Tərtər qətliamının "istintaqı" ətrafında baş verənlər

Tərtər qətliamının
 

Öncə, hər dəfə "siz istintaqın ədalətli olacağına necə inanırdınız?" sualı verildiyindən dəfələrlə dediyim fikri yenə təkrarlayıram: mən "istintaqın" ədalətli və obyektiv olacağına inanmıram, heç zaman inanmamışam və inana da bilmərəm. Amma bir məsələ var ki, Tərtər cinayətinin təkrar araşdırılmasına verilən hüquqi deyil, siyasi qərardır.

Bu isə o deməkdir ki, kim(lər)sə mütləq tutulacaq və mühakimə olunacaq(lar), özü də uzun müddətə. Həm də həmin mühakimə olunanlar yüksək görəvli və rütbəlilər olacaqlar. Elə bu səbəbdən də hal-hazırda Tərtər qətliamının ətrafında çox çirkin sifarişli və "ödənişli" olaylar törədilməkdədir. Amma bunların ömrü bütün eyni tipli əməllər kimi cəmi 40 gündür.

Əvvəlcə baş verənlər və onların səbəbləri haqda. Yəqin ki, təkrar istintaqın (hər təfə təkrarçılığa yol verməmək üçün bu sözü "___" arasında oxumanızı xahiş edirəm) təyin olunması ərəfəsində cinayətkar Xanlar Vəliyevin açıqlaması yadınızdadır. Onun önəmli bir hissəsini bir daha xatırladım:

“Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib. Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik.

Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi”.

Yəni, Xanlar Vəliyev dedi ki, cinayət Hərbi və Baş Prokurorluğun müdaxiləsinə qədər törədilib və hətta bir nəfər də ölüb. Biz isə bilirik ki, belə deyil, amma hələlik fikrimizdən yayınmayaq. Xanlar Vəliyev törədilmiş cinayətin ən azı korpus komandiri olmuş Hikmət Həsənovun, uzaqbaşı isə həmçinin MN-nin digər rəsmilərinin üzərində qapadılacağının anonsunu verdi.

Məsələn, işgəncələrə cəlb olunmuş SAT (dəniz pişikləri) komandiri olmuş Cəfər Seyidovun, MN Daxili Təhlükəsizlik İdarəsinin rəisi olmuş, qatil Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərovun, nazirliyin Kəşfiyyat Baş İdarəsinin rəisi Hilal Nəcəfovun və digər daha 15-20 nisbətən xırda fiqurların və bu gün baxdıqda nəticə mənə də belə görünür təəssüf ki.

Xanlar Vəliyevlə Zakir Həsənova gəlincə onlar vəzifələrini itirəcəklər, keçmiş baş prokuror Zakir Qaralovla onun birinci müavini olmuş Rüstəm Usubov isə topladıqları qanlı sərvətlərinin böyük bir hissəsini. Nəcməddin Sadıkova yüksək ehtimalla heç nə olmayacaq. Bu, mənim təxmin etdiyim mümkün nəticələrdir, amma təbii ki, mütləq həqiqətə iddialı deyiləm.

Elə bu gün Tərtər qətliamı ətrafında baş verən, daha doğrusu törədilən sifarişli çirkin oyunlar da bunu deməyə əsas verir. Əsasən sosial mediada aktivlik edən ələ alınmış bəzi Tərtər qurbanları və onlara dəstək verən "rəy yönəticiləri" Hikmət Həsənovun və başı üzərində "Domokl Qılıncı" asılmış digər hərbçilərin sifarişlərini yerinə yetirirlər.

Özü də çox qeyri-peşəkar və aşağı səviyyədə. Başqa cür də ola bilməzdi. MN-dəki cinayətkarlar indi özlərini qorumaq üçün muzdlularının vasitəsilə Baş Prokurorluğun keçmiş və Hərbi Prokurorluğun isə indiki (həm də elə o vaxtkı) rəhbərliyini hədəfə almaqla azı üç məqsədi güdürlər:

1. Prokurorluqdakı cinayət şəriklərini şantaj edərək tutulacaqları halda onlara qarşı da ifadə verəcəkləri mesajını çatdırmaq;
2. Cinayətin əsas sifarişçisinin elə prokurorluq orqanının olmasını ictimai rəyə yeritmək;
3. Tərtər qətliamının ictimailəşməsində rolu olanları, həm də cinayət qurbanlarını parçalayaraq və intriqalara çəkərək prosesin özünü gözdən salmaq.

Bu istiqamətdə intensiv iş aparılır, amma irəliyə gedərək onu da deməliyəm ki, bununla cinayətkarlar özlərinin də parçalandıqlarını və bir-birini batırmağa hazır olduqlarını göstərirlər. Tərtər qurbanları düşərgəsində baş verən isə parçalanma deyil, xırda qəlpələrin qopmasıdır ki, onun da effekti sifarişçilərin xəyal qırıqlığına uqraması ilə bitəcək.

Bu arada bildirim ki, ağıllı mübarizə aparan gücünü parçalamamalı, əksinə tam toparlayaraq əsas hədəfə yönəltməlidir. Amma problem bundadır ki, Hikmət Həsənovun məsləhətçiləri və vasitəçiləri də hikməthəsənovkimilər fəsiləsindən olanlardır. Yerliçilik zəminində ona xidmət göstərən "siyasətçi", onunla keçmiş əlaqələri vasitəsilə bağlı olan "bloggerlər" və s.

Qısası, MN-də cəmləşmiş cinayətkarlar özünə umac ovmaq qabiliyyətində olmayanların əlilə əriştə kəsməkdədirlər ki, bunun da yekun məhsulu ən yaxşı halda yal ola bilər. Ona görə ən yaxşı halda ki, çünki pis halda bu, "balanda", ola bilər və olacaq da. Balanda isə bildiyimiz kimi həbsxanada verilən "şorbadır".

Bunu isə şübhəsiz ki, prokurorluq edəcək, çünki hüquq-mühafizə orqanlarda gizlənən Tərtər qatilləri də onların adlarının daha intensiv hallanmasında maraqlı deyillər və bunun qarşısını almağın da ən təsirli yolu MN-dəki cinayət şərikləri tərəfindən aparılan kampaniyanı dayandırmaqdır. Başqa sözlə, həmin kampaniyanın əsas sponsoru olan Hikmət Həsənovu "içəriyə" atmaq.

Bunun üçün isə əsas və artıq həm də səbəb yetərincədir. Elə onda da Tərtər qətliamı ətrafında qızışdırılan "qalmaqallar" da bircə günün, bəlkə də saatın içində kəsiləcək. Həm də ona görə ki, tutulan təkcə cinayətkar-hərbçilər deyil, onların qulbeçələri də olacaq. Odur ki, narahatlığa heç bir əsas yoxdur.

Qaldı Tərtər qətliamının açılmasının perspektivinə, bir daha əminliklə deyirəm: Tərtər cinayət ya açılacaq, ya da açılacaq! Başqa yolu yoxdur, ola da bilməz! Odur ki, yola davam.

Ərəstun Oruclu

Paralel.az

0.017866849899292