Prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər

Prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər
 

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynanın şərqindəki vəziyyətlə bağlı danışıq olub.

Paralel.az xəbər verir ki, prezidentlər telefon danışığı zamanı “Normandiya formatı”nın (Almaniya, Rusiya, Ukrayna və Fransa) işini, habelə vəziyyətin həlli üçün Üçtərəfli Təmas Qrupunun fəaliyyətinin aktivləşdirilməsini müzakirə ediblər.

Bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat dərc olunub.

“Dövlət başçıları “Normandiya formatı”nın işinin intensivləşdirilməsini alqışlayıblar. Tərəflər hazırkı dinamik tempi saxlamaq və “Normandiya formatı”nda iştirak edən ölkələrin liderlərinin müşavirlərinin növbəti görüşünü sürətləndirmək barədə razılığa gəliblər. Minsk razılaşmalarının həyata keçirilməsində sürətli irəliləyiş əldə etmək üçün Üçtərəfli Təmas Qrupu və onun alt qruplarının işinin intensivləşdirilməsinin vacibliyi də müzakirə edilib”, – deyə məlumatda bildirilir.

Zelenski “Normandiya formatı” iştirakçılarının görüşünün təşkilində Fransa rəhbərinin şəxsi töhfəsini qeyd edib. Ukrayna prezidenti həmçinin fransalı həmkarına Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Ukrayna lideri “dialoq üçün əlverişli mühit” olduğu halda görüşlərin və danışıqların zəruriliyini vurğulayıb. “Diplomatik səylər davam etdikcə, eskalasiya ehtimalı daha da azalır”, – deyə prezident bildirib.

Şahnaz, Paralel.az

0.018138885498047