17 saylı Beyləqan Məşğulluq Mərkəzinin rəhbəri İlham Quliyevi kim dayandıracaq? - şikayət 

17 saylı Beyləqan Məşğulluq Mərkəzinin rəhbəri İlham Quliyevi kim dayandıracaq? - şikayət 
 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən
vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməlləri törədənlərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir.

Son illər Ağstafa, Yevlax, Neftçala, İmişli, Cəlilabad, Biləsuvar, Binəqədi və sairə rayonların rəhbər vəzifəli şəxslərin qulluq mənafeyinə zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında, kompleks araşdırma tədbirləri aparılıb. Həmin şəxslərin bir neçəsi həbsdədir.

ƏƏSM nazirliyi sistemində fəaliyyət göstərən idarələrin fəaliyyətində cinayət hallarının geniş yayılması barədə cəmiyyətdə böyük narahatçılıq mövcud olması hər kəsə məlumdur. Əhalinin çox şikayət etdiyi təşkilatlardan biri də 17 saylı Regional Beyləqan rayon Məşğulluq Mərkəzidir. Bu mərkəzin direktoru İlham Yunis oğlu Quliyevin əməlləri vətəndaşların hüquqlarını pozur, dövlətin qanunla qorunan mənafelərinə ciddi zərər vurur, dövlət orqanının nufuzuna xələl gətirir. 

Xatırladaq ki, İlham yunis oğlu Quliyev Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Həmin dönəmdə onun barəsində vətəndaşlardan yuxarı instansiyalara çoxsaylı şikayətlər göndərilib, KİV-də haqqında xeyli tənqidi yazılar dərc olunub. Səlim Müslümov nazir olandan sonra İlham Quliyevi işdən qovub.

Bir ara Beyləqan bazarında müxtəlif çeşidlərin alveri ilə başını girləyən İlham Quliyev Səlim Müslümov nazir postundan gedəndən sonra sələfinin kadrlarını uzaqlaşdıraraq öz komandasını formalaşdıran yeni nazir Sahil Babayevə yaxınlaşmağı bacarıb. ƏSMM-də Daxili Nəzarət İdarəsinin müdiri vəzifəsinə gələn Heybət İmanovun vasitəsilə Beyləqan Məşğulluq Mərkəzinə direktor təyinatı alıb.

Səlim Müslümovun dövründəki ab havanı yenidən dirçəldən mərkəz direktoru işsizlik adı altında yaxınlarının, dost tanışlarının adını işsizlər siyahısına yazdırıb. KİV-ə ayaq açan şikayətlərdə bildirilir ki, mərkəz direktoru işsiz statusu ilə təmin etdiyi şəxslərə verilən pulun ən azı 6 ayını əvvəlcədən alır. İlham Quliyevdə həmçinin onlarla kartın olduğu iddia olunur.

Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Yeni yaradılmış həmin “DOST İş Mərkəzi” MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. Prosedura görə “İşsizin DOST-u proqramı əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir.

Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə DOST İş Mərkəzində əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartını bank yalnız vətəndaşın özünə verir. Kartı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini təqdim edir, müvafiq sənədə imza atır”.

İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir. “İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edir.

Başqa işəgötürənlər də Məşğulluq Mərkəzinə boş iş yerləri haqda məlumat təqdim edirlər. Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşlara həmin boş iş yerlərinə göndəriş vərəqələri verilir.

Problem budur ki, İlham Quliyev vətəndaşların işsiz və işaxtaran kimi məşğulluq mərkəzində qeydiyyata durmaq qaydasına özünün lüzumsuz əlavələrini edib. Məsələn, şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.

Hoqqalardan biri odur ki, elektron ərizəni doldurmağı bacarmayan şəxslərə təmənnasız köməklik göstərilmir, onlara 30 manat ödəyib “ASAN imza” açdırmaq, İlham Quliyevin rayonun müxtəlif yerlərindəki inhisarında olan komputer mərkəzlərində bu işi 15 manata gördürmək təklif olunur. Prosedurun ən üzücü mərhələsi isə İlham Quliyevin sənədlərini qəbul etdiyi işsiz vətəndaşla fərdi söhbətidir.

Direktor əlinin altında bir-bir çevirdiyi sənədlərə sanki inanmırmış kimi işaxtaran vətəndaşa artıq suallar verir. Məsələn, soruşur ki, barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı. DSMF-in arayışı ortada olduğu halda belə cavan adamlara (ələxüsusda gənc işaxtaran xanımlıara)sual edir ki, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət alırlarmı, adlarına torpaq sahələri varmı. Əksinə, yaşlı adamları sorğu-suala tutur ki, onlar ali və orta ixtisas təhsil müəssisəsində oxuyurlarmı. Şəxsin torpaq sahəsinin olmadığını təsdiqləən arayışı isə ƏMDK-nin erli qurumundan almaq da xərc tələb edir.

İlham Quliyev təqdim olunmuş sənədləri və məlumatları zərrəbinlə gözdən keçirərək onlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar “aşkar etməyə” çalışır. İlham Quliyevin ümumiyyətlə, cəmiyyətin “axırıncı sort”, geridə qalmış zümrəsi hesab etdiyi, “yuxarıdan aşağı” baxdığı işsizlər sırasında ən çox çək-çevirə saldığı şəxslər isə qadın cinsinə mənsub işaxtaranlardır. Direktor söhbət əsnasında çörək qazanmaq xatirinə küçə süpürməyə, zibil daşımağa hazır olan bu qadınların əxlaqına da bələd olmaq istəyir. Halbuki, bu, onun səlahiyyətinə aid olan məsələ deyildir.

P.S. Məlumat üçün qeyd edək ki, mətbuatda dərc olunan silsilə yazılardan aydın görünür ki, Beyləqan Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev artıq yolun sonuna gəlib. Ona həbs olunmuş sabiq məmurların aqibəti ilə üzləşməsini arzu etmirik. Üzüsulu bu vəzifəni tərk etsə, onun üçün daha yaxşı olar. Beyləqan bazarı istənilən zaman ona qucaq açmağa hazır olduğunu bilirik...

Qarşı tərəfin də söz haqqı var.

0.048557043075562