

Lakin ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov saziş üzrə işin aktivləşdiyini və bu il sazişin imzalanmasının mümkün olduğunu deyib.

Sazişin layihəsi ictimaiyyətə məlum deyil və fikir ayrılığına səbəb olan məsələlər rəsmən açıqlanmır.

Aİ-nın Azərbaycan nümayəndəliyi BBC News Azərbaycancanın sazişlə bağlı fikir ayrılığına səbəb olan məsələlərə dair sorğusunu indiyə kimi cavablandırmayıb.

Aİ Azərbaycanın əsas tərəfdaşıdır və xarici ticarət dövriyyəsinin təxminən 40 faizi onun payına düşür.

Paralel.az

0.024407148361206