Bildiyimiz və bilmədiyimiz 20 yanvar faciəsi
Bir qədər əvvəl bu mövzuda çıxış edəcəyimə söz vermişdim, amma təəssüf ki, texniki imkanlar məhdud olduğundan demək istədiklərimi diqqətinizə yazı şəklində çatdırmaq istəyirəm.
Beləliklə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilmiş hərbi cinayət təkcə xalqımıza qarşı qətliam deyildi, həm də daxili siyasi, geosiyasi, hərbi-strateji və s. bir neçə məqsədə xidmət edən geniş miqyaslı əməliyyat idi. Həmin əməliyyata təkcə ordu deyil, sovet imperiyasının bütün alətləri və resursları cəlb olunmuşdu. Özü də hələ xeyli əvvəldən.
20 yanvar cinayəti də, ona hazırlıq da bu tarixdən xeyli əvvəl başlamışdı. Ümumiyyətlə, Qorbaçov dövrünün əsas cəhətlərindən biri post Stalin dövründən başlayan DTK (KGB) - Sov.İKP çəkişməsinin kulminasiya mərhələsi olması idi. SSRİ-nin müxtəlif respublikalarında baş verən etnik-ərazi münaqişələri də təbii səbəblərlə yanaşı, həm də bu, kəskin mübarizənin təzahürləri idi.
Qorbaçov komandasının yürütdüyü islahatlar siyasətini onilliklər boyu hakimiyyəti ələ keçirməyə çalışan KGB elitası özü üçün şans hesab edirdi. Təxminən 20 illik mübarizədən sonra 1982-ci ildə öz adamını (Y. Andropovu) hakimiyyətə gətirə bilmiş KGB onu fiziki olaraq qoruya bilməmişdi və nəhayət Qorbaçov dövrünün yeniliklərini özü üçün Olimpə yeni yürüş imkan hesab edirdi.
Odur ki, KGB millətlərarası münasibətləri ziddiyyətlərlə dolu olan ölkənin müxtəlif bölgələrində etnik-ərazi münaqişələri üçün mövcud zəmindən istifadə edərək konfliktlər yaradır, buna görə bütün məsuliyyəti isə ölkənin kommunist rəhbərliyinin üzərinə atırdı. Bunun üçün də ilk növbədə potensial konflikt ərazilərində onları (konfliktləri) idarə etmək üçün baza yaradılırdı.
Bu məqsədlə partiya orqanlarına təsir edərək həmin respublikalara zəif partiya rəhbəri və güclü (etibarlı) KGB sədrləri təyin olunurdu. Məsələn, Azərbaycana partiya rəhbəri öncə Heydər Əliyevdən sonra Kamran Bağırov, onun ardınca isə Əbdürrəhman Vəzirov təyin olundu. Münaqişənin pik nöqtəsində isə Az.KGB-nin sədri vəzifəsinə bu gün Moskvada yaşayan Vaqif Hüseynov gətirildi.
Diqqətlə baxsaq, oxşar sxemlərin Gürcüstanda, Ermənistanda, Moldovada və bir çox digər sovet respublikalarında da tətbiq olunduğunu görərik. Beləliklə də, KGB-nin alovlandırdığı münaqişələrin elə onun özü tərəfindən də idarə olunmasına imkanlar açılırdı. Stalinin dediyi kimi, hər şeyi kadrlar həll edirdi. Konkret halda KGB kadrları.
Məlumatlı insanlar yaxşı bilirlər ki, Dağlıq Qarabağda erməni separatizminin başladığı zamandan Azərbaycana Moskvadan ən çox səfər edən dövlət nümayəndəsi bu qurumun (KGB-nin) sədrinin birinci müavini, bir çox ciddi ekspertlərin fikrincə isə onun real rəhbəri olan, general-polkovnik Filipp Bobkov idi.
F. Bobkov milli münaqişələrin həlli üzrə əsas şəxs sayılsa da, Qorbaçovun silahdaşı, Mərkəzi Komitə katibi Aleksandr Yakovlev onun daha çox münaqişələri yaratdığını bildirmişdi. Bununla isə razılaşmamaq olmur. Yeri gəlmişkən, sovet qoşunları Bakıya soxulan anda da Bobkov Bakıda Az.KGB-nin binasında idi və ondan bir qədər əvvəl də Vaqif Hüseynovla birlikdə televiziyanın enerji blokunun partladılmasına rəhbərlik etmişdi.
Bu da ona görə vacib idi ki, insanlar hərbi müdaxilədən məlumatsız olsunlar, dağıntı və insan itkiləri çox olsun, çünki qoşun yeridilməsini tövsiyyə etmiş KGB cinayətkarları bunu Sov.İKP rəhbərliyi qarşısında itkilərin çoxluğu ilə əsaslandırmalı idilər. Öldürülənlər isə orduya müqavimət göstərən yaraqlılar kimi təqdim olunmalı idi. Sovet informasi vasitələri məhz belə də edirdilər. İlk günlər...
20 yanvar cinayətinin ardınca isə DTK rəhbəri olmadan əvvəl Bakı şəhər partiya komitəsinin birinci katibi olmuş KGB kadrı Vaqif Hüseynov yenidən partiya işinə qaytarılmalı və Az.KP MK-nın birinci katibi edilməli idi. Amma görünməyən əl bunun qarşısını aldı. Həmin görünməyən əl isə bütün bu proseslərdə öz doğma orqanı ilə birlikdə olan Heydər Əliyevin əli idi.
Ümumiyyətlə, Bobkov KGB-nin hakimiyyəti götürmək projesində 3 əsas şəsxdən biri idi. Digərləri strateq Yevgeni Primakov və Azərbaycan KP MK-nin ikinci katibi olan, Cənubi Qafqaz üzrə qeyri-rəsmi canişin sayılan, general Viktor Polyaniçko idi. Əliyev-Polyaniçko münasibətləri haqda məlumat olmasa da, onun Bobkovla sıx münasibətləri olması hər kəsə məlum faktdır.
Amma həmin üçlükdən biri ilə - Primakovla Heydər Əliyevin özəl sıx münasibətləri vardı. Sovet KGB-sinin 70-ci illərdə Türkiyəyə qarşı keçirdiyi əməliyyatlardakı işbirliyindən başqa, ixtisasca şərqşünas olan Primakov həm də Heydər Əliyevin qızı Sevil Əliyevanın dissertasiya müdafiəsində onun elmi rəhbəri olmuşdu.
20 yanvar ərəfəsində istər hərəkata yeridilən, istərsə də Elmlər Akademisyasında mənzillənən Əliyev klanının üzvləri və KGB agentləri olan bir qrup akademik müntəzəm olaraq Moskvada yaşayan rəhbərlə telefon əlaqəsində idi. Bunu isə rahat şəkildə ancaq KGB-yə güvənməklə və ya onun xeyir-duası ilə etmək mümkün idi.
Xüsusilə də akademiklər Ramiz Rizayevin və Fərəməz Maqsudovun ömürləri boyu əməkdaşlıq etdikləri orqandan çəkinmək üçün isə heç əsasları yox idi.
Qeyd: Ramiz Rizayevi indiki Ali Məhkəmə sədri Ramiz Rzayevlə ilə qarışdırmayın, xahiş edirəm!
Rizayevi hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Moskvaya Azərbaycanın səfiri göndərəcəkdi ki, bu da Rusiya ilə qarşılıqlı etimad olan münasibətlərə işarə edən əlamətlərdən biri sayılırdı. Başqa sözlə, "baxın, yanınıza öz adamınızı göndərirəm" mesajı.
20 yanvar faciəsinin digər aspektləri haqda növbəti yazılarımda.
Ərəstun Oruclu
Paralel.az