Dözümlü eşşəyin nağılı

Dözümlü eşşəyin nağılı
 

 

 

(“Qısa Hekayələr” silsiləsindən)

Deyirlər xəsis molla günlərin bir günü bahalı, cins eşşək alır. Qonum-qonşu, mollanı tanıyanlar mat qalır. Deyirlər ya, bu molla bizim deyil, ya da bu eşşək mollanın deyil...

Məsələ ondadır ki, camaat səhv etmir, eşşək doğrudan da, bahalı olur. Deməli, eşşəyin sahibi bazarda heyvanı tərifləyir, deyir bu, çox dözümlü, cins eşşəkdir. Bütün günü dayanmadan işləyir, gündə bir dəfə yeyir. Bu təriflər, xüsusilə axırıncı mollaya ləzzət edir. Xəsis molla bazarda 2 saat çək-çevirdən sonra qiyməti salır, eşşəyi 2 dəfə ucuz alır.

Bir həftə keçir, işlər yaxşı gedir, molla eşşəkdən razılıq edir. Heyvan bütün günü molla nə qədər istəsə işləyir, nə qədər versə, yeyir. Bütün bunlar, xüsusilə axırıncı mollaya ləzzət edir. İkinci həftədən etibarən eşşəyə 2 gündən bir yemək verir. Eşşək dayanmadan işləyir. Üçüncü həftədən molla eşşəyə 3 gündən bir , 4-cü həftədən 4 gündən bir yemək verir. 

İki ay keçir, eşşək az yeyir, çox işləyir. Bütün bunlar, xüsusilə birinci mollaya ləzzət edir. Üçüncü ayda molla original bir eksperiment etmək, eşşəyə yemək vermədən işlətmək istəyir. Bu fikirlə səhər-səhər ləzzətlə tövləyə gəlir, eşşəyi yükləyib dəyirmana getmək istəyir. Görür baaa, eşşək cins olsa da, qanmaz olub, onu başa düşməyib, axşamdan dünyasını dəyişib... İndi şişib, iy verir... 

Molla hirslənir, eşşəyin sahibinin ünvanına deyinir: Eşşək oğlu eşşək, bəs cins heyvandır, dözümlü heyvandır deyirdin, bir eşşək üçün eşşək ağırlığında pul istəyirdin... Gör, sənin başına nə oyun açacağam, sənin itini-pişiyini ağaca dırmaşdıracağam...

 

Qalib Arif

Paralel.az

0.016348123550415