Bizi nə gözləyir? 

Bizi nə gözləyir? 
 

 

 

Son günlər xəbərlərdə oxusam da, baha çörəyi nəhayət ki, bu gün aldım.

30% bahalanma var. Ən azı son 10 ildə çörəyin çəkisilə oynasalar da, qiymətin sonuncu dəfə nə zaman dəyişdiyini artıq xatırlamıram.

Bu müddətdə iqtisadiyyatda qiymət miqyası ən azı 2 dəfədən çox böyüyüb. Məsələn, rəsmi təsdiqlənən yaşayış minimumu 2010-cu ildən bəri 2.5 dəfə artıb. İnflyasiya ilə manipulyasiya ehtimallarına inandığım üçün real qiymət miqyasının daha çox böyüdüyünə əminəm.

Bu fikirlə tez-tez rastlaşıram ki, bizim insanlar çox çörək yeyən olduğu üşün çörəyin qiymətinə həssasdır. Bu nəticəyə baxıb qiymət verməkdir. Səbəb isə odur ki, əksinə bizdə kasıblıq daima problem olduğu üçün biz çörəyə qarşı həssasıq. Çünki çörək daha çox yoxsulların qida rasionunda üstünlük təşkil edir.

Kalorili, çeşidli qidalar yemək imkanına sahib ev təsərrüfatlarında istehlak strukturu fərqlidir. 

Bundan sonra yəqin ki, taxıl ucuclaşsa da, mağazaların piştaxtalarında əvvəlki qiymətə çörək görməyəcəyik. Əvvəla ona görə ki, iqtisadiyyat rəqabətli deyil. Digər vacib səbəb odur ki, uzun bir dövr ərzində çörək sənayesində un istisna digər xərclər (işçi qüvvəsi, elektrik, çatdırma, cari təmir və bərpa, zəruri avadanlıqların alınması və onlara cari qulluq və s) də xeyli artsa da, bu seqmentdə qiymətlər dəyişməmişdi. Bu dəfə isə taxılın qiyməti əslində qiymət artımı üçün də bir fürsət oldu.

Yeri gəlmişkən qida inflyasiyasiyası ilə bağlı vacib bir məqamı deyim.

Hökumət noyabrın sonu üçün 15%-lik qida inflyasiyası qeydə alıb (əvvəlki ilin noyabrına nəzərən). Səhv etmirəmsə, bu, ən azı son 5 ilin ən yüksək göstəricisidir. Amma işin daha pis tərəfi odur ki, 2022-ci ildə qida inflyasiyasının daha yüksək olmaq ehtimalı var. 

Bu ehtimalı gücləndirən bir neçə amil var. 

İlk növbədə idxaldan yüksək asılılığımız var və global inflyasiyanın 2022-ci ildə də problem olacağı görünür.

İkincisi, rəsmi statistikaya görə, 2021-ci ilin noyabrında Azərbaycanda qida istehsalçılarının qiymət indeksi istehlakçı qida qiymət indeksindən daha yüksək olub (18%-ə yaxın). Adətən istehsalçı qiymət indeksinin İQİ-nə yansıması zaman aparır. Çünki pərakəndə satış anbarlarında ehtiyatlar hesabına 2-3 ay ərzində köhnə qiymətlərlə satışlara davam etmək olur. İstehsalçılardan yeni qiymətlə məhsul aldıqca, piştaxtalarda da durum dəyişir.

Ona görə də biz daha yüksək qida istehsalçılarının qiymət indeksinin təsirlərini bu aylarda hiss edəcəyik.

Üçüncü vacib məqam - inflyasiya səbətində yüksək payı olan çörək və un məmulatlarının çox yüksək qiymət artımlarının inflyasiyaya yansıması bu il baş verəcək.

Rövşən Ağayev

Paralel.az

0.018754005432129