Uşaq bağçasından oğurluq edilib

Uşaq bağçasından oğurluq edilib
 

Yanvarın 22-də Binəqədi rayonundakı uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxslər bağçaya ümumilikdə beş min manata yaxın maddi ziyan vurublar. Bağçanın müdiriyyəti ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə ərizə ilə müraciət edəndən sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Xaçmaz rayon sakini Elturan Vəlibəyov və Sumqayıt şəhər sakini Vaqif Səfərov saxlanılıblar.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Elturan Vəlibəyov və Vaqif Səfərov cəzaçəkmə müəssisəsində tanış olublar. Onlar hadisə günü qeyd edilən bağçaya daxil olaraq otaqlardan birində olan seyfi sındıraraq oradan 1000 manat nağd pul, bir ədəd televizor, uşaq bağçası üçün nəzərdə tutulan müxtəlif növ məişət avadanlıqlarını və yeyinti məhsullarını oğurlayıblar. Sonra həmin şəxslər oğurladıqları əşyaları Vaqif Səfərovun Sumqayıt şəhərindəki mənzilinə aparıblar. Oğurlanan əşyaların bir qismi həmin mənzildən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd olunub ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Saxlanılan şəxslər ifadələrində paytaxtın Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluqlar etdiklərini etiraf ediblər.

Elturan Vəlibəyov və Vaqif Səfərov barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onların digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Səfurə, Paralel.az

0.015501022338867