Ukraynanı xilas etmək mümkün olacaqmı? 

Ukraynanı xilas etmək mümkün olacaqmı? 
 


Siracəddin Hacı

I YAZI

1) Rusiyanın mövqeyi
- Rusiyanın Ukraynanı təsir məkanında tutmaq planının səbəblərini sıralayaq: 1) Rusiya bir dünya dövləti olmağa, SSRİ dönəmindəki nüfuzunu – payını bərpa etməyə çalışır. Buna siyasi, iqtisadi, elmi gücü olmasa da, hərbi gücü, bu imkana bağlı qorxutma siyasəti ilə öncə Sovetlər Birliyindəki təsir məkanına (Türkistan, Güney Qafqaz, Moldova, Ukrayna) nəzarəti təmin etməyə can atır. Bəziləri deyirlər ki, Rusiyanın SSRİ-ni bərpa etməyə gücü çatmaz. Mən də xatırladıram ki, Rusiya SSRİ-ni quranda daha ağır vəziyyətdə idi, ölkədə vətəndaş müharibəsi, aclıq, yoxsulluq, siyasi parçalanma var idi, ancaq Rusiya toparlandı və SSRİ-ni qurdu – deyirəm ki, Rusiya qarşısında müqavimət görməsə, ona dirəniş göstərməsək, addım-addım hədəflərini gerçəkləşdirəcək; 2) Rusiya düşünür ki, ətraf – təsir məkanı olmasa, fərqli etnik kimliklərdən ibarət olan ölkəni qorumaq imkansızdır; 3) Rusiya Ukraynanı həlledici məkan sayır, deyir ki, ABŞ, NATO Ukraynaya yerləşsə, Rusiya bütün təsir məkanlarını itirəcək; 4) Rusiya Ukraynanı ABŞ-la alver məsələsinə çevirib, bilir ki, ABŞ-ın əsas rəqibi Çindir, ona deyir ki, Çinlə mübarizədə sənin yanında olmağımı istəyirsənsə, Ukraynanı mənə ver; 5) Rusiyanın Ukrayna siyasətində irqçilik, şovinizm, ağalıq iddiası, təkəbbür var, o, xalqların müstəqil və suveren yaşamaq haqqını tanımır, deyir ki, sizi mən idarə etməliyəm, bir haqqınız var, o da Rusiyaya kölə olmaqdır;
- Rusiya Ukraynanı işğal etmək üçün əsaslar hazırlayır, deyir ki, Ukrayna adlı dövlət və xalq yoxdur, bu, söz deyil, Rusiyanın dövlət siyasətidir, Putinin proqramıdır;
- Rusiya Ukrayna siyasətində bir sıra nəticələr qazanıb: 1) Krım işğal olunub; 2) Donbas bölgəsi ələ keçirilib; 3) Azov dənizinin yarısından çoxuna Rusiya nəzarət edir;
- Rusiyanın aqressivliyinin artmasının səbəbləri var: 1) o, Osetiyanı, Abxaziyanı, Krımı, Donbası işğal edəndə NATO, ABŞ, Avropa zəruri cavabı vermədilər; 2) NATO-ya daxil olan ölkələr Rusiyaya münasibətdə eyni mövqedən çıxış etmirlər; 3) Ukraynanın hərbi imkanlarını Rusiya ilə müqayisə etmək imkansızdır; 4) Rusiya Ukrayna üçün savaşar, bilir ki, ABŞ, NATO, Avropa Ukrayna üçün savaşmaz; 5) Ukraynanın etnik tərkibi də Rusiyanın imkanlarını artırır;
- Rusiya ABŞ və NATO-ya üç şərt irəli sürüb və yazılı sənəd tələb edir: 1) Ukrayna NATO-ya qəbul edilməyəcək; 2) 1997-ci ildən sonra Şərqi Avropaya yerləşdirilmiş silah sistemləri ləğv olunacaq; 3) Rusiya ilə sərhəddi olan Avropa ölkələrinə NATO-nun silah sistemləri yerləşdirilməyəcək;
- Rusiya ölkə daxilində ictimai rəyi Ukraynanın işğalına hazırlamaq üçün deyir ki, bu çəkişmə Rusiya və Ukrayna arasında deyil, Rusiya ilə ABŞ, NATO arasındadır, onlar Ukraynaya yerləşsələr, Rusiya dağılacaq – Putin deyir ki, Ukraynanı işğal etməsəm, NATO gələcək, sizi öldürəcək, siz məni müdafiə etməyə borclusunuz;
- Rusiya diplomatiyasının arxasına hərbi gücü qoyub: a) Ukrayna sərhəddinə 120 minlik ordu yerləşdirib; b) Belarusiya, İran və Çinlə birgə hərbi təlimlər həyata keçirir; c) Kuba ilə yeni əlaqələr qurur – dənizaltı hərbi gəmilərini bu ölkəyə yerləşdirməyə çalışır; d) Venesuela, Nikaraqua simasında müttəfiqlər axtarır; e) enerji imkanları ilə Avropaya təzyiq göstərir, onların eyni mövqedən çıxış etməsinə imkan vermir;
- bu qədər güc göstərən Rusiya bir şey almasa, geri çəkilməz. Belə ki: 1) Putin nüfuzunu itirər; 2) Rusiya məğlub oldu anlayışı ortaya çıxar; 3) Rusiyadan uzaqlaşmaq meyilləri güclənər; 4) Ukraynanın NATO-ya daxil olmasının yolu açılar; 5) Rusiya iddia etdiyi təsir məkanlarını itirər;

- Rusiya Ukraynaya ölüm-dirim məsələsi kimi baxır, asanlıqla geri çəkilməyəcək, Ukraynanın NATO-ya daxil olmaması üçün əlindən gələn hər şeyi edəcək: a) ya Ukraynanın ən azı bir hissəsini işğal edəcək, bu yolla Ukraynada siyasi qarışıqlığa yol açacaq; b) ya da tərəflər razılaşacaqlar ki, Ukraynanın NATO-ya daxil olmaq məsələsi uzun müddət təxirə salınsın; c) ən yaxşı variant Ukraynanın NATO-ya daxil olmasıdır, ən pis variant Rusiyanın Ukraynanı işğal etməsidir, orta variant da var, Ukrayna NATO-ya daxil olmur, Rusiya Ukraynanı işğal etmir;
- Rusiyanın Ukraynanı işğalının qarşısını almaq olarmı? Rusiyanın siyasətinin əsası hərbi güc və qorxutmadır. Rusiya qarşısında söz, əməl, hədəf, hərəkat birliyi olsa, qətiyyət, cəsarət göstərilsə, o, geri çəkiləcək. Bir böyük alimin dediyi kimi qədər qarşısındakı duruşunuz qədəriniz olacaq. Ukrayna çarəsi olan məsələlərdə acizlikdən yapışmamalıdır – güc oyunu pozar;
Uca ALLAH bizə Ukrayna ilə həmrəy olmaq şüuru, əziz Ukrayna xalqına dirəniş gücü versin, Ukraynanın dostları çoxalsın, düşmənləri məğlub olsun.
Ardı var...
Paralel.az

0.018841028213501