“Zorakılığa məruz qalan uşaqların həm fiziki, həm də psixoloji problemləri meydana çıxır” - Könül Nurullayeva
Uşaqlara qarşı kobud rəftar və zorakılıq halları həm hüquqi, həm də mənəvi baxımdan birmənalı şəkildə yolverilməzdir. Xüsusilə ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində qeydə alınan faktlar həqiqətən hər birimizi narahat edir.
Hesab edirəm ki, bu neqativ hallara hüquqi qiymət verilməlidir. Çünki belə hallarla bağlı qanunvericilikdə konkret məsuliyyət nəzərdə tutulur. Aidiyyatı qurumlar uşaqların saxlandığı müəssisələrdəki vəziyyəti diqqətdə saxlamalı, onların hüquqlarının təmin olunması istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülməlidir. Həmin müəssisələrdə uşaqlarla işləyən şəxslər düzgün davranmalı, azyaşlıların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını müdafiə etməlidirlər. Burada həm də ictimai qınaq olmalıdır. Bu cür insanlar öz məsuliyyətlərini dərk etməlidirlər.
Hətta deyərdim ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər intensiv qaydada tibbi-psixoloji müayinədən keçməlidirlər. Çünki insanlar övladlarını bu şəxslərə etibar edir. Zorakılığa məruz qalan uşaqların həm fiziki, həm də psixoloji problemləri meydana çıxır. Nəticədə övladını təhsil müəssisəsinə göndərən valideyn peşmançılıq hissi yaşamamalıdır.
Hər birimiz sağlam cəmiyyətin inkişafında bu və ya digər formada iştirak etməliyik, bu prosesə töhfə verməliyik. Azyaşlıların formalaşması ailədən sonra məktəbəqədər təhsil müəssisəsindən başlayır. Bu o deməkdir ki, bu müəssisələrdə çalışan insanların məsuliyyəti daha çoxdur. Bizdə uşaq hüquqlarının qorunması ilə bağlı hüquqi baza kifayət qədər təkmildir. Sadəcə, yerlərdə insanlar öz məsuliyyətini dərk etməlidir.