İlham İsmayılov:
“Rusiyanın SSRİ-2 layihəsi gerçəkləşməyən bir xülyadır”
Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı qüvvələrinin missiyası tamam olur. Bir neçə gün əvvəl də Qazaxstan prezidenti bildirmişdi ki, sülhməramlı qüvvələr yaxın zamanda ölkəni tərk edəcək. Lakin bir çox ekspertlər Rusiyanın Qazaxstandan çıxacağına əmin olmadığını bildirir, hadisələrin belə tezliklə bitəcəyinə şübhə ilə yanaşırlar.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, Rusiya əslində KTMT-dən bir vasitə kimi istifadə edir, heç vaxt praktik olmayan bu hərbi bloku canlandırmaqla, dərinləşən Rusiya-NATO gərginliyinə region dövlətlərini də alət etməyə cəhd edir: “Rusiya post-sovet ölkələrinin böyük əksəriyyətində milli zəmində bilərəkdən münaqişə ocaqları yaradıb, dövlət siyasəti hər zaman seperatizmin inkişafı üçün münbit şərait yaradıb. Rusiyanın Qazaxıstana həmləsini Ukrayna və Gürcüstana olan işğalçılıq siyasətinin davamı kimi də görə bilərik. Sadəcə bu məsələdə Rusiya bir az fərqli davrandı. Özünü işğalçı kimi yox, qurtarıcı kimi təqdim etməyə çalışdı, lakin hesab edirəm ki, Rusiyanın məqsəd və məramı hamı üçün çox aydın və netdir. Rusiya siyasətinin ana xəttini həmişə işğalçılıq siyasəti tutur. Ola bilsin ki, çox yaxın zamanda sülhməramlılar Qazaxstanı tərk etdi, lakin bu bir president olaraq qalacaq və Rusiyanın bu addımı hər an işğala döndərə biləcəyi mesajını da verməkdədir”.
İ.İsmayılov Rusiyanın keçmiş sovetlər birliyini yenidən inşa etmək planına da münasibət bildirərək, qeyd edib ki, bu fikirləri tirajlamaq daha çox Rusiyanın maraqlarına uyğundur: “Rus strateqləri belə fikirləri tez-tez gündəmə gətirməklə xalqların şüuraltında bu fikirləri çiçəkləndirmək, onları bu təslimiyyətə məcbur etmək istəyir. Keçmiş post-sovet ölkələrində rus dilinin, mədəniyyətinin, ədəbiyyatının təbliği də məhz buna hesablanıb. Son günlər yenidən SSRİ-2 layihəsinin ortaya atıldığını, hətta tarixdən paralellər gətirilərək, bu məsələyə hüquqi don geyindirmək istəyənlər də çoxdur. Lakin bilməliyik ki, artıq müstəqil dövlətlərin hər birində öz ölkəsinin müstəqilliyinə sahib çıxacaq yeni təfəkkürlü bir nəsil yetişib. Bu müstəqil dövlətlərə qarşı Rusiyanın atacağı hər hansı addım isə işğaldan başqa bir şey olmayacaq. Qazaxıstan son illərdə Nursultan Nazarbayevin rəyhbərliyi ilə ən çox milli kimliyinə dönən, milli varlığını qoruyan bir ölkəyə çevrilmişdir. İnsanların bir çoxu işin mahiyyətini bilməyərək Nazarbayevin əleyhinə şüarlar səsləndirməklə nəyə xidmət etdiklərini indi anlamağa başlamışlar. Uzun illər Rusiyanın reallaşdırmaq istədiyi "SSRİ-2" layıhəsi Nazarbayev Qazaxstanında mümkün olmadığı üçün bu yolla onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq lazım idi. Artıq insanlar bunu tam mənası ilə anlamışlar. Rusiya da yaxşı anlayır ki, bu ölkədə uzunmüddətli qalması anti-rus havası gətirəcək, mənfi imici formalaşacaq. Rusiyanın ikinci dəfə sovetlər birliyini yaratmaq istəməsi isə fikir ola bilər, yalnız gerçəkləşməyən bir xülya olacaqdı”.
ATXƏM-in sədri Türk Dövlətləri Təşkilatınınn Qazaxıstan hadisələri ilə bağlı mövqeyinə və təşkilatın görə biləcəyi işlərə də münasibət bildirib: “Hamımız bilirik ki, Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş verən hadisələrdə çevik reaksiya verə bilmədi. Doğrudur, Xarici İşlər Nazirləri bu hadisələrlə bağlı vahid mövqe sərgilədilər, gərəkən dəstəyi verəcəklərini qeyd etdilər. lakin biz bu təşkilatın fəaliyyətini daha real addımların atılmasında görmək isdəyirik. Hadisələrin arxasından münasibət bildirmək yox, lazım gəldiyində hadisələrin önündə olub, o hadisələri qabaqlamaq lazımdır. Hər halda bu hadisələr göstərdi ki, Türk Dövlətləri Təşkilatının daha çevik idaretmə sistemləri formalaşmalıdır. Eyni zamanda bu təşkilat daxilində fövqəladə vəziyyətlərə hazırlıqlı olan güc strukturlarından ibarət bir birlik də formalaşdırılmalıdır”. Baş verən hadisələrin tələm-tələsik həyata keçirilməsi isə əslində bu təşkilatın günbəgün artan nüfuzunun və formalaşan strukturlarından əmələ gələn bir narahatçılıq kimi də qeyd etmək olar. Və düşünürəm ki, bu hadisələr Türk dövlətləri təşkilatının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
İ.İsmayılov sosial şəbəkələrdə Qazaxıstandakı hadisələrin ölkəmizə transferinə çalışan bəzi qüvvələrin olmasına da münasibət bildirib. O, qeyd edib ki, dünyada hansı hadisələr olmasından asılı olmayaraq, bu hadisələrin ölkəmizdə paralelini aparanlar hər zaman mövcud olub: “Hesab etmirəm ki, Qazaxıstandakı hadisələr qeyd etdiyimiz səbəblərin nəticəsində baş vermişdi. Biz ölkəmizdə sabitliyi, əmin-amanlığı xalq olaraq hər zaman qorumuşuq. Hətta 44 günlük Vətən müharibəsi dövründə belə bir yumruq kimi birləşib, ölkəmizin bütövlüyünün təmin olunmasına çalışdıq. Bu gün bütün dünyada pandemiyanın da gətirdiyi sosaial problemlər mövcuddur. Lakin bu problemlərin keçici olduğunu da hər birimiz görməkdəyik. Biz Azərbaycan cəmiyyəti olaraq gözəl anlayırıq ki, iğtişaşlar, təxribatlar heç vaxt problemin həlli olmayıb, əksinə ölkəni daha da geri salıb. Biz torpaqlarımızı otuz illik işğaldan qurtarmışıq. Hazırda orada abadlıq-quruculuq işləri həyata keçirilir və xalqımız bir nəfər kimi bu işlərə öz töhfəsini vermək istəyir. Hesab edirəm ki, ölkəmizin apardığı bu günkü siyasət həm də regionun rifahı, gələcəyi üçündür”.
Onu da qeyd etmək istəyirəm ki, zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xəttin, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi xalq iqtidar birliyinin əsil nümunəsinə çevrilmiş dəmir yumruq zaman zaman öz töhfəsini verməkdədir.