ABŞ iqtisadiyyatında artım qeydə alınıb
ABŞ Ticarət Nazirliyi bəyan edib ki, 2021-ci ildə ölkə iqtisadiyyatında 5,7 faiz artım qeydə alınıb. Bu, 1984-cü ildən bəri ən yüksək illik artımdır.
Paralel.az xəbər verir ki, dünyanın ən iri iqtisadiyyatında kəskin artım onun sabitliyini nümayiş etdirir. Hərçənd, Birləşmiş Ştatlar koronavirusun iki yeni variantı ilə mübarizə üçün çox səy göstərməli olub. Bu viruslar bəzi sahələrdə işi çətinləşdirib, istehlak mallarının tədarükü ilə bağlı problemlər yaranıb, nəticədə bəzi mağazaların rəfləri boşalıb. Bununla belə, illik artım göstərici son dörd onillikdə ən yüksək səviyyədə olub.
2021-ci ildə rekord sayda (6,4 milyon) iş yeri yaradılıb, pandemiyanın başlanğıcında - 2020-ci ilin əvvəlində itirilmiş iş yerlərinin çox hissəsi bərpa olunub. İqtisadçılar bildirirlər ki, koronavirusun “omikron” variantı ucbatından yanvar ayında iqtisadi artım ləngiyə bilər, çünki minlərlə insan xəstələnib, aviareyslər ləğv edilib, işgüzar fəallıq məhdudlaşıb, məktəblərdə və universitetlərdə məşğələlər dayandırılıb.
Federal Ehtiyatlar Sistemindən olan siyasətçilər ölkə iqtisadiyyatının güclü olmasına güvənərək elan ediblər ki, artıq mart ayında baza faiz dərəcəsi artırıla bilər. Bu isə istehlak mallarının və işgüzar borcların dəyərinə güclü təsir göstərəcək.
Səfurə, Paralel.az