Qara Yanvar-müstəqilliyimizin simvolu

Qara Yanvar-müstəqilliyimizin simvolu
 
Qara Yanvar-müstəqilliyimizin simvolu
 
             Qatil gülləsinə qurban gedirkən,
              Gözünü sabaha dikdi Şəhidlər.
               Üçrəngli bayrağı öz qanlarıyla,
               Vətən göylərinə çəkdi Şəhidlər.
                       ( B. Vahabzadə)
 
Dünya dövlətləri və xalqlarının hər birinin tarixində elə hadisələr olur ki, üstündən yüz illər keçsə də unudulmur, həm millətin qəlbində, həm də onun yazılı mənbələrində əbədi yer tutur. 32 il əvvəl yaşamış olduğumuz Qanlı Yanvar məhz belə hadisələrdən biridir. İllər ötür, nəsillər dəyişir, amma xalqımıza qarşı SSRİ adlı qırmızı imperiyanın törətdiyi bu vəhşilik Xocalı hadisəsi kimi heç vaxt yaddan çıxmır, xatırlanır. Ermənistanın ölkəmizə qarşı torpaq iddiası və imperiya rəhbərlərinin ikiüzlü siyasəti, dolayısıyla erməni separatizmini dəstəkləməsi və o dövür respulikaya rəhbərlik edənlərin bivec siyasəti xalqımızın səbr kasasını daşdırdı və millət bu durumdan çıxmağın yolunu müstəqillik uğurunda mübarizədə gördü. Artan xəttlə gedən ümumxalq mübarizəsindən qorxuya düşən imperiya cəlladları isə xalqımızın azadlıq mübarizəsin boğmaq üçün Bakıya muzdulardan ibarət, əksəriyyəti Stavropol və Krasnodardan olan erməni mənşəli hərbi cəza dəstəsi göndərdi. İnformasiya blokadasında olan Azərbaycanda yaşanan faciəni dünyaya duyuracaq elə bir imkanı olmadığı bir vaxtda o zaman Moskvada təcrid vəziyyətində yaşayan dahi liderimiz Heydər Əliyev siyasi səhnəyə çıxdı. Beləki həyatına real təhlükə olmasına rəğmən Ulu Öndər Moskvadakı səfirliyimizə gələrək bu vandal aktını ittiham edən bəyanatla çıxış etdi, səsimizi dünyaya duyurdu. Mərhum liderimiz Azərbaycanda hakimiyyətə gəldikdən sonra isə parlamentdə 20 Yanvara hüquqi və siyasi qiymət verən qərarlar qəbul olundu. Görkəmli siyasi xadim Heydər Əliyev hadisəyə mənəvi qiymət verərək demişdir: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq da, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
Aradan illər keçməsinə baxmayaraq, hər şey göz önündən sanki kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında işıq saçan güllələr, tankların və zirehli maşınların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları... 
  O gecə...
1990-cı ilin 20 yanvarı, saat 00:00. Sovet ordusunun təpədən-dırnağadək silahlanmış birləşmələri beş istiqamətdən Bakıya soxuldular. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar “barrikadaları” dağıdıb keçir, əsgərlər dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdilər. Hətta köməyə gələn təcili tibb yardım maşınları, evlər gülləyə tutulurdu.
Həmin gecə ən böyük qırğın indiki “20 Yanvar” dairəsi ərazisində törədildi. Ümumiyyətlə, cəza əməliyyatının ilk saatlarında yüzlərlə dinc sakin öldürüldü və yaralandı.
 
 Səhər küçələrə axışan Bakı sakinləri “20 Yanvar” dairəsində və ona yaxın yerlərdə dəhşətli mənzərəylə qarşılaşdılar. Tankların əzib keçdiyi avtobuslar, yük və minik avtomobilləri, yollardakı qan gölməçələri gecənin ağır faciəsindən xəbər verirdi. Şəhərin mərkəzi küçə və meydanları tanklarla, avtomatlı saqqalı hərbçilərlə dövrəyə alınmışdı... O müdhiş günləri xatırlayarkən faciənin qanlı statistikası bir daha yada düşür:
Öldürülənlər – 147 nəfər;
Yaralananlar – 744 nəfər;
Qanunsuz həbs olunanlar – 841 nəfər.
Yaralananlar arasında 25 qadın və 20 uşaq vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.
 
20 Yanvar faciəsi miqyasına, xarakterinə və mahiyyətinə görə keçmiş SSRİ rəhbərliyinin ikinci Dünya müharibəsindən sonra ölkə daxilində törətdiyi misli görünməmiş bir cinayət idi. Bu hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin hadisə ərəfəsində gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.
Sonradan 20 Yanvar hadisələrini araşdıran “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşlər, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.
Bəzi  məlumatlara görə, Azərbaycan paytaxtına yeridilmiş qoşun kontingenti müxtəlif təyinatlı, sayca 65 minlik canlı qüvvə olub.
 
Yuxarıda da qeyd etdiyimiz kimi böyükü-kiçikli hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır imtahana çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi. Xalq öz şəhidlərini son mənzilə çiyinlər üstündə apardı, görünməmiş izdihamla yola saldı. Ona tuşlanmış top-tüfəngə məhəl qoymadı, bir addımlığındakı təhlükədən qorxub çəkinmədi. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici mənzərə idi.
 
Milyonların əmələ gətirdiyi insan seli o vaxta qədər istirahət yeri olan Dağüstü parkda yeni salınmış məzarlığa yaxınlaşır. Xalq öz şəhidlərini son mənzilə gələcəyə böyük inam və ümidlə yola salır.  Bir də diqqəti qərənfillər cəlb edir-şəhid qanı kimi qırmızı qərənfillər. O gün və sonradan da hər il yanvarın 20-də şəhid məzarları qərənfil yağışına qərq olur. Bu da xalqın tapıntısıdır və rəmzi mənası var: qərənfil qan rəngindədir.
 
 Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxmamalıdır”.
Yurduna, millətinə bağlı ümummilli lider Heydər Əliyev zamanında 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, qərarlar qəbul etmişdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən qurulub.
Şəhidlər xiyabanı Azərbaycan xalqının 32 il əvvəl yaşadığı böyük faciədən xəbər verir. Özündə ümummilli kədərlə yanaşı, rəşadət və fədakarlıq nişanələrini də yaşadır. Bu ünvan xalqın öz qəhrəman oğul və qızlarına böyük hörmət və ehtiramının ifadəsidir, Vətən tarixinin qanla yazılmış önəmli səhifəsi, əyani dərs vəsaitidir.
Hər il yanvarın 20-də Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhid məzarları önündən yüz minlərlə insan keçir, şəhidlərə vəfa borcunu ödəmək üçün bu müqəddəs məkana üz tutur. 
 
Şəhidlərin uğrunda can verdikləri Azərbaycan, qanlı hadisələrin cərəyan etdiyi Bakı ötən illər ərzində büsbütün dəyişib. Xalqımız öz azadlıq arzusuna qovuşub, Azərbaycanın üçrəngli bayrağı bu gün dünya ölkələrinin bayraqları sırasında dalğalanır. Baxıb qürur duyur, müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik.
Onda - 1990-cı ilin yanvarında bu bayraq da, müstəqillik də bir xəyal, bir arzu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.
 
Şəhid qanının ən dəqiq qiymətini də ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Artıq ikinci ildir ki, biz 20 Yanvarı fərqli hiss və duyğularla yad edirik. Beləki erməni işğalı sürdüyü müddətdə şəhidlərin görüşünə ikiqat acılarla gedirdiksə artıq Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağ düşməndən azad edilib, 20 Yanvar və Vətən Müharibəsi şəhidlərinin uğurunda can fəda etdikləri qüdrətli, torpağına və sərhəddinə sahiblik edən Azərbaycan yaranıb.
20 Yanvar şəhidlərinin anım günü respulikanın hər yerində olduğu kimi hər il Beyləqan rayonunda da  yad edilir. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri rayonda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edir, kompleksin önünə gül-çiçək dəstələri qoyur. 
20 Yanvarda və torpaqlarımızın azadlığı uğurunda şəhid olan qardaş-bacılarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm!
Yazımı adını unutduğum şairin 20 Yanvara həsr etdiyi bir bəndlik şeirlə yekunlaşdırıram:
         Şəhidəm, sönmərəm bil,
          Torpağa dönmərəm, bil,
           Ürəklərdə yaşaram,
           Canlıyam, ölmərəm bil.
 
Malik Mahmudov
Beyləqan rayon Qeydiyyat İdarəsinin rəisi
Paralel.az
 
0.05658483505249