Qiymətlər artdı
Xalqın rifahı çdaha da «yüksəldi»
Azərbaycanda qiymətlərin artımı heç də hansısa qanunlarla bağlı deyil, hər gün market, bazar və digər ticarət obyektlərində müşahidə olunan adi hallardan biridir.
Amma maraqlısı odur ki, qiymət artımı haqqında qərarlar, nədənsə gecələr verilir. Yəni insanlar səhər yuxudan ayılanda görürlər ki, hansısı mallarda və xidmətlərdə qiymət artımı baş verib. Bu da yəqin ki, Tarif (Qiymət) Şurasının işinin "çoxluğundan" irəli gəlir.
Başqa bir maraqlı məqam isə odur ki, qiymətlər anidən, gecə saatlarında qaldırılsa da, pensiya, maaş və müavinatların artırılması barədə ilk əvvəl şaiyələr yayılır, ekspertlər müxtəlif rəylər verir, məmurlar və deputatlar hökumətin belə bir addımının insanlara qarşı böyük humanistlik olduğunu millətə sırıyır, artım isə aylar keçsə də gözə dəymir. İşbazlar (əslində, həm qiymət artımının, həm də pensiya, müavinat və maaş artımının müəllifləri olan məmur-oliqarxlar) isə maaş artım söhbəti dilə gələn gündən öz sahələrində qiymətləri qaldırmağa başlayırlar. Bununla da söhbət bitir, insanların isə gözləri yolda qalır.
Bir müddət sonra həmin şaiyələr məmurlar və deputatlar tərəfindən yenidən gündəmə gətirilir, guya onlar xalqın qeydinə qalırlar. Yazıq əhali də, gözləyir ki, görəsən artım nə qədər olacaq? Daha bir müddət keçəndən sonra gözlənilən gün gəlir və aydın olur ki, artım heç qiymət artımının onda biri qədər də deyil. Çünki yarım ilə qədər davam edən şayiələr səbəbindən baş verən qiymət artımı, maaş və pensiya artımını artıq üstələyib.
İndi də eyni vəziyyətdir. Hələ oktyabr, noyabr aylarından maaş və pensiyaların artacağı barədə insanlara yalan yedizdirən, şaiyələr yayan deputat və məmurlar isə dekabr ayında nədənsə susmağa üstünlük verdilər. İnsanlar isə hələ də pensiya və maaşlarının artdığını hiss etmir, görmürlər. Yaddan çıxarmayın ki, yalan danışmağın da, bir həddi olmalıdır.
Nəhayət, ilin son günlərində belə bir xəbər yayıldı ki, pensiya və maaşlar vətəndaşların bu gün aldıqları real maaş və pensiyalara görə deyil, minimum maaş və pensiyalar görə hesablanacaq. Yəni pensiyaçı ayda 400 manat alırsa, artım 400 manata deyil, onun minimum hissəsi olan 200 manatın 20 faizini təşkil edəcək. Yəni pensiyaçıların pensiyaları ən yaxşı halda cəmi 20 faiz artacaq, müavinatlar və maaşlar da həmçinin. Bununla belə, hələ də məlum deyil ki, bu artım nə vaxt reallaşacaq.
Ümumilikdə isə yenə də qazanan imkanları aşağı olan vətəndaşlar deyil, məmur və deputatlar olacaq. Çünki onların minimum pensiya və maaşları 1000 manatdan yuxarı olduğundan, vətəndaşların aldığı 30-40 manat qarşılığında onların aldığı ən azından 200-300 manat olacaq. Sonra da başlayacaqlar hökumətin xalqa atalıq qayğısında moizələr oxumağa.
Bunu dəfələrlə qeyd etmişəm və bir daha diqqətinizə çatdırıram ki, məmur diktaturasının hakim olduğu məmləkətlərdə insanların rifahı deyildikdə, ilk əvvəl məmurların və onların yaxın ətrafının rifahı nəzərdə tutulur. Bu baxımdan Azərbaycanda heç bir problem yoxdur. Hazırda Azərbaycanda 10 milyon insan yaşayırsa, onların 300 -400 mini ən yüksək səviyyədə yaşamaq imkanlarına malikdir. Qalan əhalinin hansı vəziyyətdə olduğu isə heç kimə maraqlı deyil. Ən maraqlısı isə odur ki, insanlar susur...
Dövlətin və xalqın sərvətlərini talayaraq özləri üçün ən yüksək yaşam səviyyəsini təmin edən məmurlar çetesi isə vaxtaşırı maaş, pensiya və müavinat artımı nağılları ilə insanların başları altına yastıq qoyaraq qış yuxusuna verirlər. Amma yadlarından çıxarırlar ki, bir gün yasdıq cırılıb, insanın başı daşa dəyəndə qiyamət qopacaq.
Son günlər ölkə əhalisi arasında müşahidə olunan gərginlik də, onu deməyə əsas verir ki, əhalinin kasıb təbəqəsinin cibi pul görmədikcə, təknəsi unsuz-əppəksiz qaldıqca, qəzəb və nifrət də artır. Bəzilərinin milyonlar üstündə oturub, kasıbı 5-10 manatla aldada biləcəyi düşüncəsi, bu qəzəb və kini daha da kükrədəcək. Məhz buna görə də, hökumət hər atdığı addımını dərindən düşünməlidir, hesab etməməlidir ki, insanları sona qədər aldada biləcək.
Yanvar ayında pensitya, maaş və müavinat alan insanlar, artıq aldadıldıqlarını anlayacaqlar. O günün gözləntilərini səngitmək üçün hələ zaman var.
Yaddan çıxarmayın ki, xalqın bütün yeraltı, yerüstü sərvətlərini talayaraq onu dilənçi gününə salmaq, heç kimə keçərli olmayıb və olmayacaq. Bunu insanlar öz acizliklərindən bəlkə də bağışlayarlar. amma Böyük Yaradanın qəzəbi də, mərhəməti kimi hədsiz-hüdudsuz olur.
Allahu-təalə zalımlara xitabən buyurub ki, gücsüzlərə, zəiflərə zülm etməyin, onların sizlərə gücləri çatmadıqda məndən kömək istəyərlər, mən də kömək edərəm.
Düşünün cənablar, düşünün! Hər bir əməlin bir bədəli olur və olacaq, in şə Aallah!
Yusif Seyid