Ukraynanı xilas etmək mümkün olacaqmı ?
Siracəddin Hacı
III Yazı
3) Türkiyənin mövqeyi
- Rusiyanın Ukraynanı işğal təhlükəsi Türkiyənin önəmini artırdı. Türkiyənin Rusiya ilə ABŞ arasında vasitəçilik etmək imkanı olmasa da – Türkiyə bir dünya dövləti deyil, bölgə dövlətidir – Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər (Azərbaycanda bir sıra insanlar Türkiyəni hər şeyə gücü çatan dövlət kimi tanıdırlar, bu, məntiqli deyil, duyğusal yanaşmadır, yanlışdır, zərərlidir. Ynalışdır, belə ki, dəlili yoxdur, zərərlidir, belə ki, insanları Türkiyə ilə bağlı gerçəklikdən uzaqlaşdırır, Azərbaycanla Türkiyənin münasibətlərinə zərər verir). Rusiya hələlik bu vasitəçiliyi qəbul etmir, deyir ki, Türkiyə tərəfsiz deyil, Ukraynanı dəstəkləyir, NATO dövlətidir, ona silah verir. Türkiyə də vasitəçilik mümkün olmasa, tərəflərin görüş yeri – ev sahibi olmaq istəyir;
- Türkiyənin Ukrayna siyasətinin əsasları bunlardır:
1) əsla savaşın olmasını istəmir, Ukrayna ilə də, Rusiya ilə də ciddi əlaqələri var, savaş olsa, bu əlaqələr pozulacaq;
2) tarazlıq siyasəti tətbiq edir, barış olsun deyir;
3) Türkiyənin mövqeyini gücləndirəcək bircə hal var, o da savaşın olmamasıdır;
4) Türkiyə Qara dənizin savaş dənizi olmasını istəmir – savaş zamanı boğazı hərbi gəmilərin keçidinə bağlasa, ABŞ-la, bağlamasa, Rusiya ilə münasibətləri gərginləşəcək. Türkiyə Rusiyadan S-400 raket sistemi alanda ABŞ-la, Ukraynaya silah verəndə Rusiya ilə münasibətləri pozulur;
5) savaş olsa, NATO Rusiyaya qadağalar qoyacaq, bir NATO dövləti olan Türkiyə də bu qadağalara qoşulmaq məcburiyyətində qalacaq, nəticədə, Rusiya ilə münasibətlər pozulacaq;
6) Türkiyənin Ukrayna ilə ciddi hərbi əlaqələri var, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir, açıq biçimdə deyir ki, Rusiya Krımı işğal edib, Ukraynaya müasir silahlar satır, Ukraynadan hərbi ləvazimatlar alır, iki dövlət birgə hərbi sənaye müəssisələri yaratmaq ərəfəsindədir, türk hərbçiləri Ukrayna ordusunun NATO ölçülərinə uyğun qurulmasında iştirak edir, Türkiyə Ukraynanın siyasi, iqtisadi, hərbi baxımdan güclənməsini istəyir, işğala qarşı çıxır, Ukraynanın güclənməsinə Rusiyanın Türkiyəyə qarşı təzyiqlərini azaltmaq imkanı kimi baxır;
7) Türkiyə NATO-nun genişlənmə planını imzalamışdır, o, Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxmaz, bu istəyin mərhələli həll olunması üçün çalışar;
8) Ərdoğan Ukraynaya gedir, açıq dəstəyini ifadə edir, Rusiya ilə Ukrayna arasında dialoq imkanlarını artırmağa çalışır, Ukraynanı gücləndirir ki, Rusiya geri çəkilsin, danışıqların yolu açılsın;
9) Türkiyənin Ukrayna siyasəti onun Avropa və ABŞ-la münasibətlərinə müsbət təsir göstərir;
10) Türkiyə Ukraynanı dəstəkləyir, ancaq bunu Rusiya ilə bağını qoparmadan etməyə çalışır, Rusiya ilə siyasi, iqtisadi. hərbi əlaqələrinin zərər görməsini istəmir;
11) Türkiyənin Rusiya siyasətinin əsaslarından biri də budur ki, o, Rusiyaya Türkiyənin ABŞ və Avropa ilə qurduğu tarazlıq siyasətinin əsas tərəflərindən biri kimi baxır, savaş olsa, bu tarazlıq imkanı sıradan çıxacaq, bu baxımdan da Rusiya ilə münasibətlərin qorunması çox önəmlidir;
Ukraynanın Türkiyədən istədikləri var:
1) Türkiyədən mənəvi dəstək istəyir, deyir ki, dost dar gündə tanınar;
2) Türkiyənin hərbi imkanlarından yararlanmağa çalışır;
3) iqtisadi əlaqələrin güclənməsini istəyir – Ərdoğanla Zelenski azad iqtisadi zonanın yaradılması ilə bağlı müqavilə imzalayacaqlar;
4) Türkiyənin Rusiya ilə münasibətlərindən istifadə etməyi nəzərdə tutur, Ərdoğanın vasitəsi ilə Putini işğal siyasətindən çəkindirmək istəyir;
5) Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi olmasını arzulayır;
6) Ərdoğanın Ukraynaya səfəri Türk dünyasının Ukraynaya rəğbətini artırır;
7) Ukrayna Türkiyə ilə siyasi, iqtisadi, hərbi münasibətlərinin güclənməsini təhlükəsizliyinin önəmli əsaslarından biri hesab edir;
8) Türkiyənin Ukraynaya diplomatik və informasiya dəstəyini artırmasını önəmli addım sayır;
Rusiyanın Ukrayna məsələsində Türkiyədən istədikləri var:
1) Krımın Rusiya torpağı olduğunu qəbul etməsini istəyir;
2) Türkiyənin Ukrayna ilə hərbi əməkdaşlığına qarşıdır;
3) Türkiyənin vasitəçiliyini hələlik qəbul etmir – onu tərəfsiz saymır;
4) Putin Ərdoğanın dəvətini qəbul etdi, Türkiyəyə gedəcək, məqsədi Türkiyənin təsir imkanlarından yararlanaraq Ukraynanı NATO-ya üzv olmaq planından çəkindirmək, NATO üzvləri arasında fikir ayrılıqlarını dərinləşdirməkdir;
- ABŞ və NATO Türkiyənin Ukraynaya güclü dəstək verməsini, Rusiyanın işğalına qarşı çıxmasını, onlarla eyni siyasəti müdafiə etməsini istəyir;
- Ukrayna ilə Rusiya arasındakı münasibətlərin danışıqlarla həlli yolu seçilsə, Türkiyənin bu məsələdə iştirak payı artacaq, nüfuzu və imkanı çoxalacaq, Ukrayna ilə müttəfiqlik, Rusiya ilə sıx əməkdaşlıq ölçüsü gerçəkləşəcək;
- Türkiyənin Ukrayna siyasətinin əsaslarını müəyyən edən anlayışlar bunlardır: tarazlıq, barış, dialoq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı, Ukrayna ilə müttəfiqlik, Rusiya ilə sıx əməkdaşlıq;
Ardı var...
Paralel.az