Bəqərə surəsinin mesajları

Bəqərə surəsinin mesajları
 



Siracəddin Hacı

XV Yazı

İnfaq deyir ki, uca Allahın rizası xalqın rizasına bağlıdır. İnfaq sərvətin əsl sahibini tanıdar, insana azadlıq bəxş edər, xəsislikdən qurtarar, qənaəti öyrədər, israfdan qoruyar, şükrə yönəldər, halal qazanca yönləndirər, münafiqlikdən xilas edər, qəlbləri bir-birinə yaxınlaşdırar, müalicə edər, neməti artırar, ilahi yardım və rizaya yol açar...
İnfaq malın və canın uca Allaha fəda edilməsidir.
Uca Allah səxavətli olmağı öyür, onu cihadla bir tutur, infaq cihadın bir şöbəsidir.
Uca Allah buyurur ki, bolluqda da, darlıqda da ver (Ali-İmran, 3/134), gizli, ya da açıq ver (Rəd, 13/22), Allah yolunda ver (Bəqərə, 2/95), Allah rizası üçün ver (Bəqərə, 2/265), göstəriş üçün vermə (Bəqərə, 2/264; Ali-İmran, 3/117).
İnfaqın ədəbi var:
- könüllü, sevə-sevə, sevdiyindən ver, bil ki, əslində, uca Allaha verirsən;
- keyfiyyətli olandan ver;
- verdiyinin başına qaxma;
- gizi verilməsi daha xeyirlidir;
- infaq edən özü üçün edər;
- orta yolu tut;
Uca Allah infaqın veriləcəyi ünvanları bir-bir saymışdır: “Onlar hansı şeydən infaq edəcəklərini səndən soruşurlar. De ki, maldan infaq edəcəyiniz şey ananın, atanın, qohumun, yetimlərin, yoxsulların, yolçunun haqqıdır” (Bəqərə, 2/215).
İnsanın infaq etməsinə mane olan səbəblər bunlardır:
- xəsislik – dində xəsislik yasaqlanmışdır. Allah Rəsulu buyurur ki, yox olsun, həlak olsun pulun qulları, xəsislər cənnətə girməzlər;
- qızıl və gümüş tutqusu – “Qızılı və gümüşü yığanları, onları Allah yolunda infaq etməyənləri acıqlı bir əzabla müjdələ!” (Tövbə, 9/34);
- yoxsulu doyurmağa təşviq etməmək – “Onlar ki, yoxsulu doyurmağa təşviq etmirlər” (Maun, 107/3);
- şeytan infaq edilməsini istəməz – “Şeytan sizi yoxsulluqla qorxudur...” (Bəqərə, 2/268);
- göstəriş üçün infaq – “Onlar Allaha və axirət gününə iman etmədikləri halda, mallarını insanlara göstəriş üçün infaq edənlərdir...” (Nisa, 4/38);
DÖRDÜNCÜ AYƏNİN ANLAMI
والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ
إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ
“Və onlar sənə endirilənə iman edərlər, səndən öncə endirilənə də, (onlar) axirətin varlığına aid ilahi bilgiyə mütməin bir qəlblə inanmışlar”
1) “Və onlar sənə endirilənə iman edərlər, səndən öncə endirilənə də...”
Ayədəki “onlar” əvəzliyi müttəqiləri (təqva sahiblərini) nəzərdə tutur. Uca Allah onların özəlliklərini saymağa davam edir. Qeybə tam iman edən, namazı istiqamət üzrə qılan, uca Allahın lütf etdiyi ruzidən infaq edən müttəqilər Sənə (Allah Rəsuluna) endirilənə də iman edərlər. Allah Rəsuluna endirilən Qurani-Kərimdir.
Uca Allah birdir, din də birdir. Din yaradanla yaradılanlar (insanlar) arasında əlaqədir, Onun seçdiyi həyat tərzidir. Bütün vəhylər (ilahi kitablar, səhifələr) də nəbilərə nazil edilmiş, onlar vasitəsi ilə insanlığa çatdırılmışdır. Bütün dinlərin ana mesajları eynidir.
Uca Allah birdir, insanlar şəriki (ortağı) olmayan Allahın qullarıdır, bütün elçiləri uca Allah seçmişdir, haqq dinlərin qaynağı da uca Allahdır, bütün dinlər (əslində, din də birdir) eyni əsasları təbliğ edir. Zaman, mədəniyyət, insanların bilik səviyyəsi dəyişdikcə uca Allah ehtiyaca uyğun elçilər, mesajlar göndərmişdir. Nəhayət, Qurani-Kərimin nazil edilməsi ilə din tamamlanmışdır. Qurani-Kərim vəhylərin zirvəsi, son nöqtəsi, Allah Rəsulu da nəbilərin sonuncusudur: “Bu gün dininizi sizin üçün kamala çatdırdım və sizə olan nemətimi tamamladım, İslamı (Allaha təslimiyyəti) sizin üçün həyat tərzi olaraq mənimsədim” (Maidə, 5/3).
Müttəqilər (qorunmuş olanlar) Allah Rəsuluna endirilən Qurani-Kərimə inandıqları kimi, öncəki ilahi mətnlərə də inanırlar. İslam öncəki dinlərin davamıdır, inanc əsaslarında heç bir fərq yoxdur, hədəf də eynidir.
Məhəmməd Əsəd yazır ki, bu ayə Qurani-Kərimin təməl əqidələrindən biri olan ilahi vəhyin davamlılığı ölçüsünə işarədir. Həyat – Qurani-Kərimin bizə öyrətdiyi kimi – bir-biri ilə əlaqəsi olmayan sıçramalar zənciri deyil, tərsinə, davamlı və təbii (bir-birinə bağlı) gedişatdır. Bu qanun insanın dini təcrübəsini içinə alan (əhatə edən) zehin həyatı üçün də doğrudur.

Qurani-Kərimin bizə çatdırdığı din bu yolla, yəni ondan öncə gələn və İslam inancına görə ən son və ən mükəmməl şəklinə İslamda qovuşan böyük təktanrılı etiqadlar çərçivəsində oxunduğunda doğru anlaşıla bilər (Muhammed Esed, Kuran mesajı, s.4).
Vəhyə (vəhylərə) inanmayanlar hidayətə qovuşmazlar. Bu ayədə Allah Rəsuluna və hz. İsanın nübuvvətinə inanmayan yəhudilərə, yəhudilərin, xristianların peyğəmbəri olan hz.İsaya olan münasibətin eynisini Allah Rəsuluna göstərən xristianlara (onlar Allah Rəsulunu qəbul etmirdilər) işarə (tənqid) var. Uca Allah dolayı yolla Allah Rəsuluna və Qurani-Kərimə inanmayan kafirləri qınayır.
Bu ayənin doğru anlaşılması üçün Qurani-Kərimdə önəmli yer tutan təsdiq anlayışı tanıdılmalıdır. “Təsdiq” sözü “s-d-q” kökündəndir, Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı yüz əlli beşdir, bu mənaları var:
a) “doğru söyləmək” – “De ki, Allah doğrunu söyləmişdir. Elə isə haqqa yönəlmiş olaraq İbrahimin dininə uyun” (Ali-İmran, 3/95);
b) “təsdiq etmək” – “(Allaha inananlar) hesab gününü təsdiq edərlər” (Məaric, 70/26);
c) “dəstəkləmək” – “... Onu da məni təsdiq edən bir yardımçı olaraq mənimlə birlikdə göndər” (Qəsəs, 28/34);
d) “sədəqə vermək” – “Kim bunu (qisası) bağışlayarsa o, özü üzün kəffarət olar” (Maidə, 5/45);
e) “sözünü tutmaq” – “Əlbəttə, Allah sizə verdiyi sözü tutdu” (Ali-İmran, 3/152);
f) “mehir” – “Qadınların mehrini könül rizası ilə verin” (Nisa, 4/14);
g) “dost” – “Ya da dostlarınızın evlərində yeməyinizdə sizə bir günah yoxdur” (Nur, 24/61);
“Təsdiq” anlayışından ilahi mətndə Qurani-Kərimin öncəki kitabları təsdiqi anlamında iki dəfə istifadə edilmişdir (Yunus, 10/37; Yusuf, 12/111). “Musaddiq” sözü də (ismi-faildir, “təsdiq edən”, “doğrulayan”) ilahi kitabların və elçilərin sifəti-özəlliyi olaraq tanıdılır (Bəqərə, 2/41, 89, 91, 97, 101; Ali-İmran, 3/3, 50, 81...).
Uca Allah buyurur: “Bu Quran başqası tərəfindən uydurulub Allaha aid edilmiş deyildir. Öncəkiləri təsdiq edən, o Kitabı açıqlayan, içində şübhəyə salacaq heç bir şey olmayan və varlıqların sahibi tərəfindən endirilmiş olan Kitabdır” (Yunus, 10/37).
Uca Allah bu ayədə təsdiq anlayışından yararlanaraq Qurani-Kərimə atılan iftiranı rədd edir. O, uca Allahın sözüdür, çünki (bir də ona görə ki) öncəki kitabları təsdiq edir. Ey bu kitaba inanmayanlar, inandığınız kitablarla bu kitabı tutuşdursanız, həqiqəti görəcəksiniz.
2) “... Axirətin varlığına aid ilahi bilgiyə mütməin bir qəlblə inanmışlar”
Uca Allah müttəqilərin (qorunmuşların, uca Allah qarşısında məsuliyyətini dərk edənlərin) özəlliklərini tanıtmağa davam edir: onlar axirətlə bağlı uca Allahın verdiyi bilgiyə (axirət qeyb aləmidir, onun necəliyini ancaq uca Allah bilir) mütməin bir qəlblə, heç bir şübhəyə yer qalmadan, səmimi, içdən, əminliklə inanırlar.
“Axirət” sözü “ə-x-r” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə iki yüz əlli yerdə işlədilmişdir, bu mənaları var:
a) “ertələmək” – “Biz onu (qiyamət gününü) sadəcə sayılı bir müddətə qədər təxirə salarıq” (Hud, 11/104);
b) “başqası” – “Hərəsi bir qurban təqdim etmişdilər, birindən qəbul edilmiş, o birisindən qəbul edilməmişdi” (Maidə, 5/27);
c) “son” – “O, ilkdir, sondur, zahirdir, batindir” (Hədid, 57/3).
“Axir” sözünün ziddi “əvvəl”dir, axirət ikinci həyatdır. Qurani-Kərimdə “axirət yurdu”, “son yurd” ifadələrinə yer verilir (Ənam, 6/32; Yusuf, 12/109).
Axirət dünya həyatından sonra başlayıb əbədi davam edəcək olan ikinci həyatdır. Onun varlığına inanmaq iman əsaslarından biridir. Qurani-Kərimdə “axirət” sözünə yüz on beş dəfə yer verilmiş, çox zaman “əl-yəvmul-axir”, “əd darul-axirə”, “darul-axirə” biçimində, “dünya həyatı”nın (“əl-hayatud-dünya”) ziddi kimi işlədilmişdir. Dünya ilk, axirət sondur, bir-birinə bağlıdır, dünya həyatın başlanğıcı, axirət sonudur. Axirət yolun sonudur, əbədi həyatdır (Ənkəbut, 29/64), daha xeyirli həyatdır (Əraf, 7/69), axirət həyatı ölümdən sonrakı bütün mərhələləri əhatə edir.
Qurani-Kərimdə çox zaman dünya və axirət həyatı qoşa işlədilmişdir (Ali-İmran, 3/45; Fussilət, 41/31; Bəqərə, 2/201; Bəqərə, 2/217...). Dünya axirətin qazanıldığı yer, onun tarlasıdır.

Axirət dünyanın ruhudur, axirətə iman hesaba, ədalətə, ilahi mükafat və cəzaya, bu dünyada etdiklərinin qarşılığını alacağına inanmaqdır. Mömin həyatını axirət hesabı ilə yaşayan, ömrünün hər saniyəsinin hesabını verə bilən insandır.
Bu dünya imtahan dünyası, axirət imtahanın nəticələrinin açıqlanacağı aləmdir. Uca Allah ayədə buyurur ki, qorunanlar (müttəqilər) axirətin varlığına mütməin bir qəlblə (tam, səmimi, içdən, təslimiyyət duyğusu ilə) inanmışlar. Bu yəqin (qəti) səviyyəsində inanmaqdır. Yəqinin üç növü var: eynəl-yəqin-bir şeyin varlığı gözlə görülür, şübhə yox olur, haqq əl-yəqin-eşitmə ilə bir şeyin varlığı qəbul edilir, elm əl-yəqin-dəlil, sübut yolu ilə yəqindir, bir şeyin varlığı elmi dəlillərlə sübut olunur. Axirətə mütməin qəlblə inanmaq onun varlığına yüzdə yüz inanmaqdır.
Axirətə iman insana bu dəyərləri qazandırır: uca Allaha qarşı məsuliyyət daşıyırsan, ey insan, bu dünyanın sonu var, ey insan, hesab var, ey insan, cənnət var, ey insan, cəhənnəm var, ey insan, son hökm uca Allahındır, ey insan, gerçək zəfər axirəti qazanmaqdır, ey insan, bu dünyada imanlı, ədalətli, şəfqət və mərhəmətli ol, ey insan, axirət səadətini qazandıracaq iki nemət var, ey insan, biri iman, o birisi saleh əməllərdir.
Biz uca Allahdan gəldik (Onun istəyi ilə var olduq), Ona dönəcəyik. Axirətə iman insana deyir ki, sən boşuna yaradılmadın, bir məna və məqsədin var, məsuliyyətini qavra, axirətin üçün çalış və onu qazan. Böyük alim Seyyid Kutub yazır: “... Təqva, əslində, içdə duyulan güclü bir duyğu və könüldə hiss edilən mənəvi bir haldır. Bütün davranışları təsiri altına alacaq dərəcədə güclüdür. Könüllərin gözəl duyğularla dolmasını və davranışların düzəlməsini təmin edər. Müsəlman təqva hesabına düşüncəsi və əməli ilə Allahın rizasını qazanar. Bununla ruhu şəfa tapar. Ruhu örtən bütün daxili və xarici (iç və dış) maneələr, pərdələr təqva ilə açılar. Bunun sonunda görünənlərlə də, görünməyənlərlə də əlaqə qurar. Ruhu əhatə edən bu pərdələrin yox olması üçün ruhun sağlam olması, zahirlə batinin onun üçün fərqsiz bir duruma gəlməsi zəruridir. Bunun gerçəkləşməsi ancaq qeybə inanmaq və ruhla qeyb arasındakı əlaqəni qura bilməklə mümkün olar. Təqva və qeybə iman Allaha tələb olunan kimi ibadət etməyi zəruri edir. Rəbb ilə qul arasındakı əlaqəni təmin etmək üçün uca Allah ibadəti bir vasitə seçmişdir...” (Seyyid Kutub, Fi zilalil-Kuran, c.I, s. 59).
Uca Allah bizdən axirətə şəksiz və şübhəsiz inanmağı tələb edir. Axirət inancı olmasa, nə din, nə də sağlam bir dünya həyatı ola bilər.
Allah Rəsulu axirətlə bağlı bu ölçüləri qoymuşdur:
- axirət həyatı bir dəniz, dünya ondan bir damladır; (Riyazüs-salihin, c.III, s. 66)
- axirətə hazırlıqlı olun; (Riyazüs-salihin, c.III, s. 68)
- axirət qazancını istəyənin qazancı çoxaldılar; (Riyazüs-salihin, c.I, s. 96)
- axirət nemətləri üçün yarışın; (Riyazüs-salihin, c.III, s. 413)
- axirət yurdu təkəbbürlü olmayanlara verilər; (Riyazüs-salihin, c.IV, s. 64)
- axirətə göndərilən mal xeyirlidir; (Riyazüs-salihin, c.III, s. 361-363)
- axirətdə əməllərimizlə qarşılaşacağıq; (Riyazüs-salihin, c.I, s. 488)
- axirətdəki hesab özünü hesaba çəkənlər üçün asandır; (Riyazüs-salihin, c.I, s. 315)
Ardı var...
                         Paralel.az

0.52723002433777