"Qaz oğruları cəzalandırılmalıdırlar"

 

Azərbaycanda qanunlar niyə ancaq istehsalçının və satıcının maraqlarını təmin edir?..

“Mən dəfələrlə demişəm və “Azəriqaz”ın rəhbərliyindən xahiş etmişəm ki, qaz oğrularının adını desinlər, mən onları ictimailəşdirim. Qaz təbii və tükənən resursdur. Qazın oğurluğuna yol vermək olmaz”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Qaz təchizatı haqqında” qanuna edilən dəyişikliyi PİA.az-a şərh edərkən qeyd edib.

“Qaz təchizatı haqqında” qanuna dəyişiklik layihəsi parlamentin iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən Azərbaycanda qaz xəttinə qanunsuz qoşulanlara və sayğaca müdaxilə edənlərə cinayət işi açılacaq.

Son zamanlar isə Azərbaycanda qaz, işıq, su sayğaclarının artıq sərfiyyat yazması ilə bağlı şikayətlər artır. Eyni vəziyyət Türkiyədə də müşahidə olunurdu və bir neçə gün əvvəl Ərdoğan həmin sayğacların yenidən yoxlanılacağını bildirib. Tükiyədə bu problemə prezident səviyyəsində reaksiya verilsə də, Azərbaycanda insanların şikayətini dinləyəcək qurum yoxdur. Vətəndaşa xidmət göstərən bütün qurumlar isə özlərinin fantastik xərclərini qiymət artırmaqla ört-basdır etməyə çalışırlar. Bu azmış kimi, bu xidmət qurumları yeni texnologiyalardan yararlanaraq vətəndaşın cibinə girir və onun güya daha çox “sərfiyyata” yol verməsini “təmin” edirlər.

Onu da qeyd edək ki, Azərbaycanda son zamanlar qəbul edilən qanunlar əsasən istehlakçının deyil, istehsalçının və satıcının maraqlarını təmin edir və elə istehsalçının sifarişi ilə də hazırlanaraq qəbul edilir. Bu prosesin özünü necə dəyərləndirmək olar? Azərbaycanda qanunlar istehlakçıların hüquq və maraqlarını müdafiə edir?

Azərbaycan vətəndaşlarının istehlaçı haqlarının pozulmasını PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Yeni smart texnologiyalarla istehlakçıların doğrudan da aldadıldığınıl aldadıldığını vurğulayan Eyyub Hüseynov əlavə edib ki, bunu da elə etməyə çalışırlar ki, istehlakçının işi getməsin:

“Mən dəfələrlə demişəm və “Azəriqaz”ın rəhbərliyindən də xahiş etmişəm ki, qaz oğrularının adını desinlər, mən onları ictimailəşdirim. Qaz təbii və tükənən resursdur. Qazın oğurluğuna yol vermək olmaz. Buna görə də düşünürəm ki, “Qaz təchizatı haqqında” qəbul edilən dəyişikliklər çox doğrudur. Qaz oğruları cəzalandırılmalıdırlar. Bu cür oğurluq halları su da və işıqda da var.

Bu problemin həll edilməsi üçün ilk növbədə ictimai qınaq lazımdır. Çünki qaz oğrusu bilməlidir ki, o başqalarının hüququnu pozur. Buna görə də qaz oğurluğu barədə olan bu yanaşma doğru yanaşmadır.

Lakin burda önəmli olan məsələ təchizatçı qurumun da vətəndaşdan oğurluq etməməsidir və təbii ki, bu da qanunla tənzimlənməlidir. Təchizatçı qurumun bu məsələdə məsuliyyəti də açıq şəkildə yazılmalı, eyni zamanda vətəndaşın şikayətini qəbul edib, müstəqil araşdırma aparacaq bir qurum da formalaşdırılmalıdır. Yoxsa təbii ki, “Azəriqaz”dan olan şikayətə “Azəriqaz” obyektiv baxmayacaq və öz “oğurluğunu” da ört-basdır edəcək.

Bildiyimiz kimi bütün dünyada yeni smart texnologiyalar tətbiq olunur. Yeni smart texnologiyalarlaa da istehlakçılar aldadılır. Bunu da elə etməyə çalışırlar ki, istehlakçı aldadıldığını və pulunun oğurlandığını sübut edə bilməsin. Məsələn supermarketlərdə satışın avtomatlaşdırılması başlanandan sonra qiyməti də onlar müəyyən edirlər. Lakin müəyyən olur ki, taxtada malın üzərində olan qiymət düzgün kassada avtomatlaşdırılmayıb. Nizami rayonunda yerləşən Grandmartda bir dəfə mənə 6 manatlıq əşyaya görə 68 manat qiymət dedilər. Çekə baxmasaydım 62 manatım gedəcəkdi.

Buna görə də deyirəm ki, müasir texnologiyaların hamısının tətbiqi sətiraltı məqsədi istehlakçıdan artıq pulun alınmasıdır. Bunu isə proqram smart texnologiyaya tətbiq edilən proqram vasitəsi ilə edirlər. Təəssüf ki, bu problem bizim ölkəmizdə var. Düşünürəm ki, “Azəriqaz”, “Azərişıq” və “Azərsu” kimi qurumlarının proqram təminatı ciddi audit olunmalıdır. Çünki proqram təminatında bu məsələlərin, yəni vətəndaşa artıq sərfiyyatın yazılması və vətəndaşın pulunun faktiki olaraq oğurlanması mümkündür.

Sizin də qeyd etdiyiniz kimi, bu məsələ Türkiyədə də aktauldır və məsələyə də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səviyyətində reaksiya verildi. Bunu nəzərə alaraq smart texnologiyaların proqram təminatına nəzarət edən bir orqana ehtiyac olduğunu düşünürəm Ya da bu qurum hazırda nəzarət funksiyasını həyata keçirən başqa bir qurumun tərkibinə verilməlidir”.

Paralel.az

0.039716958999634