Putin, Kadırov və Qroznı
Putin gerçəkdən də əsl kəşfiyyatçıdır: Kremlin sahibi çərşənbə günü Kadırovla neçə məxfi görüşübsə, nəinki Rusiya və mediasını, hətta Peskovu da fil qulağında yatıra biliblər. Bu görüşün əcaib tarixçəsi var:
02.02.2022. RİA “Novosti”. Kremlin mətbuat katibi Dmitri Peskov RF prezidenti Vladimir Putinin planlarında Çeçenistan başçısı Ramzan Kadırovla görüşün olmadığını deyir: “Bu barədə mənə heç nə məlum deyil, planda görüş yoxdur”.
02.02.2022 - gecəyarısı. Çeçenistan başçısının saytı: “Putin fevralın 2-də Moskvada Kadırovla işgüzar görüş keçirib”.
03.02.2022 – səhər. “Kommersant.ru”: “Danışıqların əsas mövzusu Çeçenistandakı sosial-iqtisadi situasiya olub...”
03.02.2022 - günortaya doğru. Kremlin.ru (Kremlin rəsmi saytı) – Putin-Kadırov görüşü barədə xəbər yoxdur. Günortadan sonra – Peskov görüş xəbərini rəsmən təsdiqləyir: “Fevralın 2-də Putinlə Kadırov arasında görüş olub”.
“Gazeta.ru”. Jurnalist: “Putin Kadırovdan qorxur?”. Peskov təəccüblənir və sualı anlamaqda çətinlik çəkdiyini deyir: “Putin nədən Rusiya regionunun rəhbərindən qorxmalıdır?”..
Kuryoz situasiyadır və jurnalistin sualında da təəccüblü bir şey yoxdur. Sanki Putin Kadırovla açıq görüşdən çəkinir, məxfi görüş barədə də xəbər yayılmasından da “utanır”. Kadırovun vecinə deyil, Kremldəki görüşdən çıxar-çıxmaz sosial şəbəkə ilə aləmə car çəkir. “Kommersant” qəzeti dövlət başçısının özünün təyin eydiyi məmuru ilə görüşünü “danışıqlar” kimi xarakterizə edir. Ramzan Vladimir Vladimiroviçi özünün yeganə “ağsaqqalı” kimi təqdim etsə də, Krem sahibinin hörmətini faktiki olaraq saxlamır: Çeçenistanda törətdikləri ilə Rusiyanı beynəlxalq miqyasda rüsvay edir və Rusiya liderinin onsuz da xoş olmayan reputasiyasını daha da korlayır.
Kadırovun Putinlə görüşünün əsas mövzusu “Yanqulbayevlərin işi” ilə bağlı olmalıydı. Yanqulbayevlər ailəsi Çeçenistanın köklü tayplarından olan Keloydandır və Kadırovların Benoy taypından az nüfuzlu deyil. Hər şey Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Saydi Yanqulbayevin böyük oğlu, “İşgəncələrə qarşı komitə”nin hüququşünası Əbubəkr Yanqulbayevin öt ay Çeçenistanda onlarla qohumunun itkin düşməsini bəyan etməsindən sonra başladı. Bundan sonra Çeçenistanın güc strukturları Əbubəkrin anasını - yəni, keçmiş federal hakimin həyat yoldaşı Zarem Musayevanı cinayət işinin şahidi kimi Nijni Novqoroddan oğurlayaraq Qroznıya gətirdilər. Şahid kimi gətirilən yaşlı qadını təcridxanada saxlayırlar. Əbubəkrin qardaşı İbrahim barədə federal axtarış elan edilib. Saydi Yanqulbayev və qızı Rusiyanı tərk etməyə məcbur olublar. Çeçenistanın hakim elitası isteriya içində Yanqulbayevlərin başlarını tələb edir. Maraqlıdır, anti-Yanqulbayev mitinqlərinin iştirakçıları əllərində Putinin portretlərini tuturlar və bağırırlar. Dövlət Dumasının deputatı Adam Delimxanov Yanqulbayevləri “qan intiqamı” ilə hədələyərək “başlarını qoparacaqları” ilə hədələdi. Ertəsi gün “başkəsmə” videosuna çəkilmək üçün Kadırovun ətrafı növbəyə durdu: Çeçenistan baş nazirinin müavini Əbuzayd Vismuradov, baş nazirin birinci müavini İsa Tumhacıyev, DİN-in Qroznı üzrə idarəsinin rəisi Deni Aydəmirov, FHN-in Çeçenistan üzrə idarənin başçısı Əlixan Sakayev və Əhməd Kadırov alayının komandiri Zamid Çalayev: “Biz səni öldürəcək, başını qoparacaq, dilini kəsəçək və hardansa asacağıq...”
Bu gün Çeçenistan hakimlər kollegiyası Rusiya qanunvericiliyinə tüpürərək Saydi Yanqulbayevin istefada olan hakim kimi toxunulmazlıq statusunu ləğv edib.
Kremldəki görüş də bu dramatik vəziyyət fonunda keçirilmişdi. Maraqlıdır, jurnalistlərin “Putin-Kadırov danışıqları”nda “Yanqulbayevlərin işi”nə toxunulub-toxunulmaması barədə sualını Peskov bir qulağından aldı, o biri qulağından buraxdı. Delimxanovun hədəsinə reaksiyası iləsə Peskov rus siyasətinin papağını faktiki olaraq yerə soxdu: “ Kremlin çeçen deputatın hərəkətinə qiymət vermək səlahiyyəti yoxdur. Biz bu prosesə qarışmaq istəməzdik...”
Ramzan kefi nə istəyir onu da edir, Rusiya qanunları onun üçün yazılmayıb: Çeçenistanı Orta əsr xənədanı kimi idarə edir, qonşu inquşları hədələyir, Moskva elitasını təhqir, Kremli isə açıq şantaj edir. Kadırov yanvarın sonlarında bəyan etdi ki, əgər Rusiya prezidenti olsaydı, Ukraynaya qoşun yeridərdi. Adam öz “ağsaqqal”ını de-fakto fərsiz elan edir. Və yaxud Kadırov “RF hökuməti Çeçenistanın saxlanılması üçün ildə 300 milyar rubl ayırır” xəbərini elə deyir ki, sanki Qroznı Moskvadan bac alır. Özü də deyir ki, artıq “müstəqillluk haqqında düşünmür”, rusların canı çıxsın, çeçenləri saxlasınlar...
Bur sözlə, Kadırov Qərblə nüfuz davası döyən Putinin nüfuzunu da, imicini də, xarizmasını da cızıq-cızıq etməklə məşğuldur. Qroznıda “baş kəsmək” istəyirlər, Kreml cınqırını da çıxarmır. Əslində, Kadırov öz davranışları ilə Moskva rejiminin gerçək simasını dünyaya nümayiş etdirir. Qərbdən hörmət tələb edən Kreml sahibinin Qroznıdakı dərəbəyə münasibətini normal məntiqlə anlamaq təbii ki, mümkün deyil.
Putinin Kadırovdan çəkindiyini desək, bişmiş toyuğu bir az güldürə bilərik. Amma bu mülahizədə həqiqət payı da yox deyil. Putin 20 ildə Rusiyada sağlam idarəetmə sistemi oturda bilmədi. Kadırov Çeçenistanı “dəmir yumruq”la idarə edə bilir, Putin isə karyerasının finişinə yaxınlaşdıqca Rusiyaya nəzarətini tədricən itirir. Ukrayna böhranının nə ilə bitəcəyini kimsə təxmin edə bilmir. Moskva elitası həmçinin görür ki, Putin artıq qocalır, düzdür, 2024-cü ildə yenidən seçilə bilər, amma siyasi varis, hakimiyyətin tranziti məsələsi gün keçdikcə siyasi gündəmdəki çəkisini artırır. Kadırov bu situasiya və perspektivdə Putinin zəifliyini görür, həmçinin onun döyüşkən çeçenlərə ehtiyacını da bilr və odur ki, artıq Çeçenistan miqyasında deyil, federal səviyyədə gücünü göstərir. Adam Nıjnı Novqoroddan qadını oğurlayır, Putin isə özünü başını kola soxmuş kəklik kimi aparır.
İdarəetmənin “Kadırov metodu” da onu cəlb edə bilər. Kimsəyə sirr deyil ki, Putinin ən sevimli çarı İvan Qroznıdır. Məsələn, Putin mitropolit Filipin İvan Qroznının sifarişi ilə boğulması faktını qəti qəbil etmir və Rusiya tarixçilərinə “sübit” edir ki, “bu, versiyalardan yalnız biridir”. Rusiya lideri əmindir ki, İvan Qroznı oğlunu da boğmayıb. Onun fikrincə, IV İvan, ümumiyyətlə, heç adam öldürməyib, bütün bunlar katoliklərin iftiralarıdır ki, ondan “ Qəzəbli (Qroznı) İvan, supersərt adam düzəldiblər”...
Qəzənfər Həmidoğlu
Paralel.az