Prezident İlham Əliyevin Mixail Qusmanla söhbətindən
Mixail Qusman: “Hakimiyyət formulu” verilişində Azərbaycan Prezidenti İlham Əliyev ilə dəfələrlə görüşmüşük. Lakin hər dəfə bizim görüşlərimiz çox maraqlı, məzmunlu, dərin xarakter daşıyıb. Bu gün mən filmimizə 10 il bundan əvvəl olmuş bir söhbət epizodundan başlamaq istərdim: “İlham Heydər oğlu, istər-istəməz artıq 50 yaşın astanasındasınız. Çox iş görülüb. Şəxsən Siz öz qarşınızda növbəti yarım əsr üçün hansı vəzifələri qoyursunuz?
Prezident İlham Əliyev: Açığını deyim ki, mən həyatda qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsək, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Lakin mən məhz sizin dediyiniz kimi, yarım əsr irəliyə baxıram. Energetika sahəsində bu müddət 100 ildir. Yəni, Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir. Biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək. Təhsil – o da bir neçə onillik irəlini nəzərdə tutmalıdır.
Mixail Qusman: Bunlar gələcəyə investisiyalardır.
Prezident İlham Əliyev: Əlbəttə, kadrların, informasiya texnologiyalarının hazırlanması. Dünya irəliyə doğru hərəkət edir, biz də geri qalmamalıyıq. Əgər istək, siyasi iradə və yaxşı təşəbbüskarlıq varsa, çox iş görmək olar.
...Mixail Qusman: Bu gün Azərbaycan gələcəyə istiqamətlənib. İqtisadi islahatlar uğurla inkişaf edir, kənd təsərrüfatı və sənaye yüksək səmərəlilik nümayiş etdirir. Biznes üçün gözəl şərait yaradılıb. Azərbaycan xalqı quruculuqla məşğuldur. Əlbəttə, çox iş görülüb, lakin ölkənin daha da firavanlaşması üçün Prezident Əliyev qarşıya daha yüksək məqsədlər və genişmiqyaslı vəzifələr qoyur.
Azərbaycan vətəndaşları: - Azərbaycan mənim Vətənim, şərəfim və ləyaqətim, vicdanımdır. Biz əsrlər boyu bu torpağı Vətən adlandırmaq hüququnu insanların həyatı bahasına qazanmışıq.
- Mənim doğmalarım və yaxınlarım, mənim işim buradadır.
- Azərbaycanın dünyada öz mövqeyi və öz səsi var.
- Azərbaycan mənim üçün hər şeydir – mənim Vətənim, torpağım, ata yurdumdur, mən burada doğulmuşam, boya-başa çatmışam və xoşbəxt yaşayıram.
- Bu diyarın çöllərindən başlamış uca dağlarına qədər sərhəd bilməyən nadir təbiəti var.
- Öz Vətəninə xidmət etmək hər bir vətəndaşın borcudur.
- Mən öz Vətənimin firavanlığı üçün hər şeyi edirəm və edəcəyəm.
- Azərbaycanın qarşısında çox vəzifələr var. Biz öz Vətənimiz uğrunda canımızdan keçməyə hazırıq.
Paralel.az