Hökumətə təklif

Hökumətə təklif
 
Ölkədə kənd təsərrüfatının inkişafına kömək edəcək, məhsul bolluğu yaradacaq, bazarda bahalaşmanı azaldacaq təklifim var. Deməli KTN bütün şəhərlərdə daimi yarmarkalar təşkil edir. Bakıda azı 10 yerdə, iri şəhərlərdə 2-3 yerdə, kiçik şəhərlərdə 1 yerdə olmaqla. Təsərrüfatçılar orada yerpulu filan vermədən gətirib öz məhsullarını satırlar. Alverçilər bu yarmarkalara buraxılmır. DYP-yə yarmarkaya ərzaq aparan maşınlara müdaxilə etmək qadağan olunur. 
Nəticədə bolluq və ucuzluq yaranır, bu il öz məhsulunu yaxşı sata bilən və qazanc əldə edən kəndli sevincək olub həvəsdənəcək, gələn il 2 qat, 3 qat məhsul əkəcək. Xalqımız xarici GMO zir-zibilin əvəzinə öz ölkəmizin təbii yerli məhsulunu alacaq.
Bunun üçün kəndlərdə əkin-biçinə, heyvandarlığa maneələr tam aradan qaldırılmalıdır. Suyun paylanmasında yerli məmurlar kəndlilərə qəsdən yaratdıqları maneələrə görə həbs olunmalıdırlar.
Televiziyalarda kəndlilərin lağa qoyulması, şəhər həyatının təbliği  dayandırılmalıdır. 
Bundan başqa, özünüməşğulluq proqramının miqyası xeyli genişləndirilməli, aqrar təsərrüfat yaratmaq istəyənlərə ilk növbədə yardım edilməlidir. Aqrolizinq bu təsərrüfatları normal qiymətlərlə lazımi texnikalarla təmin etməlidir.
Bu tədbirlər hökumətə ölkədə məhsul bolluğu və ucuzluq yaratmağa, sosial vəziyyəti yaxşılaşdırmağa, həmçinin idxaldan asılılığı minimuma endirərək ölkədən valyuta çıxışını azaltmasına imkan verəcək. 
Manata təzyiq azalacaq, devalvasiya təhlükəsi aradan qalxacaq, inflyasiya tempi xeyli düşəcək. Daxili bazar təmin edildikdən sonra artıq qalan məhsulun ixrac rüsumundan dövlətə gəlir gələcək. 
Kənd təsərrüfatı məhsullarının bolluğu dolayı yolla sənayeni də inkişaf etdirəcək. Belə ki, sonrakı mərhələdə bol məhsulun bir hissəsinin emalı üçün aqrar sənaye müəssisələri yaranacaq. Dövlət bu sənaye müəsissələrinin ödəyəcəyi vergi və sair rüsumlardan xeyli gəlir əldə edəcək.
Regionlarda məşulluq probleminin kəskinliyi əhəmiyyətli ölçüdə azalacaq. Bölgələrin inkişafı həddən artıq yüklənmiş Bakı və Abşeronun yükünü azaldacaq, demoqrafik disbalansı aradan qaldıracaq. Regionlardan Bakıya davam edən axın geriyə istiqamət götürəcək. Bu isə ölkəmizin davamlı və tarazlı inkişafına səbəb olacaq.
Paralel.az Elçin Bayramlı
0.070303916931152