Haqqın əfqan yolu

Haqqın əfqan yolu
 



“Qısa hekayələr” silsiləsindən

Bu hadisə Əfqanıstanda, hardasa 2000-lərdə baş verib. Həmin dövrdə Əfqanıstanın prezidenti Həmid Karzay idi. O, Azərbaycana rəsmi səfərə də gəlib, oxucuların yəqin yadındadır. Əfqanıstan İslam respublikası (ƏİR) olduğundan hökumətdə dini məsələlər üzrə portfelli nazir vəzifəsi də var idi və Həcc ziyarətlərinə xüsusi diqqət yetirilirdi. Qeyd etmək lazımdır ki, Səudiyyə Krallığı da bu məsələyə xüsusi qayğı göstərir, müsəlman ölkələrinə, əhalisindən və iqtisadi vəziyyətindən asılı olaraq, yüzlərlə və minlərlə təmənnasız yer verilir. Bizdə bu yerlər hara gedir, bir Allah bilir...

Deyirlər Əfqanıstanın paytaxtı Kabul şəhəri dağlıq ərazidə, sərt kontinental iqlimi olan yerdədir. Burda yayda çox isti, qışda çox soyuq olur. Sözügedən Həcc ziyarəti də isti yay günlərinə təsadüf edirdi. Prezident Karzayın göstərişi ilə iki “TU 154” təyyarəsi ayrılmışdı və “çarter” reysi ilə hər gün zəvvarları paytaxt Kabuldan Məkkəyə daşıyırdı. “TU 154” təyyarəsinə də, məlum olduğu kimi, maksimum 200 sərnişin yerləşir və bir gündə Məkkəyə maksimum bir reys edə bilir. Əfqanıstanın hər tərəfindən gələn minlərlə zəvvar da günün istisində, gecənin soyuğunda təyyarə vağzalının ətrafında meşədə, düzdə gecələyir, öz növbəsini gözləyir. Bir sözlə, əsəblər tarıma, adamlar çarmıxa çəkilir...

Bir neçə gün keçir, camaat seyrəlir, hardasa 400 nəfər qalır. Onlar səhər tezdən təyyarə meydanına axışır, həsrətlə ömürlərində birinci dəfə təyyarəyə minəcəkləri və müqəddəs yerlərə gedəcəkləri saatı, anı gözləyirlər. Yuxarıda deyildiyi kimi, ƏİR-də Həcc ziyarətlərinə dini məsələlər üzrə xüsusi nazirlik nəzarət edirdi. İşin tərsliyindən həmin nazirin arvadı ağır xəstələnir və onu Londona əməliyyata aparmaq lazım gəlir. Nazir prezidentlə danışır, zəvvarlarla razılaşmaq şərti ilə icazə alır və dərhal arvadını “TU 154”-ə qoyub Londona yollayır. Amma camaatla danışmır, razılaşmır. Ya saymır, ya da camaatın razılaşmayacağı fikri onu saxlayır. Nə fərqi var, meydanda 400 nəfər adam, bir “TU 154” qalır...

Zəvvarlar hansı yollasa (daşın, divarın da eşitməyə qulağı, danışmağa ağzı var) məsələni öyrənirlər və yarısı bu gün, yarısı sabah getməkdən imtina edirlər. Dostlar, günlərlə günün altında, gecənin soyuğunda ac-yalavac qalan, ümiddən və əziyyətdən az qala dəli olanların psixi vəziyyətini hiss edirsinizmi?! Dini məsələləü üzrə nazir də hiss edir və qorxusundan aero-vağzalın gözləmə zalını tərk etmir. 400 nəfər dəli olmuş adam gözləmə zalına hücum edir. Qorxusundan kresloların birinin altına girmiş naziri tapırlar, dartıb çıxarırlar, ölüsünə çırpırlar. Yeri gəlmişkən, nzir bir-iki gün sonra xəstəxanada vəfat edir. Hadisədə onlarla polis və zəvvar yaralanır, yüzdən çox zəvvar həbs olunur. Məsələ böyüyür və işə prezident Həmid Karzay şəxsən qarışmalı olur. Həbs olunanların hamısını bir həftə, 10 günə buraxırlar. Onların cəzası həmin ilki Həcc ziyarətindən məhrum olmaları olur...

Qalib ARİF
Paralel.az

0.016455173492432