20 Yanvar və Çin..
Qəribə səslənir, elə deyilmi?!
20 Yanvar - milli-azadlıq mübarizəmizin xoşbəxtlikdən şanlı və təəssüf ki, həm də qanlı səhifələrindən biridir. 20-ci yüzildə ikinci müstəqil respublikamıza doğru inancın və inamın ilk addımı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Müstəqil Azərbaycanın, Məmməd Araz metaforası ilə desək, ilk Vətən Daşları 20 yanvar şəhidləridir. Boynumuza Azərbaycan boyda borc qoyublar.
"Çin nə əlaqə?!" deyəcəksiniz. Haqlı da sualdır. Bu qədərini deyə bilərəm: o ərəfələrdə Çinlə İran arasında regiona, hətta müəyyən mənada Dünyaya ciddi təsir edən böyük, tarixi bir anlaşma əldə olunmuşdu. Sovet İttifaqı bundan narahat və narazı idi. Azərbaycanda gedən proseslər Çin dəstəkli İranın Qafqazda güclənməsi fonunda Moskvanı daha da narahat edirdi; Azərbaycan əldən çıxar, İrana və ya Türkiyəyə yönələr deyə. Xalq Cəbhəsi o dövrdə hökumət deyildi hələ, amma faktik hakimiyyət idi. Marşal Yazov da ona görə bu təşkilatın strukturlarını dağıtmağa gəlmişdi. Qorbaçovun vermək zorunda qaldığı qanlı əmri ilə.
Xalq Cəbhəsinin İdarə Heyətində və başqa strukturlarında İrana bağlı şəxslər, qruplar da vardı. SSRİ-dən çıxıb İrana birləşmək və ya İran modelində şəriət dövləti qurmaq ideyası da hərəkatın içində zəif də olsa, vardı. Eyni zamanda müstəqil olduqdan sonra Türkiyə ilə konfederasiya istəyənlər də yox deyildi. Ancaq müstəqil dövlətçilər tam əksəriyyətdi. Avropa, Türkiyə modelində, ancaq müstəqil.
20 Yanvar həm də o baxımdan önəmli tarixdir ki, Hərəkat içində "xaric" səsləri batırdı.
Bəli, bu gün Türkiyə ilə yaxınlığımız, birliyimiz var və çox önəmlidir. Ancaq bunun üçün əvvəlcə müstəqil dövlət kimi baş tutmağımız lazım idi. Həmçinin də Türkiyənin bugünkü Türkiyə halına gəlməsi...
Çin 2021-ci ilin martında İranla yeni anlaşmaya vardı. İrana 400 milyardlıq Çin sərmayəsi gəlir. Bu, regiona və Dünyaya yeni reallıqlar vəd edir. Rusiya yenə narahatdır. Ancaq SSRİ kimi öz geopolitikasının cənub cinahında qətiyyətli aqressivlik göstərəcəkmi?! Məncə, bu, görünmür.
Çünki əvvəla, nə Rusiya SSRİ-dir, nə Çin əvvəlki Çindir - çox güclənib və dünya ikincisi iqtisadiyyatdır. İkincisi, Rusiya Qərbin aramsız və bəzi hallarda amansız basqısı altındadır; belə bir durumda Çin və elə İranın özü də Rusiyanın ABŞ və NATO-ya qarşı təbii müttəfiqləridir. Vaşinqtonun patronajlığı altında ABŞ-Böyük Britaniya-Avstraliya hərbi-siyasi ittifaqına qarşı Rusiya Çin və İranla birgə hərbi dəniz təlimlərinə getdi. Yəni Rusiya Çin-İran anlaşmasına müqavimət göstərsə belə, mane olacaq halda deyil. Həm Ukrayna məsələsi var. Ukrayna Çinin və eləcə də, İranın önəmli ticarət tərəfdaşlarındandır. Üstəlik İran prezidenti Rəisi də Moskvaya Çinlə razılaşmaya dair zəruri izahat və təminat aparmışdı. Onun Kremldə nümayişkaranə namaz qılması təsadüf sayılmaz; Kremlin "siyasi qiblə" olaraq qaldığına işarədir, vəddir.
"Bundan bizə nə?!" desəniz... Var, çox dəxli var.
1989. İranla sərhədlərin dağıdılması, Azərbaycanda fövqəladə vəziyyət, Moskvanın erməni millətçiliyini əl-qolumuza dolamağı... Bölgədə böyük kəşfiyyatların savaşı... Bunlar geniş söhbətlərin mövzusudur. Bu haqda nə zamansa yazmağı düşünürəm. Gücümüz və ömrümüz yetsə.
Ancaq yeni Çin-İran razılaşması bizim üçün ekstra sınaqlardır. Bunu da indidən demiş olum. Ola bilsin, rəngləri tündləşdirirəm. Ancaq...
Düşünmək və işləmək lazım olacaq. Həm də çox! Diplomatiyamıza çox yük düşəcək... 32 il qabaqkı deyilik. Doğru! Ancaq 32 il qabaqkına bənzər geosiyasi gəlişmələr də var. Gözardı etməyək.
Bahəddin Həzi, bizimyol.info