Murad darvazası barədə nə bilirik?

Murad darvazası barədə nə bilirik?
 

Murad darvazası İçərişəhərdə, Şirvanşahlar saray kompleksinin orta həyətinin Şərq divarında yerləşir. Bu darvaza Şirvanşahlar saray kompleksi ərazisində XVI əsrə aid olan yeganə tikilidir.

Paralel.az xəbər verir ki, bu abidə Bakının Osmanlılar tərəfindən işğal olunduğu zamanda inşa olunmuşdur. 1578-ci ildə Sultan III Muradın hakimiyyəti (1574-1595) dövründə 150 minlik türk ordusu Lələ Mustafa paşanın sərkərdəliyi ilə tez bir zamanda Bakını və bir sıra şəhərləri ələ keçirmişdir. 1590-cı ildə Osmanlı və Səfəvilər arasında bağlanmış İstanbul müqaviləsinin şərtlərinə görə, Talış bölgəsi istisna olmaqla, bütün Azərbaycan torpaqları Osmanlıların hakimiyyətinə keçmişdir.

Murad darvazasının yuxarı çərçivəsində
olan iki medalyon arasında yerləşən kitabədə belə yazılıb: “Bu bina Ulu Rəcəb Bakuvinin hicri tarixi ilə 994-cü ildə (1585-86) sifarişi əsasında böyük və ədalətli Sultan III Muradın dövründə tikdirilib”.

Portalın divarındakı yazılar təbrizli memar Əmirşahın adını göstərir. Ehtimal olunur ki, bu divar məhz onun layihəsi üzrə inşa olunub. [Fərhadoğlu Kamil. İçərişəhər. Bakı-2006]

Görünüşə görə darvaza divanxana və türbə portallarına uyğun gəlir. Lakin onun burada nə məqsədlə tikilməsi məlum deyil. Darvaza yonulmuş daşlardan inşa edilib. Ehtimal olunur ki, sifarişçi Rəcəb Bakuvi burada bina tikdirmək istəmiş, lakin naməlum səbəblərə görə inşanı başa çatdıra bilməmişdir. [Dadaşov S., Useynov M. Bakının memarlıq abidələri. Bakı-1955]  [Велиев С. Древний древний Азербайджан. Баку-1987]

Murad darvazası UNESCO Ümumdünya İrsinə daxildir.
Akif Nəsirli

0.010308980941772