Dəyişikliyə təhlükə kimi deyil, yeni imkanlar kimi baxın

Dəyişikliyə təhlükə kimi deyil, yeni imkanlar kimi baxın
 
Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi
Yaxşılıq icad edənlər Yaradana qovuşarlar. Pislik icad edənlər vəhşi heyvandan fərqlənməzlər. Bütün insanlar, irqlər, dinlər bir kökdən yaranmışlar və bunları ayırmaq əti dırnaqdan ayırmağa bənzər. Can qorxusu olmasın, bəşəriyyətə fayda verməmə qorxusu olsun. Yer kürəsi bizim vətənimizdir.
 
Sual verməkdən qorxmayın. Dünyada sual verənlərin sayı çox olsa avamlıq tarixə qovuşar.
Xoş ətirlərdən istifadə edin; onlar ürək açandır. Ətir bayramı keçirin. Çalışın həmin bayramda yeni-yeni ətirlər yaradın, həmin ətirlərin ilk iyi ətir bayramında hiss olunsun.
 
Dəyişikliyə təhlükə kimi yox, yeni imkanlar kimi baxın.
 
Konstitusiyalar, qanunlar sizi qorxutmasın; unutmayın ki, onlar qələmlə yazılıb və silinərək sizin üçün daha sərfəli şərtlərlə əvəzlənə bilər. Əsas odur ki, haqqınızı, hüquqlarınızı tələb edənlərdən olun.
 
Göydəki quşun hara uçacağı bilinmədiyi kimi, pis rəhbərin də nə edəcəyi məlum olmaz.
 
Həyat elə bir müəllimdir ki, heç bir tələbəsinə öz sirlərini təcrübəsiz öyrətməz.
Pis adamlar çoxdur. Pis adamların bəziləri istəyir ki, onun ucbatından heç kəs sevinməsin, elə olsun ki, hamı ona möhtac olsun, amma, o heç kimə təmənnasız yaxşılıq etməsin. Əgər kimsə bir başqasına yaxşılıq edirsə, paxıl adamlar kədərlənər və ürəyində deyər ki, vay, o məndən daha yüksək olacaq. Bir para pis adamlar isə, daima fikirləşər ki, qoy başqasının haqqını yeyim; nə olur olsun, pulum çox olsun, o zaman mən ölümsüz olaram. Bir qurup pis adamlar da çalışarlar ki, yaxşılıq və xeyirxahlıq həmişəlik yer üzündən silinsin.
 
Sevgi səmimilik yaradır, qorxu isə, tabeçilik yaradır.
 
İnkişaf etmiş ölkələr lütlənməklə, əxlaqsızlıqla inkişaf etmədilər. Elə olsaydı ibtidai icma quruluşunda paltarsız insanlar ən inkişaf etmiş ölkə yaradardılar. Əxlaqsızlıq insanı, ailəni, dövləti məhv edir. Ancaq elmlə, biliklə inkişaf etmək olar. Əxlaqsızlığın qarşısını almaq üçün çoxlu iş yerləri açın və gəncləri evlənməyə təşviq edin. İçimizidən keçən yaxşı niyyətlər belə bizim əxlaqımızı gözəlləşdirir və bir gün gəlir o yaxşılığı həyata keçirmək imkanı doğurur.
 
İnsan anlamalıdır ki, onun oruc tutmasının, ibadət etməsinin Yaradana xeyri yoxdur və o, bunları yalnız özü üçün edir. Bütün sıxıntılarımız özümüz üçün dua etməməyimizdən və paylaşmamağımızdandır.
 
İnsanı qorxuya salan məlumatsızlıqdır; oxuyun ki, məlumatınız çoxalsın.
Bu kitab mimikadan istifadə etməyən natiqdir. Bu kitab qədimdəki vəsiyyətləri gələcəkdəkilərə çatdırar.
Maşın yanacaqsız hərəkət etmədiyi kimi, insan da yaxşı əməlsiz yaşaya bilməz.
 
Müdriklərlə dostluq edən müdrik olar...
 
Müdrüklərin xəbərdarlıqlarına qulaq asmayan əvəzini ödəyər; buyruqlara hörmətli olan mükafatını alar. Müdrüklərin öyrətdiklərini həyat qaynağı bilin, insanları erkən ölüm tələlərindən qurtarın.
 
Ehtiyatlı adam işini bilərək edər; ağılsız adam isə, axmaqlığını sərgiləyər.
Yerinə yetən dilək xoşbəxtlik gətirər.
Ağılsız adam pislikdən uzaq qala bilməz.
 
Müdriklərlə dostluq edən müdrik olar; ağılsızlarla dostluq edən zərər görər. Müdrik qadın evini saray edər. Axmaq qadın isə, evini xarabaya çevirər. Axmaq müdrikliyi axtarsa da tapa bilməz. Ağıllı üçünsə, bu, su içmək kimi asandır. Axmaq adamlardan uzaq gəzin, çünki, onda öyrəniləsi bir şey yoxdur.
 
Elə yol var ki, insana düz kimi görünər, amma, sonu ölümdür. Bu yol əxlaqsızlıqdır.
Axmaq adam hər sözə inanar. Ehtiyatlı olansa atdığı hər addımı hesablayar. Müdrik adam qorxduğu üçün, pislikdən uzaqlaşar; fikirləşər ki, bu əməl, bu qida onun səhhətinə ziyan gətirər. Axmaq isə, nağıllardan qorxub bu işi etməz. Axmağın mirası ağılsızlıqdı. Müdrükün tacı isə ağıldır. Kamillik dövründə alçaqlar yaxşılara, acgözlər isə, müdrüklərə məğlub olacaqlar.
 
Tənbəli doğmaları da sevməz; lakin çalışqanın dostu çoxdur. Daima çalışqan olun. Hər əmək qazanc gətirər.

Əməlsiz ibadət isə, insanı tənbəlliyə aparar.

Dünyanın ucalığı xalqların vicdanının və elminin artmasına bağlıdır. Xalqlar vicdansız və elmsiz olarsa dünya məhv olar.

Ağıl insanın mənəvi çəkisini artırar...

Gec hirslənən ağıllı, tez hirslənən isə axmaqdır.

Sülh sevən insan çox yaşayar; dalaşqan isə az.

Tənbəl olub cəmiyyətə yamaq olmaqdansa, çalışqan olub hamıya xeyir vermək daha üstündür.

Müzakirə olmasa nəyin düz, nəyin səhv olduğunu siz heç vaxt bilməzsiniz. Qərarlarınızı müzakirə edərək verin.

Halallıqla qazanılan az şey, haqsızlıqla qazanılan böyük gəlirdən daha bərəkətlidir.

İnsan ağlı, maşın sürəti, mal çəkisi ilə fərqlənər. Ağıl insanın mənəvi çəkisini artırar. Onların doğumları və ölümləri də fərqlidir. Allah buyrduqlarını ağıllı şəxslərin diliylə açıqlayar. Bu səbəbdən ağıllı şəxslər ədaləti tapdalamazlar. Dürüst danışanı hamı sevər, çünki, onlar cəmiyyəti xəstələnməkdən qoruyarlar.

Xoş söz pətəkdəki bal kimidir – cana şirin və bədənə şəfadır. Sülhü sevin, bu bəşəriyyətin ən böyük tələbatıdır.

Çörəkçini çalışdıran onun iştahıdır; tənbəllik insanı qamçılayar.

Paralel.az

0.024565935134888