KTMT çomağının iki başı...
Putin Tokayevi xilas etmək üçün Qazaxıstana gerçəkdən ləşkər yolladı: Rusiya Hava-Desant Qoşunları (HDQ) taktiki birliyinin “spesnazı” - 45-ci əlahiddə xüsusi təyinatlı briqada, həmin birliyin 98-ci Qvardiya hava-desant diviziyası və əlahiddə 31-ci Qvardiya desant-hücum briqadasının bölmələri və s. Hava-Desant Qoşunları RF Silahlı Qüvvələrində (SQ) müstəqil və elitar qoşun növüdür - düşmənə göydə və yerdə qəfil hücum edir, onun arxasında hərbi-diversiya işləri və başqa strateji tapşırıqları yerinə yetirir. Həmçinin Aktau limanına rus dəniz piyadaları çıxarıldı.
Və KTMT “sülhməramlıları”na rəhbərlik Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Andrey Serdyukova tapşırıldı.
Rus generalitetinin yüksələn ulduzlarından olan Serdyukov iki il əvvəl Rusiya SQ-nin Suriyadakı qruplaşmasının başında idi. Donbas konfliktinə verdiyi “töhvə”yə görə adı Kiyevin qara siyahısının başında durur. O boyda generala 2-3 minlik “sülhməramlı” qoşuna komandanlıq heç yaraşmadı, hərgah Putin Serdyukovu qazax çöllərinə başqa missiya ilə göndərməyibsə. İndi də Tokayev deyir ki, 10 günə komandan da, qoşunu da Qazaxıstandan çəkiləcək. Ruslar girdikləri yerdən bu dəfə çıxa da bilərlər, çıxmaya da bilərlər. Putin “их там нет” dedi, vəssalam-şüttamam, çıxmasalar da, onun boynuna qoya bilməzsən. Kremlin sahibi əmindir ki, rus əsgəri fantomdur, əgər dedisə ki, “onlar orda yoxdur”, kimsə onları görə bilməz...
Hər nə isə, Putin Tokayevi gerçəkdən xilas etdi. Lukaşenko dərhal KTMT-nin reklamına başladı ki, bu təşkilata üzvlük liderləri eksseslərdən, sürprizlərdən, istənilən siyasi-sosial-psixi-təbii fəlakətlərdən sığortalayır. Batka Özbəkistan rəhbərinə də mesaj göndərdi ki, başının salamat olmasını istəyirsə, gəlib onlara qoşulsun. Maraqlıdır, Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) 30 il əvvəl məhz Daşkənddə imzalanıb və bir müddət “Daşkənd paktı” adlanıb. Amma bir-iki dəfə KTMT-yə girib-çıxmaqla Putinin hərbi paktını karvansaraya döndərən, özünün də imperiya ənənələri olan Özbəkistan asanlıqla geri qayıdana oxşamır. Üstəlik, KTMT-nin “təhlükəsizlik qarantiyası” da şübhəlidir....
Düzdür, Tokayevin timsalında Putin KTMT doktrinasına uyğun “xilasedicisi” funksiyasını sərgilədi. Amma Nazarbayevin aqibətində Kremlin sahibi “qəbirqazan” kimi səhnəyə çıxdı.
Beləliklə, Putin üçün KTMT universial alətdir: istər xilas edər, istər qəbir qazar. Hansını edəcəyi isə baxır Kreml sahibinin kefinə və “kolleqa”nın özünü necə aparmasına...
Qəzənfər Həmidoğlu
Paralel.az