Qiymətlər ensin!
Məqamı ən yüksək olan insanlığın şərəfinə!
Ölkədəki mövcud qiymət artımı əhalinin sosial-iqtisadi həyat tərzinə birbaşa təsir edib. Özü də mənfi mənada.
Mövcud qiymət artımından öncəki müddət ərzində əksər əhali qrupunun çətin sosial-iqtisadi şərtlər altında yaşadığı bəlli məsələ olsa da, hazırkı bahalıq vəziyyəti onları daha ağır duruma salıb.
Bugünündən sabahına güc-bəla ilə çıxan insanlar ötən hər günün-ayın hansısa ömürdən ömür, həyatdan həyat olduğunu hesab etmirlər. Təəssüf ki, bu, çox acıdır. Mövcud reallıq kimi...
Ərzaqlıq buğdanın qiymətinin bahalaşmasıyla hansı sahələrdə artım olduğundan bəhs etmirik. Çünki bahalanma olmayan hansısa sahənin adını çəkmək daha asandır. Hər çətinlikdən daha da bərkiyərək, mətin şəkildə çıxmaqdan danışmağın da yeri yoxdur bu məqamda. Ən azından, çörəklə imtahana çəkilənlərin olan-qalan səbrini, dözümünü tükətmək, ən son halda, sinirini əlindən almaq istəməzdik.
“Həyat davam edir” misalının hər kəlməbaşı təkrar olunduğu günümüzdə isə o, doğrudan da davam edir. Amma necə? Hamıya məlum gedişatla - “o, atlı, biz piyada” misalında...
Rəsmi məlumata diqqət edək. Deməli, ərzaqlıq buğdanın bütün dünyada kəskin şəkildə bahalaşmasının ölkəmizə təsirinin azaldılması məqsədilə hökumətin müəyyən tədbirlər gördüyü bildirilir. Xəbərə görə, baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib ki, dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb. Sitat: “Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib. Görülmüş kompleks tədbirlərə baxmayaraq, buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb”...
İnsanların həyat səviyyəsinin, sosial-iqtisadi və s. həyat tərzinin necə, nə zaman, hansı həddə artırılmasının özü də ritorikadan çıxan suallar sırasındadır.
Sual ünvanlamaq peşəmiz olsa da, bu məqamda onu yönəldəcəyimiz ünvan axtarışındayıq...
Elə cavabsız suallar içində qalan insanlar da bu gün mövcud vəziyyətdən çıxış yolu axtarışındadır.
Bu arada, paytaxtın orta məktəblərinin birində bir neçə sinfin şagirdi və müəllimi məktəb bufetinə qarşı necə deyərlər, üsyan ediblər. Onların tələbləri də bu olub ki, qiymətlər aşağı düşsün, təklif olunan ərzaq məhsullarının çəkisi artırılsın. Onlar öz tələblərinin rəsmi şəkildə araşdırılmasını və qəbul edilməsini də istəyirlər.
Bufetdəki qiymət artımına gəlincə, valideynlər əvvəl 80 qəpiyə olan hamburgeri indi 1 man.20 qəpiyə, 1 manata olan kiçik ölçülü pizzanı 1.50-yə, peraşkini 60 qəpiyə almaqda çətinlik çəkirlər. Deyirlər ki, axı onların həyatı tək məktəb bufetində satılanların qiymətlərindən ibarət deyil ki...
Beləliklə, çox danışıb hamıya bəlli olan məsələlərlə onsuz da həyatından bezən insanların əsəbini daha da tarıma çəkmək istəmirik.
Sözü ucuzlaşdırmaq istəməzdik, eyni zamanda.
Qiymətlərin ucuzlaşmasını istəyənlərdən, əksər əhali qrupunun sözünü çatdıranlardan, insan faktorunun ən əsas, ali olması təbliğatını aparanlardan olsaq da.
Nigar Orucova
Paralel.az