Demədi deməyin

Demədi deməyin
 
Ölkəmizdəki bu vəziyyətə, bu saxtakarlıqlara çox üzülürəm.
Heç kim soruşmur ki, niyə 30 ilə yaxındır ki, eyni ideya və prinsiplər uğrunda mübarizə aparan AXC və Müsavat partiyaları Novxanıya Rəsulzadənin abidəsi önünə ayrı ayrılıqda gedirlər. Gedirlər də guya güc nümayiş etdirirlər, guya hakimiyyətə yeganə alternativ, yeganə müxalif qüvvə bunlardır. Və Novxanıda Rəsulzadədən, Müsavatçılıq prinsiplərindən danışırlar, lakin özləri Rəsulzadənin prinsiplərinə uyğun davranmırlar. Özləri bu prinsipləri tapdalayırlar. Rəsulzadə milli güclərin hamsını birləştirirdi, birləştirə bilirdi. Bəs siz? Niyə birləşmirsiz heç olmasa bircə gün, heç olmasa Novxanıda, Rəsulzadənin abidəsi önündə?
Rəsulzadə Elçibəy siyasi platformasını müdafiə edən iddiaçı partiyaların bu davranışları Rəsulzadə-Elçibəy yoluna yaraşırmı? Siz beləmi hakimiyyətə gələcəksiniz? Siz illərlə bir birinizə qarşı mübarizə apardınız. Axı niyə? Nəyi bölə bilmədiniz? Siz kimi aldadırsınız? Bu xalq, bu cəmiyyət yazıq deyilmi? Siz bu davranışlarla, bu bölünmələrlə, bu yersiz iddialarla heç vaxt hakimiyyətə gələ bilməyəcəksiniz, hələ də bunu dərk etməmişlərə yazıq.
Azərbaycanda Rəsulzadə-Elçibəy ideyalarına, Müsavatçılıq ideoloji prinsiplərinə inanan xalq var, siyasi elektorat var, lakin bu ideyanı bu gücü hakimiyyətə gətirə biləcək lider yoxdur.
P.S. İnciməyin bu həqiqətləri yazdığıma görə. Bu durumdan elə mən özüm də çox inciyirəm...
Bezmişik bunların illərlə bizi, xalqı aldadan oyunlarından, qarşıdurmalarından. Hamı iqtidarı tənqid edir. Bəs müxalifət? Müxalifətimiz guya tənqid olunmaz müqəddəslərdir? Guya burada hər şey yaxşıdır?
Bu ölkədə baş verən böhranların, xaosun 50 faizində də sizin payınız var. Sizin günahınız bütün ümidləri puç etməyinizdir. Bütün ümidləri puç etdiniz.
Rəsulzadəni Elçibəyi istismar etməyin daha. Müxalifət obrazını adını institunu istismar etməyin. Siz müxalifət deyilsiniz, 30 ildir bu hakimiyyəti qoruyan, yaşadan gücsünüz.
Yasəmən Qaraqoyunlu 
Paralel.az
0.014983892440796