Gözləntilər özünü nə vaxt doğruldacaq?

Gözləntilər özünü nə vaxt doğruldacaq?
 
 
Osman Gündüz: 
Sayğaclara nəzarət üçün vahid informasiya sisteminin formalaşdırılması əvəzinə sayğacdan qanunsuz istifadə üçün cinayət məsuliyyəti müəyyən edilir.
Milli Məclisin dünən keçirilən iclası ilə bağlı məlumatlarda xırda bir detal diqqətimi cəlb etdi.
Parlamentimiz ötən gün “Qaz təhcizatı” haqqında qanuna dəyişikliyi də müzakirə edib.
Dəyişikliyə görə qaz sayğacına müdaxilə hətta cinayət məsuliyyəti də yarada bilər.
Bununla bağlı Mülki Məcəllə və Cinayət Məcəlləsinə də dəyişikliklər olacaq.
Gözlənilən isə tamam başqa idi.
Gözlənilirdi ki, nəhayət ki, inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də bütün kommunal sektoru, Azərişıq, Azəriqaz və Azərsu-nu vahid bir mərkəzdə birləşdirən şəbəkə formalaşdırılacaq, hər bir istifadəçinin şəxsi kabineti olacaq və onlayn mühitdə öz sayğaclarına nəzarət edə biləcək.
Bununla bağlı müddəaları adı çəkilən qanun layihəsinə əlavə etmək heç kimin yadına düşməyib.
Hətta bununla bağlı Prezidentin xüsusi fərmanı var və bu haqda ASAN-a tapşırıqlar da verilib.
Oflayn mühitdə “ASAN Kommunal” yaradılsa da, Prezidentin fərmanının kommunal xidmətlərin vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması ilə bağlı olan hissəsi indiyədək icra olunmayıb.
Azəriqaz zaman-zaman vətəndaşlarla görüşləri intensivləşdirsə də, bu sahədə effektiv texnologiyalardan istifadə etsə də sayğaclara dövlət və ictimai nəzarət üçün effektiv, ağlabatan, şəffaf mexanizmlər yaradılmadığından narazılıqlar, inamsızlıq da həmişə qalacaq.
Yeri gəlmişkən, sayğaclara müdaxilə edib , ona məlumatları ötürmək üçün əlavə avadanlıq və proqram təminatını da yerləşdirən ilk növbədə elə Azəriqaz özüdür. Amma bilmirəm, bu müdaxilə həmin qəbul ediləcək dəyişikliyə uyğun hesab olunacaqmı.
Məəttəl qalırsan ki, aktual bir məsələ parlamentdə gündəmə gəlir, bununla bağlı Prezidentin də xüsusi tapşırıqları var, amma yalnız müvafiq dövlət qurumlarından daxil olan cəzalandırma, cərimələr və rüsum toplama ilə bağlı məqamlar yada düşür.
Təəssüf ki, qanun qəbul edənlərimzidən də, elə icraçı qurumlardan da gözləntilər bir çox hallarda özünü doğrultmur.
Paralel.az
0.021661996841431