Prezident İlham Əliyevin Ukrayna səfərinin mesajları

Prezident İlham Əliyevin Ukrayna səfərinin mesajları
 

Siracəddin Hacı

Prezident İlham Əliyevin Ukrayna səfəri çox önəmli hadisədir, Azərbaycanın mənafeyinə uyğundur, dəstəklənməlidir, müdafiə edir, cəsarət, ümid veririk. Yada salıram ki, 2021-ci ildə Ukrayna ilə bağlı Kiyevdə beynəlxalq tədbir keçirildi, Azərbaycan bu məclisdə səfir dərəcəsində belə iştirak etmədi, daxildə və xaricdə haqlı tənqid olundu, bu gün isə Prezident özü Ukraynaya getmək qərarı verdi. 

Səfərin dəyərini müəyyən edən iki önəmli məsələ var: 

a) bu mərhələnin siyasi havasını Qazaxıstan hadisələri müəyyən edir. Qazaxıstanı işğal edən, xalqın etirazlarını təxribat və hərbi güclə öz siyasi qazancına çevirən, ona bağlı rejimi qoruyan Rusiyanın dişi qana batdı. O, indi Qazaxıstan faciəsinin nəticələrindən daha geniş biçimdə istifadə etməyə çalışır. Rusiya təsir məkanı (ağa olduğu məkan) saydığı ölkələrin müstəqilliyini, suveren haqlarını daha çox məhdudlaşdırmaq qərarı verib. O, özəlliklə Ukrayna məsələsində NATO-ya qarşı cəbhə formalaşdırmağa çalışır. İstəyir ki, Azərbaycan da birmənalı olaraq onun sırasında yer tutsun. Rusiya Qazaxıstanda gücünü göstərəndən sonra Azərbaycana deyir ki, şərtlərimi qəbul et. Rusiyanın şərtlərini sıralayaq: 1) Avrasiya İttifaqına daxil ol; 2) Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv ol; 3) Türkiyə ilə hərbi əməkdaşlığı azalt, son ver; 

Rusiya bu şərtlərini qəbul etdirmək üçün Azərbaycana açıq və gizli təzyiq göstərir. Qazaxıstan hadisələrindən dərhal sonra Azərbaycan – Ermənistan sərhədində atəşkəs pozuldu – Rusiya Azərbaycanı bu yolla hədələdi (Qazaxıstan hadisələrində Rusiyaya canla-başla yardım göstərən Ermənistan da Rusiyadan bu xidmətinin qarşılığını almağa çalışır, çalışacaq). 

Azərbaycan hakimiyyəti Rusiyanın bu şərtlərini qəbul edərmi? Etməz, belə ki, Rusiyanın şərtləri sadəcə Azərbaycanın deyil, İlham Əliyevin də mənafeyinə ziddir. Rusiyanın şərtlərini qəbul etmək Azərbaycanın idarəçiliyini Putinə verməkdir. Deyirəm ki, Azərbaycanın mənafeyi ilə hakimiyyətin mənafeyi bu məsələdə üst-üstə düşmüşdür. İlham Əliyev Putinlə razılaşmayacaq, müqavimət göstərəcək. Bunun dəlillərini sayaq: 1) Prezident müsahibəsində işğalçı rus ordusunun Qarabağda MÜVƏQQƏTİ olduğunu söylədi – bunu özəlliklə önə çıxartdı; 2) bu ordunun Qarabağdakı fəaliyyətindən narazılığını 2 faktla açıqladı: a) xarici ölkələrin vətəndaşlarının Qarabağa gəlməsinə mane olmur; b) ermənilərin Qarabağı tərk etməsini çətinləşdirir; 3) Prezident Laçın koridoruna nəzarət edə biləcəyini açıqladı – ermənilərin Qarabağı tərk etməsi və Laçın koridoruna nəzarət Rusiyanın ən çox qorxduğu iki məsələdir. Belə ki, bu iki məsələ Prezidentin dediyi kimi həll olunsa, Qarabağda erməni də, rus ordusu da qalmaz, problem həll olunar; 4) Prezidentin Rusiyaya müqavimətinin açıq göstəricilərindən biri də Ukrayna səfəridir. Azərbaycanın bu səfərə ehtiyacı var, belə ki, Rusiyanın təzyiqi altındadır, müttəfiqə möhtacdır. Ukrayna da bu gün Rusiyanın ən həssas nöqtəsidir. Azərbaycan Prezidenti bu səfərlə Putinə deyir ki, məni çox sıxışdırsan, sənə qarşı olanlarla iş birliyimi gücləndirəcəyəm. Azərbaycan Prezidenti müttəfiq arayışı üçün başqa bir ölkəyə də gedə bilərdi, ancaq hədəfli biçimdə məhz Ukraynanı – Rusiyanın ən həssas nöqtəsini seçdi. Bunun iki səbəbi var: 1) Azərbaycanla Rusiya arasındakı ziddiyyət bizim düşündüyümüzdən də dərindir; 2) Azərbaycan Rusiyanın ən həssas nöqtəsindən ona deyir ki, sənin şərtlərini qəbul etmək imkansızdır; 

b) Prezidentin Ukraynaya səfərinin önəmini müəyyən edən ikinci yön ABŞ və NATO-nun Rusiya ilə Ukrayna məsələsi ilə bağlı danışıqlarının Rusiyanın xeyrinə həll olunmamasıdır. Rusiya ABŞ və NATO-ya dünyanı yenidən bölməyi təklif etdi, rədd cavabı aldı. Ona dedilər ki, NATO-nun qapısı açıqdır, Ukraynanın, Gürcüstanın NATO-ya qəbul olunmasının qərarını bu ölkələr və NATO üzvləri verir. Rusiyanın başqa dövlətlər adına qərar vermək haqqı yoxdur. İndi Rusiyanın iki yolu var: a) ya NATO-nun şərtlərini qəbul edəcək; b) ya da Ukraynanı işğal etməyə cəhd göstərəcək – hələlik ara mərhələ davam edir, yəni nə Ukrayna NATO-ya daxil olur, nə də Rusiya Ukraynanı işğal edir;

Azərbaycan Prezidentinin məhz bu məqamda Ukraynaya səfəri Rusiyaya qarşı addımdır, Ukraynanı, onu müdafiə edənləri dəstəkləməkdir. Prezident Rusiya-Azərbaycan münasibətlərinin gərginlik dərəcəsindən asılı olaraq Krımın adını çəkə də bilər, çəkməyə də, ancaq Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcək, etməlidir. 

Prezident İlham Əliyev Putinin oyununu pozdu. Oyun quranın məqsədi qarşı tərəfin onun şərtlərini qəbul etməsidir. Oyunu pozmağın yolu da oyun quranın dediklərini tərsinə etməkdir. Prezident İlham Əliyev Putinin qurduğu oyundan kənara çıxdı. 

Rusiya buna cavab olaraq Azərbaycana təzyiqi artıracaqmı? Artıracaq. Azərbaycanın Rusiyaya qarşı müqavimət gücünün iki qaynağı var: a) ədalətə, azadlığa bağlı milli birlik; b) etibarlı müttəfiqlər – Ukrayna Azərbaycanın təbii, strateji, önəmli müttəfiqidir, Türkiyə və Pakistanla bir sırada yer tutur;          

Paralel.az

0.015597820281982